İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Qarabağ erməniləri ilə bağlı mübhəm açıqlama - reaksiya

Moskva Qaluzinin, Zaxarovanın dili ilə Bakıya nəyin anonsunu verir, hədəf nədir?

“Moskva və Bakı arasında Rusiya sülhməramlılarının Qarabağda qalması və ora erməni əhalisinin qaytarılması məsələsi ilə bağlı yeni müzakirələr planlaşdırılır”. TASS xəbər verir ki, bu barədə fevralın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bizim bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qaytarılması, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi yer alır”, - diplomat əlavə edib.

Xatırladaq ki, az öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Qarabağın keçmiş erməni əhalisi ilə bağlı oxşar fikir söyləmişdi. Yəni rəsmi Moskva son zamanlar “erməni mövzusunu” tez-tez gündəmə gətirməyə başlayıb.   

O da maraqlıdır ki, M.Zaxarovanın yuxarıdakı açıqlamanı verdiyi gün Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi səfiri İqor Xovayev Bakıda olub. Onu Azərbaycanın xarici işlər naziri əvəzi Ceyhun Bayramov qəbul edib. 

Bəs Moskva Qaluzinin, Zaxarovanın dili ilə Bakıya nəyin anonsunu verir? Rusiyanın hədəfi, istəyi nədir? 

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ötən ilin sentyabrında ermənilər könüllü olaraq Qarabağı tərk etdikdən dərhal sonra Azərbaycan hakimiyyəti Azərbaycan pasportunu qəbul edən ermənilərin geri qayıtması və təhlükəsiz yaşamaları üçün hər cür şərait yaratmağa hazır olduğu barədə bəyanat verdi: “Bundan öncə isə dəfələrlə çağırış edilmişdi ki, ermənilər köçməsinlər, Azərbaycan vətəndaşlığını qəbul edib qalıb yaşasınlar. Lakin ermənilər bu çağırışları dinləmədilər. İndi isə son günlər Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri bizim söylədiyimiz fikirləri təkrar edirlər və onlar da bu işə öz töhfələrini verməyə hazır olduqlarını deyirlər. Ancaq çox güman Rusiya rəsmiləri anlayırlar ki, ermənilərin geri qayıtmaq ehtimalı çox aşağıdır. Hətta qayıtmaq istəyənlər olsa da onların sayı ən yaxşı halda 2-3 mini keçməyəcək. Üstəlik, nəzərə almaq lazımdır ki, Qarabağı tərk edib Ermənistana gedən ermənilərin xeyli hissəsi artıq Ermənistanı da tərk edib və daha səfalı guşələr axtarışına çıxıblar. O baxımdan mən Rusiya xarici işlər naziri müavininin və mətbuat katibinin bəyanatlarını ciddi qəbul etməyin əleyhinəyəm. Ermənilərin geri qayıtmaq ehtimalı demək olar ki, yoxdur. Əgər belə bir istək ifadə olunsa, təbiidir ki, onlar ciddi şəkildə araşdırılandan sonra bəzilərinin qayıtmasına icazə veriləcək. Qarabağda əksəriyyət təşkil eləyən, özlərini həddən artıq həyasız aparan, silahlanmış erməni əhalisi bir daha Azərbaycan ərazisində olmayacaqlar.  

Sülməramlılar məsələsinə gəldikdə isə 10 noyabr bəyanatında aydın şəkildə göstərilib ki, 2025-ci ildə Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk eləməlidirlər. Əgər bu gün müzakirələr keçirilirsə və ya keçiriləcəksə, söhbət sülhməramlıların vaxtından əvvəl getmələri barədə ola bilər. Qarabağda erməni əhali yoxdur, hətta bir neçə min erməni geri qayıtsa belə, onların təhlükəsizliyini təmin edəcək Azərbaycanın hüquq-mühafizə orqanları, hakimiyyət orqanları var. Bu baxımdan Rusiya sülhməramlılarının növbəti beş il Azərbaycanda qalması məsələsi hesab edirəm ki, müzakirə olunmayacaq. 

Bizi müəyyən qədər narahat eləyən məqam ondan ibarətdir ki, ermənilərin geri qayıtmasını daha çox istəyən Qərb dövlətləri var. Onlar da təhlükəsizliyin təminatı məsələsindən danışırlar, Qarabağda hansısa missiyanın yerləşdirilməsi təkliflərini verirlər. Təbiidir ki, bu məqamlar bizi daha çox düşündürməli və narahat etməlidir. Heç bir missiyanın, heç bir sülhməramlı qüvvənin Qarabağa gəlməsinə bundan sonra ehtiyac yoxdur".  

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Rusiya müxtəlif vasitələr axtarır ki, regionda hərbi kontingentini saxlasın: “Azərbaycan Qarabağ məsələsini kökündən həll edəndən sonra əslində Rusiya sülhməramlılarının ərazimizdə qalmasına ehtiyac qalmayıb. Rusiya da bunu bilir. Sadəcə, çalışır hansısa yollarla həmin hərbi qüvvələri regionda saxlasın. Bunun üçün isə Azərbaycanla danışıqlar aparırlar. Amma Azərbaycanın da mövqeyi artıq XİN səviyyəsində bildirildi ki, 2025-ci ildə vaxt bitir və bundan sonra bu məsələyə qayıtmağa ehtiyac yoxdur. Amma belə görünür ki, Rusiya danışıqlarda təkid edir. Maraqlıdır ki, Azərbaycan tərəfi Rusiya rəsmilərinin dedikləri danışıqları təsdiq eləmir. Rusiya XİN rəsmilərinin ermənilərin geriyə qaytarılmasına çalışdıqları barədə dedikləri isə diplomatik çərçivədən kənar açıqlamalardır. Çünki bu məsələnin Rusiyaya dəxli yoxdur. Azərbaycan ərazisində Azərbaycan vətəndaşı olan şəxslərin və mədəni, dini abidələrin təhlükəsizliyini Rusiya niyə qorumalıdır?! Bunun üçün Azərbaycan dövlətinin müvafiq strukturları mövcuddur. Rusiya öz səlahiyyətlərini aşmağa başlayıb bu məsələdə. Azərbaycanın daxili işlərinə heç kəs qarışa bilməz. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 14 fevralda andiçmə mərasimində də qəti şəkildə bəyan etdi. Bunu Rusiya da nəzərə almalıdır”.

A.Nağı həmçinin hesab edir ki, Rusiya rəsmiləri həm də o cür bəyanatlar verməklə ermənilər arasında Rusiyaya münasibəti müsbətə dəyişməyə çalışırlar. Erməni cəmiyyətinin Qərbə meyllənməsi Rusiyanı vəziyyəti dəyişmək üçün nələrsə etməyə sövq edir: “Amma nə demələrindən asılı olmayaraq Rusiya sülhməramlı qüvvələri 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcəklər. Azərbaycan hər hansı bir başqa ad altında onların qalmasına razılığını verməyəcək. Həmin hərbi kontingent regionu tərk eləməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR