Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının keçmiş müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ötən gün İrana səfər edib. O, Tehranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparıb, Prezident Məsud Pezeşkian tərəfindən qəbul edilib. Bu gün isə S.Şoyqu Azərbaycana gəlib, Prezident İlham Əliyev tərəfindən qəbul edilib.
Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından birinin Yaxın Şərqdə yaranan böhran və müharibə təhlükəsi fonunda təcili İrana, ardınca Azərbaycana səfər etməsi, burada danışıqlar aparması nədən xəbər verir? S.Şoyqu Kreml rəhbərinin hansı sözünü, yaxud tələbini Tehran və Bakıya çatdırıb?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi S.Şoyqunun İrana səfəri Tehranla Təl-Əviv arasında olan gərginliklə bağlıdır.
Onun sözlərinə görə, hələ ötən il oktyabrın 7-si HƏMAS hücumundan başlayan bu qarşıdurmada Rusiya birmənalı şəkildə İranın və onun “proksi”lərinin tərəfində olub: “Artıq dünya mediasında da kifayət qədər ciddi, etimad doğuran media platformalarında belə xəbər yayılıb ki, Tehranda Sergey Şoyqu ilə Məsud Pezeşkian və Məhəmməd Baqiri arasında gedən danışıqların əsas predmeti Rusyadan İrana müxtəlif silahların, o cümlədən də ilk növbədə hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsi olub. Qeyd olunub ki, Rusiya buna razılıq verib. Mən düşünmürəm ki, bu, yanlış məlumatdır. Ona görə ki, Rusiya İranı qorumaqda maraqlıdır. Kreml üçün İran Rusiyanın cənub cinahı, Yaxın Şərqə təsir edən tərəfdaşı sayılır. Onu da nəzərə alaraq ki, ABŞ və Qərb koalisiyası da İsrailin tərəfindədir. Belə olan halda Rusiya da təbii olaraq İranın tərəfindədir və bacardığı köməyi, dəstəyi bu ölkəyə, yəni öz müttəfiqinə verəcək”.
Politoloq vurğulayıb ki, İranda “S-200”, “S-300” və digər Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri var: “Amma “S-400” yoxdur və əgər Rusiya onları İrana tədarük edəcəksə, deməli eyni zamanda mütəxəssislər də getməlidir. Burada söhbət 1 və ya 2 zenit raket batareyasından getmir. Şübhəsiz ki, İranın ümumi ərazisini maksimal dərəcədə qorumaq üçün bu ölkədə xeyli sayda “S-400” zenit raket batareyalarının yerləşdirilməsi məsələsi gündəmdədir. Belə olan halda bunların daşınması məsələsi var. Həmin daşınmanı çox güman ki, Rusiya Azərbaycan üzərindən həyata keçirməyi düşünür. Şoyqunun məhz İranda anlaşma əldə olunduqdan sonra Bakıya səfərini mən bununla əlaqələndirirəm. Azərbaycan mediasında bəzi şəxslər bilərəkdən, yaxud bilməyərəkdən belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya İsraillə İran arasında vasitəçilik etmək üçün Şoyqu Bakını seçib. Bunlar açığı gülünc iddialardır. Mən düşünmürəm ki, Şoyqunun, ümumiyyətlə Rusiyanın buna ehtiyacı var. Çünki, Rusiyanın münasibətlərdə olan bütün gərginliklərə baxmayaraq İsraillə də kifayət qədər ciddi əlaqələri var. İranla bağlı isə bunu deməyə ehtiyac görmürəm. O əlaqələr hər zaman mövcud olub”.
Ə.Oruclu söyləyib ki, ABŞ-nin, Rusiyanın, İranın, İsrailin Azərbaycanın vasitəçiliyinə ehtiyac yoxdur: “Ona görə ki, müharibənin Yaxın Şərqdə alovlanmasını istəməyən dövlət ABŞ-dir. Çünki İsrailin Baş naziri Binyamin Netanyahunun prezidentliyə ən şanslı namizəd Donald Trampla əl-ələ verib oynadığı çirkin oyunun başlıca hədəfi ABŞ-ni müharibəyə cəlb etmək, bu yolla ABŞ-dəki prezident seçkilərinə ciddi təsir göstərməkdir. Təsadüfü deyil ki, İsrail hökumətinin aqressivliyi məhz demokratların namizədi dəyişərək Kamala Harrisi irəli sürməsindən sonra özünü göstərib. Tramp bundan sonra özünü narahat hiss etməyə başlayıb. İsrailin baş naziri ABŞ Konqresində çıxış edərkən demokratların sərt münasibəti ilə üzləşib və nəhayət başa düşüb ki, onun üçün, həmçinin də Netanyahu tipli liderlər üçün ən əlverişli namizəd Donald Trampdır. Bu baxımdan hesab edirəm ki, Netanyahunun müharibə oyunu Donald Trampın komandası ilə razılaşdırılıb. Məsələyə daha sadə baxmaq lazımdır. İndiki mərhələdə ABŞ müharibəyə cəlb olunursa, yəni İsrail müharibəyə başlayırsa, görünən odur ki, məhz özünü daha aqressiv aparan tərəf rəsmi Təl-Əvivdir. Məhz İsrail atdığı bütün addımlarla tərəfləri müharibəyə təhrik edir. Bu Netanyahunun həm şəxsi maraqlarında irəli gəlir, həm də dostu və qardaşı Donald Trampı hakimiyyətə gətirmək niyyətindən qaynaqlanır”.
Politoloq deyib ki, indiki mərhələdə Yaxın Şərqdə İranın da iştirakı ilə müharibə başlayarsa, ABŞ kənarda qala bilməyəcək: “Çünki İsrail ABŞ-nin strateji müttəfiqidir və onu qoruma öhdəliyi var. Bu halda demokratların müharibə əleyhinə olan sosial bazasının xeyli hissəsi demokratlara səs verməyə bilər. Bu, məğlubiyyət deməkdir. Digər tərəfdən Netanyahu İranla müharibəyə başlayırsa, həmin müharibədə ABŞ İsrailə dəstək verməzsə, bu da yenə demokratların ünvanına ittihamlar, onların öz müttəfiqinə xəyanət etməsi və sair söhbətlərə səbəb olacaq, son nəticədə demokratların əleyhinə işləyəcək. Bu müharibə, Netanyahunun bu təxribatları, hamısı ABŞ-də hakimiyyət dəyişikliyinə nail olmağa yönəlib. Təsadüfi deyil ki, iki gün əvvəl ABŞ Prezidenti Co Bayden Netanyahu ilə telefon söhbətində “Mənə boş-boş şeylər danışma. Mən sənin dediklərini etməyə məcbur deyiləm” kimi sərt ifadə işlədib. Bununla da Donald Trampın oyununu oynayan Netanyahuya ABŞ Administrasiyası tərəfindən anlaşılan şəkildə çatdırılıb ki, “sənin hansı planlarda iştirak etdiyini biz bilirik”. Bu təsvir etdiyim mənzərə İsrail-İran müharibəsini qaçılmaz edir. Hətta İran buna getməsə belə, İsrail buna gedəcəkdir”.
Ə.Oruclunun qənaətincə, qaçılmaz olan İsrail-İran müharibəsi Rusiya üçün də əlverişlidir: “Ona görə Rusiyaya sərf edir ki, bu halda ABŞ-də hakimiyyət dəyişəcək, İranın vasitəsi ilə Kremlin Yaxın Şərqə təsir imkanı bərpa olunacaq, dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsindən xeyli dərəcədə yayınacaq, yeni müttəfiqlər qazanılacaq. Çünki, hadisələrin gedişatı İsrailin dünənə qədər yaxşı əlaqələr qurmaq istədiyi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi ölkələrlə də münasibətlərini korlayacaq. Netanyahu bu barədə açıq bəyanatlar verib. Yaranmış vəziyyətdən bəhrələnmək bu gün Rusiya üçün çox əlverişlidir. Ona görə də Rusiya bu müharibədə maraqlıdır”.
Politoloqun sözlərinə görə, S.Şoyqu Tehrandan sonra Bakıya səfər etməklə göstərdi ki, Rusiya İranla anlaşma əldə edib: “İndi o anlaşmanı yerinə yetirmək üçün bütün bu yüklərin və hərbi kontingentin Azərbaycan üzərindən daşınmasına ehtiyac var. Əsas məsələ budur. Ola bilsin orada ikinci məqam da var. Yəni, Azərbaycan-İsrail münasibətlərinin müzakirəsi, xeyli incə digər mətləblər və sair də var. Ola bilər ki, Azərbaycanın hava məkanının İsrailin müxtəlif sistemləri ilə təchiz olunması, bu səbəbindən İsrailin hava məkanına nəzarət imkanları kimi məsələlər də müzakirə olunub. Hər bir halda mən hesab edirəm ki, Şoyqu regiona logistika məsələlərini müzakirə etməyə gəlmişdi”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ