Onlayn ictimai-siyasi qəzet
“Prezident Putinin Azərbaycana dövlət səfəri qərbdəki bəlli çevrələri təkcə ona görə narazı salmayıb ki, hansı ölkə ilə necə davranacağımızı biz onların diqtəsi ilə deyil, öz milli maraqlarımıza dayanaraq müəyyənləşdiririk. Haymərkəzli - əslində hayalətli - siyasət yeridən o çevrələri ən çox qıcıqlandıran odur ki, bu, Rusiyanın bizim regionda yaranmış, daha doğrusu, yaratdığımız yeni reallıqla, yəni torpaqlarımız üzərində suverenliyimizin tam təmini ilə razılaşdığının və Minsk qrupunu diriltməyin mümkünsüzlüyünün sərgilənməsi idi”.
Musavat.com bildirir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur.
Deputatın fikrincə, heç kimə sirr deyil ki, Azərbaycan müstəqillik qazanandan üzü bəri torpaqlarımız üzərində suverenliyimizin tam təminində ən böyük əngəl məhz Rusiya olub: “Yəqin həmən Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında cənab İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” deyərkən bəzilərinin sifətlərinin necə dəyişdiyini xatırlayanlar var. Bax, o çıxışdan təqribən 11 ay sonra 44 günlük savaşla sifəti dəyişənlər qarışıq hər kəsə göstərildi ki, bəli, Qarabağ doğrudan da, de-fakto da Azərbaycandır. 2022-ci ilin fevralında Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, özəlliklə də oradakı birinci maddə isə əslində həm də Moskvanın 44 günlük savaşın nəticəsi ilə razılaşması, daha dəqiqi razılaşdığının rəsmi sənədlə təsdiqlənməsi idi. Ancaq Qarabağın bir hissəsi hələ bizim tam kontrolumuzda deyildi. O hissənin üzərində də suverenliyimizin təminindən, obrazlı desək, ölkəmiz üçün bədxassəli şiş anlamı daşıyan törəmənin ötən ilki antiterror əməliyyatıyla kəsilib atılmasından on bir ay keçəndən və hərbi kontingenti Qarabağı tam tərk edəndən sonra Rusiya Prezidenti Azərbaycana səfərə, özü də dövlət səfərinə gəldi. Təkrarlayıram, bununla da Kreml ən azından göstərdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə barışdığı kimi, üzərində suverenliyinin təmini də onda qərbdəki bəlli çevrələr qədər qıcıq doğurmur. Bu da bizim üçün haqqında bəhs etdiyimiz xərçəng yarasının kəsilib atılmasının yan təsirlərini azaltmaq baxımından son dərəcə önəmlidir. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vladimir Putinin bu səfəri haqda dediyi fikrin, yəni onun tarixi mahiyyət daşıdığını bildirməsinin gəlişi gözəl söz, yaxud da lütfkarlıq olmadığı ortadadır”.
S.Alıyev prezident Putinin Bakı səfərindən bəhs edərkən daha sonra bildirib ki, səfər dörtərəfli nəqliyyat habı olaraq Azərbaycanın mövqelərinin möhkəmlənməsi və qarşılıqlı faydaya dayanan ikitərəfli əlaqələrin daha da dərinləşməsi baxımından da önəmlidir: “Bu, imzalanan sənədlərdən, verilən açıqlamalardan da bəlli olduğundan üzərində çox dayanmaq istəmirəm. Sadəcə, son olaraq onu da qeyd etməyi lazım bilirəm ki, Rusiya Prezidentinin bu səfəri bəlli çevrələrə bağlı casus və təsir şəbəkəsinin sosial media üzərindən aşılamağa çalışdığı kimi, Azərbaycanın yeritdiyi balanslı siyasətin qətiyyən aradan qalxması yox, əksinə, daha da güclənməsi deməkdir. Preident İlham Əliyev atdığı ölçülü-biçili, bir sıra hallarda isə məhz qabaqlayıcı addımlarla artıq neçənci dəfədir göstərir ki, paradoksal təsir bağışlasa da, hətta subyektliyimizi təhdid edən güclərdən belə, onu möhkəmlətmək üçün faydalanmağı bacarırıq. Belə hallarda bizdə nə deyirlər? Deyirlər ki, bacarana baş qurban”.
Sahib Alıyev sonda belə bir əlavə edib: “Rusiya Prezidentinin getməyə başqa yer olmadığı üçün Azərbaycana gəldiyini kütləyə sırımağa çalışanlar, görünür, informasiya dönəmində yaşadığımızı və iyulun əvvəlində ŞƏT-in Astanada keçirilən sammiti zamanı cənab Ərdoğanın həmin Putini necə təkidlə Türkiyəyə çoxdandır planlaşdırılan səfərini reallaşdırmağa çağırdığının hamının gözü qarşısında baş verdiyini unudublar”.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ