İnsanlara hürriyət, millətlərə istiqlal!

Konkret gömrük güzəştləri hansı məhsullara tətbiq edilməlidir - rəylər

Ekspert: “Gömrük rüsumlarının daha aydın və şəffaf şəkildə təyin olunması mexanizmlərinin yaradılmasına da ehtiyac var”

Azərbaycanda 2025-ci ildən konkret gömrük güzəştləri tətbiq ediləcək. Bu açıqlamanı deputat Azər Əmiraslanov Bakıda keçirilən Gömrük-Biznes Forumunda verib: “Bugünlərdə parlamentdə 2025-ci ilin büdcə zərfi çərçivəsində gömrük siyasətinə, gömrük tariflərinə bir daha yenidən baxılıb. Belə ki, növbəti ildən gömrük sistemi fiskal missiya yerinə yetirməklə bərabər, həm də gömrük güzəştləri hesabına ölkəmizdə sənayeləşmə prosesini, dövlət-özəl tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələri təşviq edəcək, bununla bağlı konkret gömrük güzəştləri tətbiq ediləcək”.

A.Əmiraslanov bildirib ki, elektron bəyan etmə, onlayn gömrük xidmətləri, rəqəmsal nəzarət və monitorinq sistemləri, yəni gömrük nəzarətinin tam rəqəmsallaşdırılması şəffaflığa və hesabatlığa şərait yaradır, elektron hökumətin inkişafına təkan verir: “Azərbaycanın gömrük məntəqələrində müasir nəzarət avadanlıqlarının quraşdırılması ölkəmizin iqtisadi gücünü və innovasiya imkanlarını nümayiş etdirməklə yanaşı, qeyri-qanuni yüklərin aşkarlanmasına, iqtisadi sərhədlərimizin daha etibarlı qorunmasına şərait yaradır”.

Bəs konkret gömrük güzəştləri hansı məhsullara tətbiq edilməlidir? Bunun bahalaşmaya təsiri olarmı? 

ELDENİZ SON.jpeg (283 KB)

Eldəniz Əmirov

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, son vaxtlar Azərbaycanın gömrük sistemində yeni yanaşmaların tətbiqi bir çox sahələrdə müsbət nəticələrin əldə olunmasına imkan yaradıb:

“Bu, həm gömrük sistemi üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, həm də gömrük buraxılış məntəqələrində ARAS kimi müasir innovativ tətbiqlərin həyata keçirilməsi, eləcə də idxal və ixrac əməliyyatları həyata keçirən subyektlərin gömrük bəyannamələrini əvvəlcədən təqdim etmək imkanlarının yaradılması ilə əlaqədardır. Bütün bunlar gömrük sistemində əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyişlərin olduğunu göstərir. Lakin düşünmürəm ki, bu yetərlidir. Hesab edirəm ki, qarşıdakı dönəmdə də bu istiqamətdə görüləcək işlər hələ çoxdur".

O ki qaldı 2025-ci il üzrə olan güzəştlərə, ekspert qeyd edib ki, bir sıra məhsullar üzrə bu güzəştlər olacaq: “Bu, həm işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəaliyyətlə bağlı olan istiqamətlər üzrə güzəştlər, həm də bu yaxınlarda ölkəmizdə avtobusların istehsalı ilə bağlı nəzərdə tutulan güzəştlər olacaq. Məsələn, tibbi vasitələrin ölkəmizə idxalı ilə bağlı güzəştlər və sair, bunlar da 2025-ci il üçün nəzərdə tutulur. Lakin ümumiyyətlə, müəyyən istiqamətlərdə, xüsusən də ölkəmizdə istehsal və emal yönümlü fəaliyyət quracaq və ya genişləndirmək istəyən sahibkarların dəstəklənməsi üçün hesab edirəm ki, güzəştlərin genişləndirilməsinə ehtiyac var.

Verilən gömrük güzəştlərinin isə bahalaşmaya səbəb olması ilə bağlı suala gəldikdə, hesab edirəm ki, hansısa bahalaşmadan söhbət gedə bilməz. Gömrük güzəştləri əksinə, bahalaşmanın qarşısını alan bir addımdır".

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, dövlət xidmətlərinin rəqəmsallaşması insanların əməliyyatları daha rahat şəkildə həyata keçirməsinə xidmət edir və Azərbaycanda da bu rəqəmsallaşmanın gömrükdə tətbiq edilməsi ən azından prosedurların sürətini artırır: “Amma yalnız rəqəmsallaşma ilə gömrükdə olan problemlərin hamısını aradan qaldırmaq, məncə, mümkün deyil. Çünki gömrükdə başqa problemlər də mövcuddur. Məsələn, bizdə üçpilləli gömrük rüsumları sistemi var ki, bu da daha çox insan faktoruna xidmət edir. Misal üçün, 5 faizli, 10 faizli, 15 faizli gömrük rüsumları var, müxtəlif mal və xidmətlər üzrə kodlaşdırılıb, lakin insan faktorunun təsiri hiss olunur. Yəni bəzi hallarda gömrük işçilərinin müdaxiləsi ilə eyni növ məhsullar üzrə, eyni adla olmasa da, rüsumlar 5 faiz, 10 faiz və ya 15 faiz ola bilər. Ona görə də rəqəmsallaşma təbii ki, çox müsbətdir və genişləndirilməlidir. Amma yalnız bununla gömrükdə olan bütün problemlərin həll ediləcəyini düşünmək doğru deyil. Yeni gömrük məcəlləsinin qəbul olunmasına və gömrük rüsumlarının daha aydın və şəffaf şəkildə təyin olunması mexanizmlərinin yaradılmasına da ehtiyac var”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR