İnsanlara hürriyət, millətlərə istiqlal!

Kondisioner xəstəlik yaradır? - Bir daha mif və gerçəklik haqda

Həkim-pulmonoloq: “Ağciyərlərə birbaşa suyun yığılması mümkündür, ona görə də...”

İsti yay mövsümündə ev və ofislər üçün vazkeçilməz avadanlıqlardan biri də əlbəttə ki, kondisionerdir. Lakin həm ev, həm də iş otaqlarında gen-bol istifadə olunan bu cihazla bağlı hələ də diametral zidd mövqelər mövcuddur.

Bir qisim o fikirdədir ki, kondisionerin orqanizmə xeyirdən çox ziyanı var. Xalq artisti Brilyant Dadaşova da sonuncuların sırasındadır. Sənətçi bugünlərdə sosial şəbəkədə paylaşdığı videoda deyib ki, mərhum xalq artisti, əmisi oğlu Rafael Dadaşovun ağciyərlərinə su yığılmasına kondisioner altında uzun müddət qalması səbəb olub: “Bir çox həkimlərimiz deyir ki, Günəş şüaları ziyandır. Amma kondisioner ondan da zərərlidir. Ən pisi də odur ki, kondisioner altında yatan insanlar var. Bu, çox təhlükəlidir, fəsadları ağır olur. Əminəm ki, əmim oğlu Rafael Dadaşov da özünü kondisionerlə məhv etdi. Sağlam bədənində ağciyərinə su gəlməsi nə demək idi? Ona dəfələrlə deyirdim ki, lazım deyil. Çox pis vərdişdir. Günəşə birtəhər dözmək lazımdır. Adam sonra öyrəşir. Amma kondisioner altında oturanda bundan imtina etmək olmur. Makiyajıma görə arada kondisionerdən istifadə edirəm, amma sonra 2-3 gün özümə gələ bilmirəm”.

Doğrudanmı kondisioner ağır xəstəliklər yaradır, ağciyərlərə su yığılmasına (pnevmoniyaya və s.) səbəb olur? Ümumiyyətlə, kondisionerdən düzgün necə istifadə etməli?

Yeri gəlmişkən, mütəxəssislər kondisionerlərin davamlı yoxlanılmasının və filtrlərinin tez-tez təmizlənməsinin vacib olduğunu deyirlər. Araşdırmalara görə, təmizlənməyən filtrlər bakteriya yayır və bu bakteriyalar havadan nəfəs yolu ilə ağciyərlərə daxil olur. Beləliklə, allergik astma xəstəliyi yarana bilir.

Payızda koronavirusa YOLUXMA SAYI ARTA BİLƏR”- Həkim-pulmonoloqdan PROQNOZ  - Editor.az

Həkim-pulmonoloq Əsəd Beydullayev “Yeni Müsavat”a deyib ki, yay aylarında insanları bu istilərdə xilas edən kondisionerlərdir: “Amma kondisionerlərin də zərərli tərəfləri var. Kondisionerlər mütəmadi olaraq qulluq olunmalı avadanlıqlardır. İstifadəsiz qaldığı müddətdə onların daxilində toz toplana bilir, sonra istifadə olunmağa başlayanda toz evə yayılır. Toza həssas olan, allergiyası olan insanlarda onun kəskinləşməsinə səbəb olur.

Legionella deyilən xüsusi növ infeksiyalar var ki, məhz kondisionerlərdə daha çox olur. Onlarda da pnevmoniya formalaşması mümkündür. Bundan əlavə, soyuğun mexaniki olaraq təsiri ciddi bir məsələdir. Bizdə bir paradoksal vəziyyət var, insanlar adi halda 23 dərəcə temperaturda özünü çox rahat hiss edir. Amma 40 dərəcə istidə otağa girmiş adam nəyə görəsə kondisioneri 20-yə tənzimləyir. Bu kəskin temperatur fərqi insanın tənəffüs yollarına da fəsadsız ötüşmür.

Bunların ən sadəsi hiperhəssaslığı olan insanlarda bronxlarda spazmanın meydana çıxması və öskürəklərin əmələ gəlməsidir. Xəstə bir müddət öskürür, daha isti yerə keçəndə ötüşüb keçir. Amma uzun müddət soyuğun təsirinə məruz qalmaq və immuniteti zəif xəstələrdə təbii ki, pnevmoniyalara gətirib çıxara bilər. Pnevmoniya ilə yanaşı ağciyərə suyun toplanması da mümkün haldır.

O ki qaldı müğənnimizin dediyinə, buna qatılıram. Oradakı klinik durumu təbii ki, bilmirəm. Ancaq mümkündür ki, soyuğun birbaşa təsiri nəticəsində və xəstəliyi olan insanlarda pnevmoniya formalaşsın. Yaxud plevrit baş versin. Bu zaman insan nəfəs darlığından əziyyət çəkir. Təbii ki, ağır xəstədirsə, bu ağırlaşa bilər. Vaxtında üstünə düşülməzsə, təbii ki, çox ağır nəticələnə bilər. Mütləq deyil ki, kondisionerdən olsun, soyuq havalarda da bunun olması mümkündür".

Həkim əlavə edib ki, ən təhlükəli hallardan biri maşınlarda olan kondisionerlərdir: “Çünki isti havalarda əksəriyyət maşınlarda kondisioneri qoşur. Ev kondisionerlərindən fərqli olaraq insan maşında kondisionerlə yaxın təmasda olur. Allergiyanın kəskinləşməsi, bronxitlərin meydana gəlməsi, yanaşı olaraq konyunktivit, gözdə, burunda dəyişikliklərin meydana çıxmasına səbəb olur. İmmuniteti zəif insanlarda, xəstəliyə meylli insanlarda plevrit deyilən, ağciyərin üzərini örtən pərdələrin iltihabı, bununla bağlı suyun toplanması da mümkündür. Yəni insanlar kondisionerdən qədərində istifadə etsinlər.  Temperaturun mütləq 17-yə düşməsinə ehtiyac yoxdur. 23 dərəcə yetərincə normal temperaturdur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR