İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri: “İstehlakçılar üçün əlverişli ödəniş xidmətləri üzrə geniş seçim imkanları yaradılacaq”  

 

“Layihənin qəbul olunması ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar və rəqəmsal ödəniş alətləri əsasında daha da artırılmasına təkan verəcək. Layihə innovativ onlayn və mobil ödənişlərin inkişafını, daha etibarlı və təhlükəsiz fəaliyyətini və istehlakçıların daha etibarlı müdafiəsini təşviq edəcəkdir. Nəticədə isə yeni iştirakçılar olan üçüncü tərəf provayderlər və “FinTech”lər daxil olmaqla, ödəniş xidməti təchizatçıları üçün bərabər bazar şəraiti yaradılmaqla, onların sıx əməkdaşlıq və güclü rəqabət şəraitində fəaliyyətləri dəstəklənəcək, daha sıx inteqrasiya olunmuş ödəniş bazarının yaradılması mümkün olacaq”.

Musavat.com bildirir ki, bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşdakı müzakirələr zamanı söyləyib. Qeyd edib ki, ümumilikdə, layihə ölkənin yeni ödəniş ekosisteminin yaradılmasını, ödəniş bazarında yeniliyi, rəqabəti və effektivliyi təmin edəcək. İstehlakçılar üçün əlverişli ödəniş xidmətləri üzrə geniş seçim imkanları yaradılacaq, onların hüquqları daha etibarlı hüquqi baza əsasında tənzimlənəcək.

T.Mirkişili qeyd etdi ki, qüvvədə olan qanunvericilikdə banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru istisna olmaqla, digər təşkilatlar tərəfindən ödəniş xidmətlərinin göstərilməsinin hüquqi əsası müəyyən edilməyib:

“Lakin artıq uzun müddətdir ki, ödəniş xidmətləri bazarında bir sıra təşkilatlar əhalidən üçüncü tərəflərin xeyrinə, xüsusilə də kütləvi xidmətlər üzrə ödənişlərin ödəniş terminalları infrastrukturu və internet şəbəkəsi üzərindən toplanılmasını həyata keçirirlər. Sayı 30-dan çox olan, geniş əhali kütləsi ilə işləyən bu təşkilatların fəaliyyətlərinin tənzimlənməməsi və nəzarət siyasətinin həyata keçirilməməsi bu sahədə potensial risklərin baş verməsi ehtimalını artırır. Beynəlxalq təcrübədə elektron pul və ödəniş təşkilatı kimi klassifikasiya olunan bu tip təşkilatlar tərəfindən ödəniş xidmətlərinin göstərilməsi fəaliyyəti lisenziyalaşdırılır, üzərlərində tənzimləmə və nəzarət həyata keçirilir. Bundan irəli gələrək, layihəyə elektron pul və ödəniş təşkilatınınfəaliyyətinin lisenziyalaşdırılması, onların nizamnamə və məcmu kapitala sahib olmaları ilə bağlı anoloji müddəalar daxil edilib. Amma eyni zamanda qeyd etmək istərdim ki, bank sahəsindən fərqli olaraq bu sahədə fəaliyyətə sərt nəzarətin aparılması gözlənilmir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR