Onlayn ictimai-siyasi qəzet
Ölkəmizdə Konstitusiya və qanunvericilik çərçivəsində bütün dinlərə bərabər inkişaf, fərqli mədəniyyətlərə mənsub insanlara isə birgə və yanaşı yaşamaq imkanları təmin edilib.
Musavat.com xəbər verir ki, "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
O əlavə edib ki, Azərbaycan ənənəvi multikulturalizm və tolerantlıq siyasətini bu gün də davam etdirərək müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların harmoniya şəraitində bir-birini zənginləşdirməsini təmin etməkdədir.
Azərbaycan dövlətinin əsaslandığı dünyəvilik prinsipləri milli və dini dəyərlərin əhəmiyyətini xüsusi vurğulamaqla onu həyatımızın əsas məzmunu, ailə institutunun isə dayağı kimi müəyyən edir. Bu baxımdan Azərbaycan ailə modeli də milli identikliyin və dini dəyərlərin üzərində qurulub.
Bu dəyərlərin düzgün təbliği isə ailə institutunu hər cür kənar təsirlərdən qorumaqla, onu cəmiyyətin əsası, insan hüquqları və azadlıqlarının ailə və cəmiyyət üzərindən müdafiəsi, həmçinin uşaq və gənclərimizin sağlam və təhlükəsiz şəraitdə ahəngdar inkişafına yönəlib.
Odur ki, dini maarifləndirmə işi yalnız dini icmalar və ibadət ocaqları ilə məhdudlaşmayaraq müvafiq dövlət orqanlarının da fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Hazırda ölkəmizdə daha geniş kütlələri əhatə etmək üçün ənənəvi üsullara istinad etməklə yanaşı, müasir metodlar tətbiq edilir, digər ölkələrin müsbət təcrübəsinə də diqqət yetirilir.
Ailə məsələləri, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi sahəsində problemlərin həllinə din xadimlərinin də cəlb olunmasıyla müxtəlif seminar və treninqlər təşkil edilir bu sahədə müvafiq dövlət orqanları və ictimaiyyətin imkanları səfərbər olunur.
Məktəblərdə və tədris müəssisələrində uşaqlara milli-mənəvi dəyərlərin aşılanması üçün xüsusi proqramlar təşkil olunur.
Lakin son onilliklərdə insanlıq dünyanın müxtəlif mərkəzlərində hazırlanaraq bizim də daxil olduğumuz regionlarda reallaşdırılmasına xüsusi səylər göstərilməkldə olan rəngarəng layihələr həyata keçirməyə, radikal dini təmayülləri yaymağa çalışan qrupların intensiv fəaliyyətinin zərərli təsirləri ilə üz-üzədir.
Millətlərin identikliyi, dini dəyərləri və inancları, hər şeydən daha çox isə ənənəvi ailə dəyərlərinin dayaqlarının zəiflədilməsinə külli miqdarda maddi, siyasi və insani resurslar sərf edilməsi bizi daha sayıq olmağa və daxili gücümüzü səfərbər etməyə vadar edir.
Bu sayaq cəhdlərin, Radikal dini təsirlərin qarşısını almaq üçün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də uşaqlar və gənclər arasında düzgün dini savadlılığın artırılması diqqətdə saxlanılmalı, aidiyyəti dövlət orqanları maarifləndirici tədbirlərə üstünlük verməlidirlər.
Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş maarifləndirmə proqramlarının icrası ilə yanaşı, qadınların hüquqlarının təmin edilməsinə, onların ailədə və cəmiyyətdə getdikcə artan roluna uyğun mövqelərə əlçatanlığının təmin olması üçün dinlərin mütərəqqi mesajları da geniş təbliğ edilməlidir.
Dini maarifləndirmə qadınların təhsili və iqtisadi gücləndirilməsi imkanlarının artırılmasına dair məlumatlandırılmasında da istifadə edilə bilər".
Komitə sədri qeyd edib ki, ailə, qadın və uşaq məsələlərində dini liderlərin maarifləndirici rolu artırılmalıdır:
"Din adı altında ailələrə və uşaqlara mənfi təsir göstərən ideologiyaların qarşısının alınması üçün ictimaiyyətlə işə xüsusi diqqət edilməli, gənclərin dini radikal qrupların təsirinə düşməsinin qarşısını almaq üçün tədbirlərə dini liderlər də cəlb olunmalıdır.
Əlaqədar dövlət qurumları və vətəndaş cəmiyyəti orqanlarının birgə fəaliyyəti dini radikalizmlə mübarizədə effektiv nəticələr verə bilər.
Ciddi nəticələr verəcəyinə ümid etdiyimiz təsirli maarifləndirmə proqramları üzərində işləmək üçünsə ilk növbədə mövcud vəziyyətin təhlili və obyektiv hesabatlar tərtib olunması sahəsində birgə layihələr reallaşdırılmalı, onların nəticələrini qiymətləndirmək və təkmilləşdirmək üçün mütəmadi tədqiqatlar aparılmalıdır. Digər ölkələrin ailə və dini maarifləndirmə sahəsində təcrübələrindən faydalanaraq yerli modellər inkişaf etdirilməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin indiyədək mövcud olan birgə fəaliyyəti Azərbaycan cəmiyyətində mənəvi və sosial inkişafın təmin olunmasında mühüm rol oynayır.
Bir daha vurğulamaq istərdim ki, dini maarifləndirmə yalnız dini biliklərin çatdırılması üçün deyil, eyni zamanda ailənin, qadın və uşaqların hüquqlarının qorunması üçün güclü bir vasitədir".
Afaq Mirayiq,
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ