İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri: “2023-cü ildə əmək pensiyalarının orta aylıq məbləği 423 manat təşkil edəcək”

 

Milli Məclisin komitə sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üzrə büdcəsi  haqqında” qanun layihəsi barədə parlamentdə çıxış edərkən bildirdi ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi cənab prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir: “Müzakirənizə təqdim olunan 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də bu ali niyyəti rəhbər tutaraq tərtib edilib. Qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Fondun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 263 milyon 970 min manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur. Fondun gəlirləri 2018-2023-cü illər ərzində 2511,8 milyon manat, yaxud 67% artıb. Fondun gəlirlərinin strukturuna nəzər salarkən qeyd etməliyik ki, gəlirlərin 4 mlrd. 783,6 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır ki, bu da cari ildəkindən 9,7%, yaxud 422 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaların 62,7%-i qeyri-büdcə sektorunun, 37,3%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək”. 

M.Quliyev qeyd etdi ki, gəlirlərin artımı orta aylıq əmək haqqının artımı ilə şərtləndirilir: “Orta aylıq əmək haqqının cari ilin sonuna 838 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 14,5% artırılmasını təmin etməyə imkan yaradacaq. 2022-ci ildə Fondun büdcəsinin balanslaşdırma məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 468 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci il üzrə dürüstləşmiş transfert məbləğindən 235,8 milyon manat və ya 19% çoxdur”.

Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən M.Quliyev qeyd etdi ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 97%-ni və ya 6 milyard 77 milyon 580 min manatını əhaliyə ödənişlər təşkil edəcək: “Əhaliyə ödənişlər üzrə xərclərin 5 milyard 907 milyon 180 min manatı əmək pensiyalarının, 170,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin hesabına təmin ediləcək. Əhaliyə ödənişlərin 2023-cü il üçün nəzərdə tutulmuş proqnozu 2022-ci ilin təsdiqlənmiş proqnozundan 646,4 milyon manat, yaxud 12% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat təşkil edib, 2022-ci ildə 371 manat təşkil edəcəyi gözlənilir, 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır. Əmək pensiyasının minimum məbləği anlayışı pensiya təminatı sisteminə 2017-ci ildə daxil edilib. 2017-ci ildə əmək pensiyasının minimum məbləği 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə bu məbləği 240 manata çatdırılıb”. 

 

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR