Onlayn ictimai-siyasi qəzet
2019-cu ildən "Xəzər" telekanalında yayımlanan "Komedixana" layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.
Bəs "Komedixana"nın ulduzlarından olan aktrisa Zarina Qurbanova kimdir?
Musavat.com aktrisanın dosyesini təqdim edir.
Zarina Qurbanova - aktrisa, müğənni, rejissor, aparıcı... Z. Qurbanova 17 dekabr 1990-cı ildə Sumqayıt şəhərində hərbçi ailəsində dünyaya gəlib. O, öncə 190 nömrəli, ardınca isə 191 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-2004-cü illərdə Rusiyada yaşayıb.
Aktrisanın son illər müğənniliyə başlaması da təsadüf deyil. O, 7 il vokal təhsili alıb. Bu haqda Zarina müsahibələrinin birində deyib:
"7 il vokal və 7 il muğam təhsili almışam. Yəni mən təhsilli bir insanam. Elə müğənni var, mənə deyir, sənin təhsilin var, amma mənim yoxdur. Mən üzərimdə işləməli idim. Bu mənim sənətim olmadığı üçün işləmədim. Amma işləsəydim, ifaçılıq sənətini də davam etdirə bilərdim. Mən sadəcə aktyoruluq sənətini seçdim, çünki bu peşəni sevirəm. Əsl ixtisasımsa rejissorluqdur".
Aktrisa adına qarşı kompleks yaşadığı üçün onu dəyişib:
"Mənim əsl adım Zinyətdir, sadəcə qardaşım mənə uşaqlıqdan o qədər "Zindulla" demişdi ki, artıq adıma qarşı travmam var idi. Universitetə daxil olduqdan sonra isə qardaşım deyirdi ki, gəlib hamını öyrədəcəm ki, sənə "Zindulla" desinlər və buna görə də artıq özümə Zarina adını ləqəb seçdim".
İstedadlı aktrisa "Döngələr", "Məhkumlar", "Arzuların ardınca", "Məriz", "Sara", "Üçüncü günün adamı", "Gizlənpaç", "Tayson", "Don Marleone", "Xənnas", "Ailəcanlı", "Könül yarası", "Estakada", "Ağacdələn", "Mənim balaca Şahzadəm", "Əks təsirlər", "S.Ə.S", "Köhnə çamadanlar" kimi çox sayda film və serialda rol alsa da, ona ən çox uğuru "Səs" serialı və "Komedixana" qazandırıb. "Səs" serialında canlandırdığı narkoman obrazı uzun müddət müzakirə olunub. Hətta onun intihar etdiyi səhnə sosial mediada geniş yayılıb.
Ata sevgisi görmədən böyüyən aktrisa uğurlarının səbəbkarı kimi məhz atasını görür:
"Uğurumu atama borcluyam. Bütün etdiklərim, öz ayaqlarım üzərində dayanma səbəbim atamın bir dəfə də olsun məni qucaqlayıb, "yaxşı ki sən mənim qızımsan" deməyini istəməyim idi. Atam olub, amma olmayıb. Atalığı ancaq anamda görmüşəm. Amma atamı artıq bağışlamışam".
"Komedixana"nın əsas ulduzlarından olan Zarina subaydır.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ