İnsanlara hürriyət, millətlərə istiqlal!

Köhnə avtomobillər bazardan çıxarılır, yeniləri də bahadır - çıxış yolu nədir?

Ekspert: “Güzəştlər tətbiq olunmalıdır, proses mərhələli şəkildə həyata keçirilsə, daha yaxşı olar”

Nazirlər Kabineti istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Əsas problemlər yenə də qalır"

 Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəyə gətirilməsinin məhdudlaşdırılması gözlənilən idi. O qeyd etdi ki, bununla bağlı təkliflər var idi: “Bildiyim qədər öncə zavod buraxılış tarixinə görə yaşı 5 ildən çox olan avtomobillər nəzərdə tutulmuşdu, sadəcə, müəyyən məqamları nəzərə alaraq, qərarda yaşı 10 ildən çox olan minik avtomobillərinin gətirilməməsi öz əksini tapdı. Avtomobil parkının yenilənməsi başadüşüləndir. Yol hərəkəti təhlükəsizliyi baxımından avtomobil parkının yenilənməsi önəmlidir. Zədəli nəqliyyat vasitələrinin ölkəmizə gətirilməsi təhlükəsizliyimiz üçün təhdiddir”.

Ekspert gömrük rüsumlarının bir daha nəzərdən keçirilməsinin zəruri olduğunu bildirdi: “Yeni avtomobillər bahadır. Bu baxımdan, əlçatanlıq təmin edilməlidir. Köhnə avtomobillərin qiyməti qalxa bilər. Xaricdən gətirdə bilməyənlər məcburən buradan alacaqlar. Kreditləşmə məsələsinə baxılmalıdır, şərtlər sərfəli olmalıdır. Yeni avtomobil ətraf mühitin qorunması üçün önəmlidir. Eyni zamanda avtomobillərdə təhlükəsizlik sisteminin yeni olması arzuolunandır. Bütün dünya bunun üçün çalışır. Bəzi ölkələr 2035-ci ildə benzin mühərrikli avtomobil istehsal və istismar etməyə qadağa qoyur. Düşünürəm ki, bu qərarla bağlı izah verilməlidir, çünki avtomobili sifarişlə gətirdənlər var, bu proses bir neçə ay çəkir. Bəzi alıcılar pulun bir hissəsini, bəziləri isə bütün məbləği ödəyib. Hökumət onları nəzərə almalıdır”.

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, avtomobil parkının yenilənməsi əsas məqsədlərdən biridir. Ekspert yeni avtomobillərin xüsusi çəkisinin artırılması üçün iki yol olduğunu qeyd etdi: “Ya yeni avtomobillərin sayı artırılmalıdır, ya da köhnə avtomobillərin sayı azaldılmalıdır. Bunun qiymətlərə birbaşa təsir edəcəyi gözləniləndir. Köhnə avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırıldığı üçün dəyəri artacaq, tələbat artdığı üçün yeni avtomobillərin də dəyəri artacaq. Yeni avtomobillərin gətirilməsi üçün infrastruktur yaradılmalıdır. Ciddi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Nəzərə almaq lazımdır ki, kiçik istisna ilə Azərbaycanda avtomobil istehsal edilmir”.

WhatsApp Image 2023-03-31 at 11.19.31.jpeg (46 KB)

Eldəniz Əmirov

Ekspert qeyd etdi ki, yeni qərarın dövlətə ziyanı olmayacaq. Onun sözlərinə görə, bu qərar müxtəlif ölkələrdən avtomobil gətirən sahibkarlara ciddi problemlər yaradacaq:  “Hesab edirəm ki, proses mərhələli şəkildə həyata keçirilsə idi, daha yaxşı olardı. Eyni zamanda yeni avtomobillər üçün güzəştlərin proporsional olaraq artırılması daha doğru olardı”.  

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, yaşı 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməməsi ətraf mühitə müsbət təsir edəcək. O qeyd edib ki, Azərbaycanda idxal olunan avtomobillərin əksəriyyətinin istehsal tarixi köhnədir: “Bu da avtomobil parkının sürətlə köhnəlməsinə gətirib çıxarır. Avtomobil parkının köhnəlməsi nəqliyyat sektorundan tullantıların artmasına və bununla da ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərir. Ölkədə iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayı sürətlə artır".

Rasim Səttarzadə: Plastik torbalarla bağlı təkliflər planı hazırdır və  razılaşdırma mərhələsindədir - AZƏRTAC Video – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Rasim Səttarzadə

Müşavirin sözlərinə görə, Azərbaycanda istehlakda olan avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən artıqdır: “Statistik rəqəmlərə baxsaq, köhnə avtomobillərin sayının ekoloji cəhətdən təmiz avtomobillərin sayına nisbətən daha sürətlə artmasını müşahidə edə bilərik. Bu isə ətraf mühitə, insan sağlamlığına təhlükələr yaradan amillərdəndir. Ona görə də Nazirlər Kabineti tərəfindən 29 mart 2023-cü il tarixində yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olunub. Bu qərar, sözsüz ki, həm avtomobil parkının köhnəlməsinin qarşısının alınmasına, həm də avtomobil sektorunun insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərinin azaldılmasına şərait yaradacaq, eyni zamanda digər ölkələrdə istifadəsi məhdudlaşdırılmış avtomobillərin ölkəmizə axınının qarşısını alacaq”.

R.Səttarzadə qeyd edib ki, inkişaf etmiş ölkələrdə benzin və dizel yanacağı ilə işləyən avtonəqliyyat növlərindən istifadənin azaldılması və tədricən qadağan edilməsi istiqamətində tədbirlər görülür: “Bu da o deməkdir ki, müəyyən müddətdən sonra artıq həmin avtomobillərin bir çoxu inkişaf etməkdə olan ölkələrin bazarlarına yönələcək. Ümid edirəm ki, müəyyən vaxtdan sonra görəcəyik ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar nəticəsində ətraf mühitdə, atmosferin keyfiyyətində müsbət dəyişikliklər olacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya  verilən xəbərə görə, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR