İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçkünlərin vaxtilə tutduğu yad mənzillərə görə təzminat tələbi - Dövlətin qərarı nə olacaq?

Fazil Mustafa: “Qayıdış prosesi əgər başlayıbsa, daha ədalətli yol olar ki, bu kateqoriyadan olan insanlara köməklik göstərilsin”

Əsabəli Mustafayev: “Ailə tanıyıram ki, işləməyən zavodun sexində yaşayır, öz evinə köçə bilmir”

“Dövlət vaxtilə evlərində məcburi köçkünlərin yerləşməsi səbəbindən uzun illər öz mənzillərində qanuni yaşamaq hüququndan məhrum edilmiş mülkiyyətçilərə dəymiş mənəvi və maddi ziyana görə kompensasiya ödənilməsini nəzərdə tutan xüsusi layihəyə təşəbbüs göstərməlidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri Minval.az-a müsahibəsində hüquqşünas Fuad Ağayev 90-cı illərdə Qarabağdan olan məcburi köçkünlərin və Ermənistandan olan qaçqınların zəbt etdikləri mənzillər ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.

Xatırladaq ki, prezidentin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə dövlət orqanlarına 1998-ci ilədək ictimai binalara, mənzillərə və torpaq sahələrinə müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə öz doğma yurdlarına qayıdana qədər toxunmamaq tapşırılıb. Buna görə də mənzil sahiblərindən qaçqınların mənzillə təmin olunması məsələsi həll olunana qədər gözləmələri xahiş olunub.

Azərbaycan artıq öz torpaqlarını geri qaytarıb və mərhələli şəkildə “Böyük Qayıdış” proqramını həyata keçirməyə başlayıb. Bu fonda ev sahiblərinin bir çoxu onların xeyrinə qərarların icrasına başlamağın vaxtı çatdığını düşünürlər. Keçmiş köçkünlərin hələ də yaşadığı həmin özəl mənzillər isə əsasən Bakı şəhərindədir. Öz evlərində uzun illər məskunlaşa bilməmiş şəxslər həm də bu məntiqdən çıxış edirlər ki, ötən illər ərzində öz mənzillərini tutaq ki, kirayə verib müəyyən vəsait də əldə edə bilərdilər.

Bu da var ki, Azərbaycan torpaqlarımızın işğalına görə Ermənistanı Beynəlxalq Məhkəməyə verib böyük təzminat tələb edəcək. Dövlət gələcəkdə ödəniləcək həmin təzminat hesabına da zərər çəkmiş mənzil sahiblərinə kompensasiya ödəyə bilərmi?

Ümumiyyətlə, həmin mənzil sahiblərinin təzminat məsələsinə baxılması mümkünmü? Məsələ necə yoluna qoyulacaq ki, nə “şiş yansın, nə də kabab”. O sırada qanunvericilikdə dəyişiklik ola bilərmi? Daha bir sual: illərlə o mənzillərdə yaşayan keçmiş köçkünlər bu və ya digər səbəbdən Qarabağa qayıtmaq istəməsələr, necə olacaq?   

Deputatlardan Fazil Mustafaya qarşı terrorun sifarişçilərinə sərt reaksiya  - 04.04.2023, Sputnik Azərbaycan

Milli Məclisin deputatı, hüquqşünas Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, mənzillərini məcburi köçkünlərin tutduğu bütün mülkiyyət sahiblərinin hüququnu qoruyacaq addımlar atılmalıdır: “Təəssüf ki, indiyə qədər imkanlar olduğu halda problem qabarmasın deyə bu addım atılmadı. İndi Böyük Qayıdış həyata keçirilir. Bu kateqoriyadan olan insanlar ora köçürülür. Köçürüldüyü halda vətəndaşlara təzminat ödənilməsi təmin olunmalıdır. Əks halda ədalətli bir yanaşma olmayacaq. Amma köçürüləndən sonra çox sayda iş adamı var ki, bu obyektini istifadə edə bilmirdi, mülkiyyətini sata bilmirdi. Məhz məcburi köçkün probleminə görə çox ciddi problemlər yaşamalı olmuşdular və mülkiyyət hüququndan istifadə edə bilmirdilər. Heç olmasa, bunun asan yolla, imtiyazlarla bundan istifadə etməyə şərait yaradılmalıdır. Bu özəlləşmədə və digər məsələlərdə nəzərdə tutulmalıdır. Dövlət kompensasiya vermir, heç olmasa təminat yaratmalıdır ki, onlar daha aşağı qiymətlə öz torpaq sahələrini özəlləşdirə bilsinlər. Çünki indiyə qədər məcburi köçkünlərə görə bunu edə bilmirdilər”.

Deputat əlavə edib ki, qayıdış prosesi əgər başlayıbsa, daha ədalətli yol olar ki, bu kateqoriyadan olan insanlara köməklik göstərilsin: “Yüzlərlə insan dünyasını dəyişdi, evinə köçə bilmədi. Məhkəməyə də müraciət etmələrinə baxmayaraq, məhkəmə qərar çıxarsa da, mənzilləri boşalda bilmədilər. Bunlar hamısı bir ədalətsizlik amili kimi qalmaqdadır və bu amil də dövlətin boynundadır. Çünki nə qədər çətin olsa da, vətəndaşın müraciət edə biləcəyi instansiya dövlətdir. Dövlət bu barədə yüngülləşdirici və bu kateqoriyadan olan mülkiyyət sahiblərinin hüququnu qoruyan, onun imkanlarını genişləndirən addımlar atmalıdır. Bu olarsa, o insanlar da ən azı ölkədə daha çox ədalətə güvənmiş olacaq”.

Tanınmış vəkil prezidentin fərmanından danışdı - məhkəmə sistemində  görülməsi vacib işlər

Vəkil Əsabəli Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu sahədə mülkiyyət sahiblərinə qarşı çox böyük bir ədalətsizlik var: “Məcburi köçkünlərin, qaçqınların yerləşdirilməsi, onların sosial təminat məsələlərini qanunla hökumət təmin etməlidir. ”Qaçqınların və Məcburi Köçkünlərin Sosial Təminatı Haqqında" Qanun var, orada birbaşa yazılıb ki, bu işlə hökumət məşğul olmalıdır. Lakin o vaxt 90-cı illərin  əvvəllərində böyük bir dalğa gəldi və bir çox yeni tikilən binalardakı mənzillər məcburi köçkünlər tərəfindən zəbt edildi. O vaxt hökumət bunun həll olunmasına maraq göstərmədi. Elə bil ki, bir yükdən azad oldu. Camaat özünə yer tapdı və hökumət mülkiyyət hüququnun bərpası üçün cəhd göstərmədi. Düzdür, məcburi köçkünlərin bir hissəsi çadır şəhərciklərində, yataqxanalarda, digər inzibati binalarda yerləşdilər. Ancaq bəziləri yeni tikilmiş, ancaq sahibi ora köçməmiş mənzilləri zəbt etdilər. Özü də onların sayı çoxdur.

Biz bu məsələ ilə məşğul olmuşuq. Həmin mülkiyyət sahiblərinin hüquqlarını Avropa Məhkəməsində də müdafiə etmişik. Bu binaların sayı 2-3 mindən çoxdur. Hökumətin buna təşəbbüs göstərməməsinin səbəbi nədir. Misal üçün, adətən Avropa Məhkəməsinə cavab olaraq yazılırdı ki, əgər köçkünlər evlərdən  çıxarılarsa, sosial partlayış əmələ gələ bilər. Məcburi köçkünlərin hüquqları pozular, yəni yerləşdirmə, yaşama hüquq, mənzildən istifadə hüquqdan gedir söhbət. Axı digər tərəfdən mülkiyyət sahibinin hüququ da pozulur.

Mənə müraciət edənlər var, Sumqayıtın Kimya zavodlarında, metallurgiya zavodunda işləyib mənzil növbəsini gözləyib, yataqxanalarda qalıb, kirayədə qalıb, 10 illərlə işləyib, ev alıblar. O vaxt ən azı 10-15 il işləməli idin ki, sən o evi növbə ilə ala biləsən. Köçən ərəfədə də o evlər zəbt edilir. Axı bu insanların da hüquqları var. Dövlət onları da qorumalıdır. Onda biz təklif etdik ki, o mənzillər ki, zəbt edilib, həmin mülkiyyət sahiblərinə aylıq kompensasiya, icarə haqqı ödənilsin. Bu adamlar elə bil ki, mənzillərini icarəyə veriblər. Bununla da özləri icarədə qalırlar. Təklif etdiyimiz ikinci o idi ki, məcburi köçkünlərlə icra hakimiyyətləri bütün yeni tikilmiş binalarda öz paylarını alırlar. Təqribən 20 faiz idi. O evlərdən məcburi köçkünlərə sosial kirayə müqaviləsi ilə, yəni onlara mülkiyyət hüququ vermədən ora köçürmək olar.

Bu, qanuni yol idi. Sosial kirayə müqaviləsində də nəzərdə tutulub. Ya da necə ki, o vaxt məcburi köçkünlərə çörək pulu verirdilər, müxtəlif müavinətlər verirdilər, bir az kirayə üçün pul versinlər, gedib kirayədə qalsınlar. Bu təklifləri vermişdik. Burada qanunun aliliyi təmin olunmalıdır. Yüzlərlə belə məhkəmə qərarı var ki, icra olunmur. 90-cı illərin axırından bu yana icra olunmur.

Hüququnu müdafiə etdiyim adam var ki, yaşlı ata, arvad, oğul işləməyən zavodun sexində yaşayır. Ancaq özünün evi var, köçə bilmir, çünki zəbt olunmuşdu. Şəxsən məndə Avropa Məhkəməsinin 70-80 belə qərarı var ki, hələ də məhkəmə qərarı icra olunmur".

Vəkil hesab edir ki, bu, dövlətin imicinə böyük zərərdir: “Bəzi faktlar var, evlərini zəbt etmiş adamların özlərinin başqa yerlərdə evləri var, öz adlarına edə bilmirlər, ancaq kiminsə adına keçirirlər. Bunu da ondan bilirik ki, həmin mənzillərin işıq pulu, kommunal xərcləri məcburi köçkünün adına ödənilir. Bu çox biabırçı məsələdir. Hesab edirəm ki, hökumət təcili şəkildə dəyişikliyə getməlidir”.       

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR