Onlayn ictimai-siyasi qəzet
Politoloq: “O, deyəsən, masanın altında gizləndiyini yaddan çıxarıb”
“Ermənistanın milli təhlükəsizlik sisteminin gücləndirilməsi Azərbaycanı geri çəkilməyə məcbur edəcək”.
Bunu Ermənistan parlamentinin Müdafiə və Milli Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan Prezident İlham Əliyevin 10 yanvar müsahibəsi ilə bağlı danışarkən söyləyib.
“Biz hər gün oyanıb ölkəmizin təhlükəsizliyini gücləndirən vəzifələri yerinə yetirməliyik”, - deyə hakim “Mülki müqavilə” fraksiyasının üzvü qeyd edib. Onun fikrincə, hər şey sabaha yönəlməlidir.
“Sabah bilinəcək ki, Əliyevin sözləri nə dərəcədə əsaslıdır. Bizim vahid gücümüz onları geri çəkilməyə məcbur edəcək, ordu bizim yeganə gücümüz deyil” deyən Köçəryan Bakıya bütün səviyyələrdə cavab veriləcəyini iddia edib.
Köçəryan həmçinin “yaxın zamanda Azərbaycanın Ermənistanın işğal etdiyi ərazilərini tərk edəcəyinə” əminlik ifadə edib. “Ancaq biz buna əvvəlcə sülh yolu ilə cəhd etməliyik”, - deyə o əlavə edib.
Göründüyü kimi, Paşinyanın adamının çərənləməsində hətta hədə tonu var. Bəs nəyə əsasən o, belə arxayın danışır? Azərbaycan haradan çıxmalıdır, öz ərazisindənmi? Kim o sərhədi müəyyən edib?
Aydındır ki, Köçəryanı danışdıran ilk növbədə xaricdəki havadarlardır. Ermənistan yəqin ki, ən əvvəl Fransadan, Hindistandan son vaxtlar aldığı silahlara ümid edir.
Məlumdur ki, kapitulyant ölkəni sülh deyil, müharibəyə ən çox Fransa təhrik edir. Bu barədə Prezident İlham Əliyev yanvarın 10-da verdiyi müsahibəsində bir daha İrəvanı xəbərdar edib: əgər Ermənistan ərazisindən hər hansı real təhlükə olarsa, heç kimdən soruşulmadan sərt tədbir görüləcək...
Bunu da Köçəryan və komandası qulağından gərək sırğa eləsin.
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bəyanatların ardınca Ermənistandan müşahidə olunan reaksiyalar erməni siyasi elitası və hay cəmiyyətinin qeyri-adekvat düşüncə tərzini qoruduğunu və revanş hissi ilə yaşadığını göstərir: “Görünən odur ki, havadarlarının bütün proteksiya cəhdləri fonunda, Ermənistan rəhbərliyi üç il ərzində iki kapitulyasiyaya əsaslanan reallıqlara yox, uydurduqları miflərə inanmağı üstün tutur. Heç şübhəsiz ki, erməni cəmiyyətində bu cinayətkarcasına özünəgüvənin kökündə Qərbin heç bir siyasi-hüquqi və real əsasa malik olmayan təşviqatı və vədləri dayanır. Amma erməni cəmiyyəti, eyni zamanda Ermənistan rəhbərliyi özünə sual verməlidir ki, ötən 3 ildə hansı beynəlxalq protektor, yaxud hansı güc Azərbaycan Prezidentini və onun yüz minlik ordusunu dayandıra bildi? Bütün bu reallıqlar fonunda əgər Andranik Köçəryan hələ də Ermənistanın milli təhlükəsizlik sisteminin gücləndirilməsi ilə Azərbaycanı geri çəkilməyə məcbur edə biləcəklərini düşünürsə və cəmiyyəti də buna inandırmağa çalışırsa, demək, o, sadəcə, ya populist, ya da məsuliyyətsiz adamdır. Köçəryan 12 min fərari ilə və ya Laçın sərhəd-buraxılış məntəqəsindən mülki paltarda qaçan 30 mindən artıq döyüş ruhunu itirmiş əsgərləmi Ermənistanın təhlükəsizliyini təmin etməyi mümkün sayır? Bu gün şərti sərhədlər boyu birmənalı şəkildə bütün yüksəkliklərdə biz qərarlaşmışıq və Azərbaycan əməliyyat şəraitinə tam nəzarət edir. Ermənistanın qərb və şimal sərhədlərində yerləşən yaşayış məskənləri istisna olmaqla, demək olar ki, hər bir erməni evindən şərti sərhədlərdə, yüksəkliklərdə Azərbaycan bayrağının dalğalandığını görmək mümkündür.
Əgər hakim “Mülki müqavilə” fraksiyasının təmsilçisi Ermənistanın Fransa və Hindistandan son vaxtlar aldığı silahlara ümid edirsə, yanılır. Möhtərəm Prezidentin ötən həftə dediyi kimi, “bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik”.
Bu mənada, Ermənistan hakimiyyətinin təmsilçiləri bəyanatlarında diqqətli olmalı, qalib ritorikası ilə yox, məğlub kimi davranmalıdırlar və artıq həzm etməlidirlər ki, sülh müqaviləsi və sərhədlərin delimitasiyası Bakıdan daha çox onlara lazımdır.
Xüsusən erməni iqtidarının təmsilçiləri anlamalıdır ki, populizmin vaxtı deyil, sülh üçün yaranan şansı spekuliyasiyalara qurban vermək olmaz. Biz müharibə arzulamasaq belə, maraqlarımızı qorumaqda israrlıyıq və bu mənada Paşinyan iqtidarı anlamalıdır ki, Azərbaycan qarşısında üçüncü və çox daha fərqli şərtlərlə kapitulyasiyanı artıq onlara heç kim bağışlamayacaq".
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri Rəşad Bayramov qeyd etdi ki, Prezident İlham Əliyevin 10 yanvar müsahibəsinin ən çox müzakirə olunduğu ölkələrdən biri də Ermənistandır: “Andranik Köçəryan da öz açıqlamaları ilə dövlət başçısının müsahibəsinə Paşinyansayağı cavab verməyə çalışıb. Narahat olduqları aydın görünür. Çəkinirlər, qorxurlar və bu kimi açıqlamaları ilə Ermənistan ictimaiyyətindəki qorxunu hansısa formada neytrallaşdırmağa cəhdlər edirlər.
Ölkələrinin təhlükəsizliyini gücləndirən vəzifələri yerinə yetirməklə bağlı çağırış edən və Azərbaycanın bu güc qarşısında geri çəkilməyə məcbur olacağını deyən Köçəryan, deyəsən, İkinci Qarabağ savaşı dönəmində Xankəndidə hava hücumu barədə həyəcan siqnalının səsini eşidəndə necə qaçaraq masanın altında gizləndiyini yaddan çıxarıb. Fransadan alınan və konserv qutusuna bənzəyən “zirehli” maşınlara və ya Hindistandan alınan üç-beş silahla bizim geri çəkiləcəyimizi düşünmək sadəlövlükdən başqa bir şey deyil. Əslində Köçəryanın da, Paşinyanın da, Ermənistanın Təhlükəsizlik Şurasının katibinin də Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirməsi daha çox daxili auditoriyaya hesablanıb. Çünki onlardan hər biri Ermənistanın Azərbaycanı geri çəkilməyə məcbur edəcək qədər silah-sursat almaq imkanında olmadığını və hətta bu silahlar onlara havayı verilsə belə Ermənistan ordusunun Azərbaycanla döyüşəcək potensialda olmadığını yaxşı bilir.
Azərbaycanın hansısa əraziləri tərk edəcəyi ilə bağlı fikirlərə gəldikdə, bu da absurddur. Yüksəkliklər Azərbaycan ərazisidir və erməni kəndlərinin Azərbaycana aid yüksəkliklərin yaxınlığında yerləşməsini bizim həmin əraziləri işğal etməyimiz kimi təqdim etmək dünya birliyini çaşdırmağa hesablanıb. Ermənistan rəsmilərinin açıqlamalarından ortaya çıxan nəticə ondan ibarətdir ki, onlar hələ də sülhə hazır deyillər. Və ya daha dəqiq ifadə etsək, rəsmi İrəvan hələ də öz havadarlarından sülh sazişinin imzalanması üçün razılıq ala bilməyib. Onlar bütün imkanları ilə Ermənistana təzyiq göstərərək, sülh prosesindən uzaqlaşdırırlar. Bu isə öz növbəsində Ermənistanda revanşist mövqenin artmasına şərait yaradır və Ermənistanı uçuruma aparır. Çünki Azərbaycanın Ermənistan ərazisindən istənilən təhlükəyə çox sərt cavab verəcəyi Prezident səviyyəsində dəfələrlə bəyan edilib".
Fuad Heydər
Politoloq Fuad Heydər isə qeyd etdi ki, Köçəryanın və ya digərlərinin nə deməsindən asılı olmayaraq, bu tipli açıqlamalar bizi narahat etməməlidir: “Belə açıqlamalar adətən daxili auditoriyaya yönəlir. Ermənistan Azərbaycana, sadəcə, hərb meydanında deyil, həm də diplomatik və təhlükəsizlik məsələlərində uduzdu. Ermənistanda daxili vəziyyət çox gərgindir. Buna səbəb isə cəmiyyətin haçalanmasıdır. Bir qisim hesab edir ki, bizə artıq sülh lazımdır, digər qisim isə yeni savaş axtarışındadır. Doğrudur, onların sayı nisbətdə çox deyil, lakin nəzərə almaq lazımdır ki, xaricdəki erməni lobbisi durmadan bu istiqamətdə çalışır. Anlamaq lazımdır ki, erməni lobbisi bu istiqamətdə fəaliyyətə ara verməyəcək. Çünki məsələ belə bitsə, onların da hekayəsi bitmiş olacaq.
Bütün bunların fonunda rəsmi İrəvan nəhayət ki, dövlət kimi çıxış etməyə başlamalıdır. Ermənistan prosesi gecikdirməklə, Azərbaycanı sərt addımlara təhrik etməklə məşğuldur. Köçəryanın ərazi iddiaları məsələsi həm də Nikol Paşinyanın sözləridir. Belə ki, Nikol da ötən gün bildirdi ki, hələ də 32 kənd Azərbaycanın nəzarətindədir. İndi bunlara sual vermək lazımdır ki, hansı kəndlər?
Ermənistanı əbəs yerə revanşa həvəsləndirən ölkələr var ki, bunların da başında Fransa gəlir. Cənab Prezident İlham Əliyev də bu məsələ ilə bağlı açıq şəkildə mesajlarını verib. Rəsmi İrəvan da anlamalıdır ki, boş həvəslərə düşmək lazım deyil. Bütün bunlar Ermənistan üçün fəlakətdən başqa bir şey deyil".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ