Onlayn ictimai-siyasi qəzet
Onların ikisi də inqilabçı olublar. İkisi də solçu – fəhlənin sinfinin adamı. İkisi də inqilab ideyaları üçün quldurluq edib. İkisi də türmələrdən keçib. İkisi də işgəncə və alçaldılmalara məruz qalıb. Axırda ikisi də dövlət başçısı olub. Amma onlar xasiyyətləri, adamlıqları etibarilə tamamilə bir-birinə zidd insanlardır.
Söhbət 1878-ci ildə doğulan və 1953-cü ildə ölən sovet diktatoru İosif Stalindən və 1935-ci ildə anadan olan, 2025-ci ildə vəfat edən Uruqvay demokratı Xose Muxikadan gedir.
Stalin haqqında yüz ildir, yazılır, bitmək bilmir, o, şəxsiyyətinə və fəaliyyətinə görə bəşər tarixinin ən məşhur personajlarından (Yuli Sezar, Çingiz xan, Napoleon kimi) biridir.
Xose Muxika haqqında çox yazılmayıb, amma bundan sonra həmişə yazılacaq. Çünki o, öz həyat tərzi, mübarizəsi ilə siyasət dünyasında parlaq iz qoyub.
Stalin də solçu ideyalara, insanlar arasında haqq-hüquq bərabərliyinə inanıb, Xose Muxika da bu ideyalara könül verərək mübarizə meydanına atılıb.
Stalinin inqilabi kod adı Koba, Muxikanınkı Pepe olub.
Muxika da həyatını dünyanı dəyişməyə həsr edib, Stalin də. Stalin gerçəkdən də dünyanı, yaxşılığa doğru olmasa da, dəyişməyə nail olub, yeni bir dünya düzəni yaradıb. Muxika isə, öz etirafına görə, heç nəyə nail olmayıb, amma bu yöndə möhkəm çalışıb.
Stalin inqilab üçün bank yarmaq, varlılardan xərac toplamaq işinə bizim Bakıda baxıb. Ötən əsrin əvvəllərində Bakı neftinin gətirdiyi milyonları xəzəl kimi havaya sovuran maqnatlar mədənlərinin yandırılacağı qorxusu ilə ona xərac veriblər.
Muxika isə inqilab yolunda banditliyi Montevideoda edib. O, bankları qarət etdiyinə görə özünü sona qədər günahkar hiss etməyib və bu əməlini danmayıb, hətta öyünüb və belə bir söz deyib: “45 kalibrli tapança ilə banka girmək gözəldir. Hamı dərhal sizə hörmət edir”.
Ancaq Muxika özünə olan sonrakı hörməti tapança ilə qazanmayıb, mübarizəsi, dönməzliyi, sınmazlığı ilə qazanıb. Adam 12 il təkadamlıq kamerada saxlanılıb, elə işgəncələr görüb ki, sonradan övlad sahibi ola bilməyib.
Stalin isə öz mübarizəsi, qoçaqlığı, hiyləgərliyi ilə kompartiya liderlərindən birinə çevrilsə də, ümumxalq hörmətini sərt qərarları, qəddarlığı, güzəştsizliyi ilə qazanıb. Ondan qorxanlar hörmət edənlərdən qat-qat çox olub.
Muxikanı dünyanın “ən kasıb prezidenti” adlandırırlar və həqiqətdir. Doğrudan da onun dünya malında gözü olmayıb, köhnə evdə yaşayıb, köhnə avtomobil sürüb, rüşvət almayıb, prezident maaşının çox hissəsini (90 faizini) xeyriyyə fondlarına köçürüb, dövlət təminatından imtina edib, özündən sonra nə bir mülkü, nə də əmanəti qalıb. Bu məsələdə onu yalnız İsrail dövlətinin qurucusu David Ben Qurionla müqayisə etmək olar. O da zahidanə (asketik) həyat tərzi sürüb.
Qismən Stalin də o cür həyat sürüb. O da pul, varidat yığmayıb, şəxsi mülkü, avtomobili olmayıb, dövlətdən böyük olmayan məbləğdə maaş alıb, hətta qızı Svetlanaya vermək üçün Kremlin işlər müdirinin ünvanına məktub yazaraq “maaşa qədər borc” xahişi edib, iki-üç dəst hərbi mundir səciyyəli libası olub. Ancaq Stalin yemək-içmək məsələsində özünə korluq verməyib. O, az qala günaşırı Kremldə, bağ evlərində təntənəli ziyafətlər təşkil edib, Gürcüstandan xüsusi olaraq onun üçün hazırlanmış delikates şərab, xarici ölkələrdən ekzotik meyvələr gətirtdirib, tez-tez kurorta və sanatoriyalara gedib.
Muxika isə bunların heç birini etməyib. Bəlkə də hakimiyyətə daha gənc yaşlarında gəlsəydi, o da dünya nemətlərinə biganə olmazdı, amma prezident postuna 75 yaşından sonra oturan qoca inqilabçı məhrumiyyət içində keçmiş illərinin ləzzətlərini kompensasiya etmək fikrinə düşməyib.
Onunla Stalinin arasında çoxsaylı fərqlərdən biri və ən böyüyü insanpərvərlikləridir.
Stalin nəinki ona və silahdaşlarına əziyyət verən köhnə düşmənlərini – çar rejiminin məmurlarını, hətta çörək kəsdiyi, qədəh toqquşdurduğu silahdaşlarını da kütləvi şəkildə məhv edib.
Muxika isə öz silahdaşlarına toxunmayıb, onu ata olmaqdan məhrum edən, dostlarını qırıb-çatan köhnə düşmənlərindən də şəxsi qisasını almayıb. O, xalqa qarşı cinayət törətmiş şəxslərin qanun qarşısında cəzalandırılmasını istəyib, amma ölkənin qanunları buna yol vermədiyindən və o qanunları dəyişdirmək mümkün olmadığından Muxika əsl demokrat kimi reallıqla barışıb.
Stalin 30 il ərzində hakimiyyətdə (1922-1953) olub, dünyanın ən böyük ölkələrindən birinə rəhbərlik edib. Muxika isə dünyanın kiçik ölkələrindən biri olan Uruqvayda hakimiyyətdə cəmi 5 il (2010-2015) qalıb, sonra yenidən senator seçilib.
Onların ikisi də öz ölkələrinin etnik azlıqlarının nümayəndəsi olub. Gürcü kimi tanıdığımız Stalinin əslində osetin əsilli olduğuna dair iddialar var, Muxika isə bask əsilli olub.
Stalin 75 il yaşayıb, ölümünün təbii olmadığına, silahdaşlarının köməksiz vəziyyətdə düşmüş liderdən can qurtardıqlarına dair versiyalar var. Muxika isə 90 il yaşayıb və həm silahdaşlarının, həm də xalqının sevimlisi olub.
Araz Altaylı, Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ