Onlayn ictimai-siyasi qəzet
Gözlənilən oldu-fevralın 8-də Ukrayna prezidenti Zelenski Zalujnını silahlı qüvvələrin Ali Baş Komandanı vəzifəsindən azad etdi. İndi Ukrayna ordusunda əsas sima general-polkovnik Aleksandr Sırskidir. Ukrayna prezidenti Zalujnının işdən çıxarılmasının səbəbini ənənəvi axşam müraciətində birbaşa açıqlamayıb, lakin Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ilin yayında cənub cəbhəsində həyata keçirdiyi hücumun uğursuzluğunu xatırladıb. Prezident əlavə edib ki, ölkənin cənubunda “durğunluq hissi” var və bu da istiqamətlər Ukraynada ictimai əhval-ruhiyyəyə təsir edib.
Ukrayna Prezident Aparatının rəsmisi Mixail Podolyak Zalujnın getməsini vacib edən səbəbləri sadalayıb, amma bu yalnız publika üçündür, baxmayaraq ki, indi onları da yanıltmaq o qədər də asan deyil. Zalujnın Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə razılaşdığı haqda iddialar var. Əgər bu iddia doğrularsa, demək Zalujnı səfir kimi “sürgünə” razılıq verib. Zalujnın fəal siyasətə atılacağı haqda da çoxdan danışılır, çünki istefaya siyasi ambisiyaları səbəbindən göndərildiyi də əsas versiyalar sırasındadır.
Zelenski artist keçmişini unuda bilmir, o səbəbdən səhnənin əsas ulduzu olmaq psixologiyasından qurtulmayıb. Zalujnının Ukrayna cəmiyyətində hörmət olduğu haqda çox danışılır ki, bu da Zelenskini narahat etməyə bilməzdi. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun bu yaxınlarda keçirdiyi ictimai rəy sorğusunun nəticələri də diqqət çəkir. Araşdırmaya görə, sorğuda iştirak edən Ukrayna vətəndaşlarının 96%-i Ukrayna Silahlı Qüvvələrinə, 88%-i isə birbaşa Zalujnıya etibar edir. Eyni zamanda, sorğuya əsasən, 2023-cü ilin sonuna qədər prezidentə inam 62%-ə düşüb. “The Times” yazır ki, Ukrayna hərbçiləri Zelenski ilə Zalujnı arasındakı münaqişəni məhz sonuncunun populyarlığı ilə əlaqələndirirlər.
Prezident həm də hiss etdi ki, Zalujni özünü çox müstəqil aparmağa başlayıb və Qərb mediasına Kiyevi qıcıqlandıran müsahibələri də bu fikri təsdiqləyirdi. Yeni komandan Zalujnıdan fərqli olaraq, hərbi qulluqçular arasında çox populyar deyil. Qərbin nüfuzlu “Politico” və “The Washington Post” nəşrləri yazır ki, hərbçilər yeni baş komandanı “sovet tipli” hesab edir. Amma onun rəhbərliyi altında Ukrayna Silahlı Qüvvələri Baxmutun müdafiəsi zamanı böyük itkilər verib. Buna görə də əsgərlər Sırskiyə “qəssab” ləqəblərini veriblər.
Zalujnı istefaya gedə də bilərdi, bunu Zelenski ona təklif etdiyi sirr deyil. Amma o istefa ərizəsi yazmadı, prezidenti onunla bağlı qərar verməyə məcbur etdi. Zalujnı istefaya getsəydi, bu o demək olacaqdı ki, general cəbhədəki uğursuzluğunda özünü suçlu bilir. Amma indi onu işdən çıxardılar və bu o anlama gəlir ki, Zalujnın istefasının səbəbləri haqda deyilənlər yalnız Kiyev hakimiyyətinin mövqeyidir.
Zalujnının müstəqil qərar verərək məsələn, Zelenskiyə fəal müxalifətçilik edəcəyi də ağlabatan deyil. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bir neçə gün əvvəl Kiyevdə səfərdə olmuşdu. Bildirilirdi ki, Nuland Zalujnın komandan vəzifəsindən göndərilməsinə qarşı çıxıb, amma belə görünür ki, Zelenskinin və komandasının arqumentləri daha inandırıcı olub.
Belə ki, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov da Zalujnıdan şikayətlənib, generalın Zelenskinin əmrlərinə şübhə ilə yanaşdığını, silah tədarükü ilə bağlı danışıqlarda Müdafiə Nazirliyini kənarlaşdırdığını bildirib.
Maraqlıdır ki, ABŞ Zalujnın işdən çıxarılmasının məsuliyyətini bölüşməyib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Zalujnı Kiyev rəhbərliyinin qərarıdır.
Zelenskinin müdafiə naziri Aleksey Reznikindən sonra Zalujnın da mərkəzi hakimiyyətdən uzaqlaşdırması əlbəttə ki, suallar da doğuracaq. Məlumdur ki, xaricdən əsas pullar müdafiə üçün xərclərə yönəlir. Bu pulların mənimsənilməsi haqda Qərbdə ciddi şübhələr var, hazırda ABŞ Konqresi həm də maliyyə şəffaflığı olmaması səbəbindən yardım paketini ləngidir. Zalujnı orduda təsadüfi adam deyildi, amma o da “yaxanı” çoxdan Pentaqon generallarının əlinə vermişdi...
Zalujnın işdən çıxarılmasının ordudakı əhval-ruhiyyəyə hansı müsbət və ya mənfi təsiri olacağı haqda indidən nəsə demək çətindir. Amma ordunun əsas generalı cəbhədə döyüşdə ölməyib, formal olaraq pis işlədiyinə ona vəzifəsini itirib. Bundan sonra cəbhədə fövqəladə uğur olacağına şəxsən mən inanmıram, yəni bundan sonra nəyin olacağı maraqsızdır, nəyin olmayacağı maraqlıdır...
Nazim SABİROĞLU,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ