Onlayn ictimai-siyasi qəzet
Respublika hərbi polisinin keçmiş rəisi həyəcan təbili çaldı; Rusiya tərəfi əndazəni aşmağa davam edir
Xəbər verildiyi kimi, iki gün qabaq paytaxt Kiyev daxil, Ukraynanın bir sıra vilayətləri Rusiya ordusu tərəfindən yenə kütləvi hava hücumlarına məruz qalıb. Kiyevin mərkəzi Şevçenko, Salomonsk, Qolosevski, Darnitsa və digər rayonlarında ciddi dağıntılar var. Ölənlər və yaralananlar var.
Raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə də endirilib. Həm də bu, ilk belə hal deyil.
Bakı-Moskva münasibətlərindəki gərginliyi nəzərə alsaq, bunu Azərbaycana qarşı dolayı təhdid və ya təxribat saymaq olarmı?
Rövşən Məhərrəmov
Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov hesab edir ki, bütün bunlar təsadüfi deyil: “Son günlər Rusiya ilə Azərbaycan arasında gərginliyin artdığı məlumdur. Şimal qonşumuzda Azərbaycan diasporasına, vətəndaşlarımıza qarşı təzyiqlər durmadan güclənir. Həmvətənlərimiz zorakılığa məruz qalır, iki nəfərimiz döyülərək qətlə yetirildi. Haqlı olaraq, bütün bunlara qarşı Azərbaycanın reaksiyası çox sərt oldu. Xarici İşlər Nazirliyimiz Rusiya səfirinə nota da verdi. Bir sözlə, xoşagəlməyən böyük bir durum yaranıb. Rusiyada yayımlanan verilişlərdə ölkəmizə qarşı aqressiv mövqelər sərgilənir. Solovyovun verilişində Kiyevdəki Azərbaycan səfirliyinin vurulması dilə gətirilib. Hesab edirəm ki, bu, təsadüfi deyil. Bunu bilərəkdən edirlər. Hələ ki səfirliyə zərbə endirmirlər, amma səfirliyin yaxınlığındakı binalara zərbələr endirirlər. Bu da Putin hakimiyyəti və onun ordusunun dəst-xəttidir. Artıq bu çağırışları rus politoloqları açıq şəkildə edirlər. Hesab edirəm ki, bu, Azərbaycana qarşı növbəti təhdiddir. Bilirsiniz ki, son olaraq, III Şuşa Forumunda cənab Prezident açıq şəkildə Rusiyanın işğalını pislədi, Ukraynanın işğalı barəsində ukraynalı jurnalistin sualına "işğalla barışmayın" cavabını verdi. Eyni zamanda Yelena Kurbanovanın Azərbaycan rəhbərinə öz ordusunun simvolunu verməsi rus mətbuatını ayağa qaldırıb. Ölkəmizə qarşı haqsız hücumlar edirlər. Onların endirdiyi zərbələr, sadəcə, bir təhdiddir. Düşünürəm ki, bu proseslər tək bununla yekunlaşmayacaq. Ehtimal edirəm ki, ruslar öz çirkin əməllərindən əl çəkməyəcəklər. Bu günləri mövzu ancaq və ancaq Azərbaycandır. Rəsmi Bakı öz sərbəst siyasətini aparır. Dövlət başçısı xalqı adından öz mövqeyini bildirir, həm Ukrayna, həm də vurulan Azərbaycan təyyarəsi ilə bağlı. Bu günə qədər də ruslar Azərbaycan təyyarəsini vurduqlarını etiraf etmirlər. Bu barədə cənab Prezident son çıxışında qəti mesajını verdi".
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Rusiyanın Azərbaycanla bu tonda danışmasının heç bir fayda verməyəcəyini düşünür: “Rusiyanın xüsusilə son vaxtlar Ukrayna ərazisinə hava zərbələrinin sayını artırdığı müşahidə olunur. Ukraynaya Qərbdən gələn dəstəyin artırılması ilə bağlı aparılan danışıqlar fonunda Rusiya hücumların intensivliyini artırıb və Tramp tərəfindən Rusiyaya verilən müddət çərçivəsində maksimum daha çox əraziləri nəzarətə götürmək istəyir. Məlumdur ki, Tramp Rusiya üçün olduqca ağır nəticələrə səbəb ola biləcək yeni sanksiyalar paketini təsdiqləyə biləcəyini demişdi və Rusiyaya altmış gün vaxt vermişdi. Vaxt gedir, Rusiya isə bütün hücumlarına baxmayaraq istənilən nəticəni əldə edə bilmir. Ona görə də artıq mülki və hərbi obyekt ayırımı etmədən hara gəldi zərbələr endirir. Konkret Kiyevdəki səfirliyimizin ətrafının hədəfə alınmasına gəldikdə isə bu hal ilk dəfə deyil ki, baş verir. Bu cür zərbələrin Azərbaycanla münasibətlərdə gərginlik olduğu anlara təsadüf etməsi isə onu göstərir ki, səfirliyimizin yerləşdiyi ərazi təsadüfən seçilməyib. Əgər təsadüf olsaydı, Rusiya, məsələn, ABŞ və ya Böyük Britaniya səfirliklərinin yaxınlığındakı əraziləri də hədəfə alardı. Amma bu baş vermir. Baş vermirsə, demək ki, səfirliyimizə yaxın ərazinin hədəfə alınmasında da təsadüf ehtimalı olduqca azdır. Rusiya bununla mesaj verməyə cəhdlər edir. Hər bir ölkənin səfirliyinin həmin ölkənin ərazisi olaraq qəbul edildiyini nəzərə alsaq deyə bilərik ki, Rusiya bu addımla bizi hədəfə ala biləcəyinə dair xəbərdarlıq edir. Amma Rusiyanın nə düşünməsindən asılı olmayaraq Azərbaycanla bu şəkildə təzyiq dili ilə danışması heç bir fayda verməyəcək. Bu şəkildə davranışlar onsuz da hər keçən gün beynəlxaq birlikdən təcrid olunan Rusiyanı daha da ağır duruma salır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ