İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik və orta sahibkarlığın payı artır, qanunsuzluq isə azalmır

Ekspert: “Dövlət satınalmaları sahəsindəki problemlər fundamental xarakterlidir”

Bu ilin birinci rübündə Azərbaycanda dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinin payı 96 faiz təşkil edib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Twitter hesabında yazdığına görə, yanvar-mart aylarında dövlət satınalmalarının ümumi məbləği 1,35 milyard manat təşkil edib.

2022-ci ildə isə ümumi satınalmaların məbləği 6,8 milyard manata yaxın olub, bunun da 95 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

Maraqlıdır ki, Azərbaycanda dövlət satınalmaları uzun illərdir qanunsuzluqların yüksək olduğu sahə kimi tanınır. Son illərdə həbs olunan yüksək vəzifəli məmurların dosyelərinə baxanda, büdcədən ayrılan külli miqdarda vəsaitlərin məhz satınalmalar zamanı mənimsənildiyi açıq görünür. Hesablama Palatasının 2022-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, bu sahədəki köklü problemlər olduğu kimi qalmaqdadır.

Milli Məclisdə 2022-ci ildə gördükləri işlərdən danışan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət sifarişi üzrə əsas təhdidləri və dövlət satınalmalarının əsas problemlərini açıqlayıb. Bildirib ki, dövlət sifarişinin formalaşması və icrası üzrə qanunvericilikdə bəzi məsələlərin tənzimlənməməsi və konkret mexanizmlərin olmaması resurs-nəticə əlaqəsinin zəif olması ilə nəticələnir.

Palata sədri dövlət satınalmalarının əsas problemlərinə də toxunub: “Ənənəvi olaraq, dövlət satınalmalarında və ayrı-ayrı növ hüquqi şəxslər tərəfindən satınalmalarda baş verən pozuntularla bağlı məsələlər diqqət mərkəzindədir. Satınalmalar zamanı ehtimal olunan qiymətin düzgün hesablanmaması və vəsaitlərə qənaətli yanaşılmaması kimi hallar üstünlük təşkil edir. Son üç ilin təhlili göstərir ki, qanunvericiliyin tələbləri pozulmaqla müqavilələrə sonradan dəyişikliklərin edilməsi və öhdəliklərinə qarşı vicdanla davranmayan podratçılara qarşı benefisiarlar tərəfindən məsuliyyət tədbirlərinin tətbiq edilməməsi halları artıb.

Palatanın Hesabatından aydın olur ki, ötən il keçirilən 28 auditin 26-da dövlət satınalmaları ilə bağlı pozuntu qeydə alınıb: “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları, mallar (işlər və xidmətlər) üzrə satınalma müqavilələrinin nümunəvi forması, açıq tender və kotirovka sorğusu üsulları ilə aparılması üçün müəyyən edilmiş minimum məbləğlərlə bağlı bir sıra hüquqi aktların tələblərinə riayət edilməməsi halları aşkarlanmışdır. Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dövlət satınalmalarının bütün mərhələləri (planlaşdırma, keçirilmə və müqavilələrin bağlanılması, icra) üzrə nöqsanlara yol verilmişdir. Xarakterik nöqsan və uyğunsuzluqlara malların (işlərin və xidmətlərin) satınalınması zamanı bəzi hallarda dövlət ehtiyaclarının düzgün müəyyənləşdirilməməsini, ehtimal olunan qiymətin ümumiyyətlə və ya adekvat hesablanmamasını, malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməsini və ya satınalma proseduru keçirilmədən dövlət vəsaitinin xərclənməsini, qanunvericilikdəki məhdudiyyətlər nəzərə alınmadan satınalma müqaviləsinin dəyişdirilməsini, subpodrat müqaviləsi ilə bağlı limitlərə əməl edilməməsini, satınalmalar zamanı vəsaitə qənaət olunmamasını, avans ödənişinin yuxarı həddi ilə bağlı limitin gözlənilməməsini, müqavilələrin icrasında gecikmələrə yol verilməsinə görə icraçılara cərimənin tətbiq olunmamasını və s. aid etmək olar.

Bundan əlavə, bəzi obyektlər tərəfindən dövlət satınalmaları sahəsində şəffaflığın təmin edilməsi məsələləri tam diqqətdə saxlanmayıb, bir sıra hallarda malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı elan və nəticələri barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib, yekun protokol müvafiq icra hakimiyyəti orqanına təqdim olunmayıb və ya gec təqdim edilib".

Ekspert: “Azad ticarət zonası Azərbaycanın ixrac həcminin artmasını  şərtləndirə bilər” - 03.05.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, satınalmalar sahəsindəki problemlər fundamental xarakterlidir: “Onları hər hansı bir taktiki dəyişikliklərlə aradan qaldırmaq mümkün deyil. Bunun üçün ciddi bir siyasi iradə, səmimi mübarizə lazımdır. Bunlar olmadığı üçün bu istiqamətdə atılan addımlar, görülən tədbirlər ciddi nəticə vermir, problemlər köklü həll olunmur. Baxın, son illərdə 8 rayonun icra başçısı həbs edildi, yaxud Naxçıvanda böyük korrupsiya faktları aşkarlandı. Lakin bu kimi həbslər presedentə çevrilmir, çünki korrupsiyaya görə cəzalandırma zəifdir. Cəzalandırılan, həbs olunan şəxslər tezliklə azadlığa çıxa bilir, hətta müsadirə olunan əmlaklarını da geri alırlar. Burada həlledici rol siyasi təsir imkanı olan məmurların dövlət satınalmalarında korrupsiyanın qalmasında maraqlı olması oynayır”.

Ekspert bildirir ki, son illərdə Palatanın satınalmalarda daha çox qanunusuzluq faktı aşkarlaması daha çox xərclənən vəsaitlərin həcminin artması ilə bağlıdır: “Bu şəraitdə nə qədər çox vəsait xərclənirsə, bir o qədər də qanunsuzluq halları artır. Buna görə də Palatanın audit apardığı qurumların çoxunda belə faktlar aşkarlanır”.

Yazını hazırladı: Dünya SAKİT

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR