İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik sahibkarlığa vergi güzəşti niyə ləğv edildi - obyektiv və subyektiv səbəblər

Vergi Məcəlləsinə edilən son dəyişikliklə yanvarın 1-dən etibarən 3-dən az işçisi olan, eləcə də təkbaşına fəaliyyət göstərən mikrosahibkarlar üçün güzəştli vergi dərəcəsi (5%) ləğv edilərək 20%-ə qaldırılır. Ekspertlər bunu kiçik ticarətə ciddi zərbə kimi dəyərləndirir. İqtisadçı Rövşən Ağayev sözügedən dəyişikliyi mənfi qiymətləndirib: “Müqayisə üçün deyim ki, azərbaycanlı həmkarlarından daha çox vergi toplayan Gürcüstan vergi orqanı illik dövriyyəsi 165 min ABŞ dolları (270 min manata yaxın) olan xırda sahibkarlıq subyektlərinin gəlirlərini 1% dərəcə ilə vergiyə cəlb edir”, - R.Ağayev bildirib.

Hökumət təmsilçiləri isə deyir ki, bu güzəştlərdən bir çox sahibkarlar sui-istifadə edib və onun ləğvi bu səbəbdən baş verib. Reallıqlar - obyektiv və subyektiv səbəblər nədən ibarətdir? Daha təkmil və sui-istifadəyə yol açmayacaq güzəştlər tətbiq etmək mümkün deyilmi? 

Qeyd edək ki, ötən ilin məlumatına görə, Azərbaycanda sahibkarların təqribən 99,6 faizini kiçik və orta sahibkarlıq (KOB) təşkil edib. Eyni zamanda onların 93,3 faizini mikrosahibkarlıq subyektləri təşkil edib.

Ümumiyyətlə isə pandemiyanın ölkədə orta və kiçik sahibkarlığa ciddi zərbə vurduğu məlumdur. Bu dövrdə kiçik sahibkarların borcları ilə bağlı daha çox narazılıqları yaranmışdı. Sahibkarlar bildirirdilər ki, banklarla ciddi problemləri var, kredit borclarını ödəyə bilmirlər, hər hansı dəstək almırlar. Qeyd edilirdi ki, kiçik sahibkarlara güzəştli kreditlər şamil edilmir. 

Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir  sahibkar daha dürüst olmağa borcludur - "İki sahil"

Fikrət Yusifov: “Güzəştlərin tətbiqi mexanizmi elə dəqiq işlənməlidir ki, onlardan sui-istifadə hallarına yol verilməsin”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov mövzu ilə bağlı Yeni Müsavat” a dedi ki, kiçik sahibkarlığa 75% vergi güzəştləri koronavirus pandemiyası səbəbindən hökumətin sahibkarlığa göstərdiyi dəstək zərfinə daxil olan əsas güzəştlərdən biri idi: “Bu güzəştin tətbiqinə 2022-ci il yanvar ayının 1-dən etibarən başlanmışdı. Əslində hökumətin bu addımı pandemiya səbəbindən fəaliyyətində problemlər yaranmış sahibkarlara dəstək vermək, onların ayaqda qala bilməsi üçün atılmışdı. Hesab edirəm ki, koronavirus pandemiyasının başa çatması ilə bu güzəştin ləğvi də məntiqlidir. Lakin bu deyilənlərlə yanaşı, bu gün ölkədə sahibkarların 90%-dən çoxunu təşkil edən mikrosahibkarlığın dövlətin bu sıradan olan güzəştlərinə ehtiyacı böyükdür. Belə bir addım atılarsa, bu, yaxın bir neçə ildə ölkədə mikrobiznesin inkişafına yetərli dəstək olardı. Lakin bu güzəştlərin tətbiqi mexanizmi elə dəqiq işlənməlidir ki, onlardan sui-istifadə hallarına yol verilməsin. 

Sahibkarlara tətbiq edilən 75% vergi güzəştinin qüvvədə olduğu iki ilin təcrübəsi göstərdi ki, bu güzəştin qüvvədə olduğu dövrdə vəziyyətdən sui-istifadə halları da az olmayıb. 

Odur ki, vergi güzəştlərinin reallaşdırılması mexanizmi elə mükəmməl işlənməlidir ki, onlardan sui-istifadə  hallarına yol verilməsin və ünvanlılıq maksimum təmin edilsin. Ən azından belə güzəştlərdən yanlış istifadə etmək həvəsinə düşənlər üçün sərt maliyyə sanksiyaları nəzərdə tutmaq lazımdır. İnkişaf etmiş ölkələrdə bu sahədə qanunların sərtliyi səbəbindən sahibkarlar risklərə getməkdən çəkinirlər. Sahibkar başa düşür ki, vergidən yayınmaq istiqamətində atdığı hər hansı yanlış bir addım nəinki onun biznesdən məhrum olması ilə nəticələnər, o hətta həbs oluna bilər. Bu mənada Qanunun sərtliyi avtomatik məsuliyyəti artırır".

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

Natiq Cəfərli: “Əslində bu, həddən artıq zərərli bir qərardır, çünki...”

İqtisadçı-ekspert Natiq Cəfərli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikilərini açıqladı: “Əslində bu həddən artıq zərərli bir qərardır. Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklərdən büdcəyə ciddi daxilolmalar olmayacaq. Ən yaxşı halda söhbət 30-40 milyon manata yaxın vəsaitdən gedə bilər, bu da çox cüzi bir məbləğdir. Amma burada minlərlə insan çalışır. Dövlətin əsas siyasəti nədir, iş yerlərinin açılması, insanların özünü dolandıra bilməsi. Mikrosahibkarlıq elə bir sahədir ki, dövlətin ora daha yumşaq yanaşmasına ehtiyac var. Dünyanın hər yerində belədir. Ona görə bu dəyişikliyin məntiqini anlamaq çətindir. Kiçik sahibkarlığa qarşı belə bir qərarın verilməsi ciddi bir büdcə daxilolmalarına səbəb olmayacaq. Amma vətəndaşlar, kiçik sahibkarlar üçün əlavə problemlər yaradır. Burada da yəqin əsas məqsəd "kim güzəştdə qalmaq istəyirsə, əlavə iki işçi götürsün" məntiqi daşıyır. Ölkədə iş yerlərinin açılması ilə bağlı problemlər var. Yəqin ki, İqtisadiyyat Nazirliyi də bu yolla, heç olmasa formal da olsa, işçi sayının artırılmasını rəsmiləşdirilmiş şəkildə istəyir ki, sonradan yeni iş yerləri yarandı tezisini səsləndirə bilsinlər. Yəni bu, sırf formal nöqteyi-nəzərdən baş verəcəksə, normal iş yerlərinin yaranmasına heç bir təsiri yoxdur. Ona görə də mən bunun məntiqini anlamıram. Nə dövlət büdcəsinə xeyri olacaq, nə iş yerlərinin yaradılması ilə bağlı irəliləyiş olacaq, nə də mikrosahibkarlara əlavə yük gətirir. Bu da narazılıqlara səbəb olur. Dövlətin əsas qayəsi on minlərlə insanın pul qazanmasını təşviq etməkdir. Əsas məsələ odur ki, dövlətdən asılı olmayan, özü pul qazana bilən sahibkarlar ordusu yaransın. Bu qərar kiçik sahibkarların fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyub". 

Ekspert sui-istifadə halları ilə bağlı deyilənlərə belə fikir bildirib: “Sui-istifadə edib, nə ediblər? Vergidən yayınıblarmı, xeyr. 5 faiz vergini də veriblər. Əgər vergini 5 faizlə verib, özünə çox pul qalıbsa, bunun nəyi pisdir ki. Dövlətin də siyasəti odur ki, insanlar pul qazansın. Sahibkarın əlində daha çox pul qalırsa, öz istehsalını, xidmətini genişləndirməyə sərf edir. Özünə avtomobil, mənzil alır, məişət əşyaları alır, bu da iqtisadiyyata da xeyirdir də. Bizim hökumət bu barədə çox dar düşünür. Əksinə, nə qədər vergi ödəyəndən sonra daha çox vəsait qalırsa, onu da iqtisadiyyata yatırır. Bu, yanlış yanaşmadır, sui-istifadə halları yoxdur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR