Onlayn ictimai-siyasi qəzet
Casusluq və məxfi əməliyyatlar dedikdə dərhal insanın ağlına supergüclərin kəşfiyyat xidmətləri gəlir. XX əsrin oratalarında ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi, SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi, Britaniyanın “Mİ6” və İsrailin “Mossad”ı gizli əməliyyatları ilə seçilib. Soyuq müharibə dövründə onların əməliyyatları, intriqaları və qarşıdurmaları saysız-hesabsız kitab və filmlərin əsasını təşkil edib. Bununla belə, “Böyük oyun” arenası nəhənglərin duelləri ilə məhdudlaşmayıb. Tarixdə ikinci dərəcəli və ya neytral kimi görünən ölkələrin kəşfiyyat xidmətlərinin heyrətamiz uğurlara imza ataraq, qiymətli məlumatlar əldə etməsinə, tarixdə hadisələrin gedişatına əhəmiyyətli təsir göstərməsinə dair çoxlu faktlar var.
İsti Arktika
Soyuq müharibə dövründə Arktika SSRİ ilə Qərb arasında gizli qarşıdurma meydanına çevrilib. Kanada hərbi hava qüvvələri (RCAF) 1930-cu illərdən Arktikada aerofotoqrafiya və buzlaqların yerdəyişməsi ilə bağlı kəşfiyyat işləri aparıb, lakin 1945-ci ildən sonra bu uçuşlar daha intensiv xarakter alıb.
Ən uğurlu kəşfiyyat uçuşlarından biri 1958-ci ilin mayında baş verib. Kanadanın “Lancaster” kəşfiyyat təyyarəsi SSRİ-nin “Şimal qütbü-6” (SP-6) stansiyası üzərində uçub. Kanadalı pilotlar stansiyanın buz aerodromunda nüvə silahı daşıya bilən “Tu-16 Barsuk” reaktiv bombardmançı təyyarəsini (NATO-nun hesabatlarında adı “Badger” olub) aşkar ediblər. Bu, əsl sensasiya idi!
O ana qədər heç bir Qərb ölkəsi Sovet İttifaqının ən yeni strateji bombardmançı təyyarəsini bu qədər yaxından görməyib. Kanadalılar tərəfindən əldə edilən şəkillər və məlumatlar Qərb analitiklərinə “Tu-16”-nın real imkanlarını, uçuş məsafəsini və potensial təhlükəsini qiymətləndirməyə imkan verib. Ancaq əsas odur ki, SSRİ-nin Arktikanı Şimali Amerikaya zərbə endirmək üçün mümkün istiqamət kimi nəzərdən keçirməsi, stansiyaların nüvə müharibəsi zamanı bombardmançılara yanacaq doldurmaq üçün aerodrom kimi istifadə etməsi məlum olub. Kanadanın güclü olmayan kəşfiyyat xidməti strateji əhəmiyyət kəsb edən məlumatları əldə edib.
Finlandiya “Kalaşnikov”u söküb, RK-60 yığıb
1950-ci illərin ortalarında Finlandiya hərbçiləri köhnəlmiş tüfənglərini əvəz edəcək vasitə axtarıblar və SSSR-nin yeni AK-47 (“Kalaşnikov”) avtomatı ilə maraqlanmağa başlayıblar. Qış müharibəsi və II dünya müharibəsi təcrübəsi finlandiyalılara qısa məsafələrdə meşəlik ərazilərdə döyüş üçün avtomatik silahların vacibliyini göstərib.
Lakin siyasi vəziyyət Finlandiyaya AK-47-ni birbaşa SSRİ-dən almağa imkan verməyib. Buna baxmayaraq, Finlandiya kəşfiyyatı öyrənib ki, AK-47 o vaxt SSRİ-nin Varşava Müqaviləsi Təşkilatı üzrə müttəfiqi olan Polşa ordusunda xidmətə qəbul edilib. Nəticədə ağıllı bir əməliyyat hazırlanıb. Finlandiya hərbçiləri Polşada yaxşı əlaqələri olan bir iş adamı tapıblar, o isə silahın bir modelini almaq üçün danışıqlar aparıb.
Finlandiya silah departamentinin zabiti Erkki Maristo Polşaya gedib və açıqlanmayan bir məbləğə AK-47 prototipini həmin iş adamından alıb. Silah hissələrə sökülüb, gizli şəkildə Qdanskdan Finlandiyanın Kotka limanına üzən ticarət gəmisində daşınıb. Hərtərəfli sınaqlardan sonra finlandiyalı mühəndislər uzun illər ölkə ordusunun standart atıcı silahına çevrilmiş “Kalaşnikov” avtomatının öz versiyasını, RK-60 hücum tüfəngini (sonradan RK-62-yə dəyişdirilib) hazırlayıblar.
"Əlvida, DTK"
SSRİ-nin gizli elmi-texniki kəşfiyyatına cavabdeh “T” idarəsində işləyən DTK-nın 1-ci baş idarəsinin (xarici kəşfiyyat) yüksək rütbəli zabiti Vladimir İppolitoviç Vetrov 1981-ci ildə Fransa əks-kəşfiyyatı DST ilə (Direction de la Surveillance du Territoire) iş adamı vasitəsilə əməkdaşlıq etmək istədiyini çatdırıb. Təbii ki, Fransa casusları bu fürsəti əldən vermək istəməyib və ona “Farewell” (“Əlvida”) kod adını veriblər.
Bir neçə il ərzində Vetrov Qərbdə sovet elmi-texniki casusluq proqramı ilə bağlı DTK-nın 4 mindən çox məxfi sənədini fransız kəşfiyyatına təhvil verib. O, “X xətti” kimi tanınan bu proqramın məqsədlərini, metodlarını, nailiyyətlərini və strukturunu açıqlayıb. Sənədlərdə sovet hərbi və mülki sənayesi üçün DTK tərəfindən hansı Qərb texnologiyaları və nümunələrinin oğurlandığı barədə məlumatlar olub.
Vetrov həmçinin Parisə Qərbdəki sovet səfirliklərində karyerası “X xətti” ilə bağlı olan 250-yə yaxın işçinin adını, habelə ABŞ, Qərbi Almaniya, Fransa və digər ölkələrdə əməkdaşlığa cəlb edilən agentlər haqqında məlumat verib. Vetrovdan alınan məlumatlar sovet “diplomat” casuslarını ölkədən çıxarmaq və “X xətti”nin agent şəbəkəsini zərərsizləşdirmək üçün genişmiqyaslı əməliyyat keçirməyə, sovet elmi-texniki kəşfiyyat proqramına ciddi ziyan vurmağa imkan verib.
Agentin öz taleyi isə faciəli olub. 1982-ci ilin fevral ayında Moskva parkında sevgilisi ilə avtomobilində olarkən yoldan keçən kişi ilə mübahisə edib və onu bıçaqlayıb. Sonra şahidlərdən yaxa qurtarmaq üçün o, sevgilisini öldürməyə çalışsa da, qadın sağ qalıb. Vetrov qətl və qəsdən adam öldürməyə cəhdə görə həbs edilib.
İlkin olaraq istintaq onu casusluqla əlaqələndirməyib. Lakin istintaq zamanı DTK Vetrovun yazışmalarında tərk edilmiş “böyük layihə” haqqında qəribə qeydlər görüb. O, bu dəfə yenidən dindirilib. Vetrov tez bir zamanda Fransaya casusluq etdiyini etiraf edib və edama məhkum edilib. Hökm 1985-ci ildə (digər mənbələrə görə 1983-cü ildə) icra olunub.
Bu hadisələr göstərir ki, casusluq dünyası inanıldığından daha mürəkkəbdir. Gizli müharibədə uğur təkcə fövqəldövlətlərin resurslarından və gücündən deyil, həm də tarixin gedişatını dəyişə biləcək “kiçik” ölkələrin və ya gizli təşkilatların kəşfiyyatçılarının cəsarətindən və peşəkarlığından asılıdır.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ