Onlayn ictimai-siyasi qəzet
Tehranın əlaqələri düzəltmək istədiyi vaxtda SEPAH-ın media orqanları təhdid ritorikasını davam etdirir; Qabil Hüseynli: “Əgər İsraillə əlaqələrimizdən narahatdırlarsa, özlərini Fars körfəzinin gur yerində dənizə atsınlar”
İran dini lideri Seyid Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycana qarşı təhdid ifadələri işlədib. “Yeni Müsavat” “Bakıxeber.com” a istinadən bildirir ki, məqalə “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” başlığı ilə dərc olunub.
Məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunulub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğu vurğulanıb. Ekspertlər bildirir ki, bu qəzetdə gedən yazılar İranın dini rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.
Eyni vaxtda SEPAH-ın maliyyəsi ilə işıq üzü görən “Pelikan.media” saytı da rəsmi Bakını hədələyib. “Azərbaycanın İrana qarşı yeni müttəfiqi: ”Taliban" başlıqlı məqalədə sayt iddia edib ki, Azərbaycan guya ABŞ və İsrailin dəstəyi ilə ölkədə şiə məzhəbinə mənsub adamları həbs etməklə yanaşı, “Taliban”la birlikdə onların yerini vəhhabilərlə “doldurmağa” çalışır. Bundan başqa, yazıda rəsmi Bakının “Taliban”la ciddi əməkdaşlıq etdiyi, hətta səfirliyi onların ixtiyarına verdiyi də iddia olunub.
“Pelikan.media” yazır ki, guya Azərbaycan bununla İrana qarşı yeni qüvvələrin konsalidasiyasını həyata keçirir. Həmin konsalidasiyada isə “Taliban”la müttəfiqlik edir. Amma sayt bununla da yetinməyib. “Pelikan.media” molla rejiminə xitab edərək bildirib ki, Azərbaycan indiyə qədər edilən təzyiq və “cəzalandırma” prosesindən “dərs almayıb”. “Görünür, İran indiyə qədər Azərbaycanı lazımi səviyyədə cəzalandırmayıb. Ona görə də bu dəfə Bakıya əsaslı bir ”dərs" vermək zərurəti yaranıb". Yazıda bir dəfə də olsun “Azərbaycan Respublikası” sözündən istifadə olunmayıb. Sayt ölkəmizi “Bakı Respublikası” kimi təqdim edib.
İran bir müddətdir Azərbaycanla diplomatik əlaqələri düzəltmək, səfirliyimizin yenidən açılması üçün çalışdığını bəyan edir. Həmçinin, Araz çayı üzərində inşa edilmiş “Qıq Qalası” və “Xudafərin” su anbarlarını “dostluq diplomatiyasının nümunəsi” kimi qeyd edir. Buna baxmayaraq, arxa planda Azərbaycana qarşı təhdid ritorikasından da əl çəkmir. Son yazılar da məhz həmin təhdidin nümunəsi olmaqla yanaşı, həm də SEPAH-ın iki ölkə arasında münasibətləri korlaması cəhdindən başqa bir şey deyil.
Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, bu dövlət heç bir hərəkətində səmimi deyil. “İranın anormallığı ondan ibarətdir ki, bu ölkədə ikili idarəçilik var. Biri hökumətdirsə, digəri SEPAH və dini liderə bağlı qüvvələrdir. Faktiki İrandakı hər iki idarəçilik formasına elə Xamenei rəhbərlik edir, amma yeri gələndə daha çox SEPAH və ona tabe olan qüvvələrlə işləyir. Ona görə bu gün İranda SEPAH dedikdə əsl dövlət nəzərdə tutulur. Onun nəşr orqanları da bu nöqteyi-nəzərdən dəyərləndirilir. Çünki SEPAH-ın mətbu orqanları ölkədəki ideoloji işə bir növ yön verir”,-deyə Q.Hüseynli qeyd etdi. Professor vurğuladı ki, əgər Azərbaycan haqda təhdidlər yağdırılırsa, deməli, İranın gələcək siyasəti bu istiqamətdə qurulmaqdadır: “Onların iddialarına gəldikdə, hamısı əsassızdır, böhtandır. Azərbaycan İsraillə normal münasibət saxlayır, ticarət əlaqələri qurub. Belə tərəfdaşlıqdan başqa dövlətə qətiyyən ziyan dəyməz. Özü də İsraillə iqtisadi-ticari əlaqələrin ömrü 30 ildən çoxdur. Azərbaycan müstəqilliyə qovuşandan bu ölkə ilə münasibətlərini qurub. Bu gün İsrail-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Əgər İran cameəsi, yaxud SEPAH qüvvələri bundan narahatdırlarsa, özlərini aparıb Fars körfəzinin gur yerində dənizə atsınlar”.
Əfqanıstana gəlincə, Q.Hüseynli açıqladı ki, Azərbaycanın bu ölkə ilə əlaqələri oradakı keçmiş hökumətin dövründə yaranıb: “Sabiq prezident Əşrəf Qani dönəmində münasibətlər qurulub. İndi ikitərəfli əlaqələr o dövrdəki səviyyədə olmasa da, Əfqanıstan islam təəssübkeşliyi faktorunu nəzərdə tutaraq İranın Azərbaycana qarşı bu və ya digər hərəkətlərini nəinki tənqid edir, üstəlik, Tehrana xatırladır ki, bizə qarşı hər hansı bir hərbi addım əfqan ordusunun ciddi müqaviməti ilə qarşılaşacaq. Yəni burada dövlətlərin bir-birinə hörmət və ehtiramından söhbət gedir. Buna görə İranın qarnı ağrıyırsa, yenə də həkimə müraciət etsinlər”.
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev isə dedi ki, İran rejimi Azərbaycanın uğurlarını, müstəqil xarici siyasətini heç cür həzm edə bilmir. Onun sözlərinə görə, Tehran bizi öz arzuladığı şəkildə görmək istəyir, amma bunu yuxuda görə bilər: “SEPAH həmişə ara qarışdıran mövqe tutub. İran Xarici İşlər Nazirliyi bir tərəfdən əlaqələri sahmana salmaq yönündə açıqlamalar verir, o tərəfdən mətbuat səhifələrində müzakirələrə zərbə vuran yazılar dərc edilir. Azərbaycan bunu etmir, ittiham edən tərəf İran mediasıdır. Bu da sonuncu siyasi konyukturaya uyğun gəlmir və məqsədli şəkildə danışıqlara kölgə salınır. Əgər səfirliyin fəaliyyətinin bərpasını istəyirlərsə, bu hədə-qorxu, təhdid üslubundan əl çəkməlidirlər. Ancaq görünən budur ki, SEPAH və ona bağlı qruplar münasibətlərin gərgin fazada qalmasında maraqlıdır”.
F.Əliyevin sözlərinə görə, İranla münasibətlər normallaşa bilər, səfirliyin də açılması mümkündür, lakin heç zaman Tehran bizə qarşı səmimi davranmayacaq: “Ona görə əlaqələr əvvəlki qədər olmayacaq. Sadəcə, cənub qonşumuzdur, məsafəli münasibət saxlanacaq. Təbii ki, ”Araz" dəhlizi önəmli logistika olacaq, Şimal-Cənub yolu amili var. Yəni iqtisadi-ticari əməkdaşlıq davam etdiriləcək. Bundan başqa, Hindistanla İran arasında əldə edilən razılaşmaya görə, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılacaq. Yüklər əks istiqamətə İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Bu marşrutun fəaliyyətə başlaması üçün Rəşt-Astara dəmir yolunun tikilməsi vacibdir. Rusiya dəmir yolunun tikintisi üçün kredit ayırıb".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ