İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəndirbazlıq unudulur! - ZAMİN HACI YAZIR...

Bugünlərdə Novruz bayramının keçirilməsində bir sönüklük müşahidə elədiyimi yazmışdım. Tək deyilmişəm, dostumuz Vüsal bəy də yazır: “Yadıma düşür, 90-cı illərdə Novruz Fəvvarələr meydanında böyük izdihamla qeyd olunurdu. Bir dəfə o mərasimdən Barış Manço da xüsusi veriliş hazırlamışdı”. Doğrudan da, Barış abinin o verilişi mənim də yaxşı yadımdadır. Bir epizodda polislərimizə çay süzüb söhbət eləmişdi. Yumurta döyüşdürmüşdü. Və nədənsə Keçələ Keçi deyirdi. Maraqlı illər idi. Etibar Məmmədovun fıştırıq çaldığı zamanlar idi. İndiki uşaqlar bilməz. Nəsə. Keçmişlə yaşamaq olmaz, gələcəyə baxmalıyıq.

Məncə bayramın sönüklüyünə müəyyən qədər iqtisadi-siyasi problemlər səbəb olur. Hər personajın payını verməlisən. Necə deyərlər, Kosa bayram xonçası yığıb Keçəlin toyunu eləməlidir, büdcədə qeyri-neft gəlirləri isə azdır. Sözümün daha bir təsdiqini saytda oxudum. Kəndirbazdan müsahibə almışdılar, deyirdi indi bu sənətə maraq azalıb. Sitat: “Qabaqlar 50 kəndirbaz vardı, indi 7-8 nəfər qalmışıq. Gözübağlı çıxış edirik. Sənətimiz çox təhlükəlidir. Öyrənmək istəyənlər olur, amma çətin gəldiyi üçün davam etmirlər”.

Düşünürəm Elm və Təhsil Nazirliyi bu problem haqda tədbirlər görməlidir. El sənəti batır gedir. Narxozun, BDU-nun, ADPU-nun, DBTİ-nin, ADA-nın nəzdində kəndirbaz fakültələri açmaq lazımdır. İldə 500 hüquqşünas yetişdiririk, bizə heç o qədər prokuror, hakim, vəkil lazım olmur. Kəndirbaz lazımdır, onu isə öyrədən məktəb yoxdur. AYB-nin, Kino İdarəsinin içində də fitri kəndirbazlıq istedadı olan gənc, ağsaqqal mütəxəssislər var, lakin onlara təhsil verilməlidir, cilalanmalıdır. Ən azı peşə məktəblərində bu ixtisas açılmalıdır.

Kəndirbazlığın azalmasına sənətkarlara dövlətimizin verdiyi yüksək qiymət də öz təsirini göstərir. Çünki qabaqlar artistlər sadə həyat tərzi sürür, məmnuniyyətlə Novruz personajı olurdular. Ancaq indi hər iki artistdən üçü xalq artisti, dördü isə əməkdar artist adı alıbsa, fəxri təqaüdçüdürsə, onu ipə necə dırmaşdırasan? Hamı xalq artisti olanda Keçəl roluna adam tapılmayacaq.

Yeri gəlmişkən, xarici qara qüvvələr bizim bu sənətə də açıq göz dikiblər. Hörmətli kəndirbaz müsahibəsində daha sonra deyirdi: “Beşgünlük qastrolla Fransaya getmişdim. Proqramıma çoxlu adam gəldiyi üçün məni orada 10 gün əlavə saxladılar”. Sitatın sonu.

Təbii ki, burada Makronun çirkin niyyəti hiss olunur. Milli kəndirbazımızı əlavə saxlayıb, peşə sirlərini öyrənmək niyyəti güdüblər. Fransadan bizə xeyir gəlməz. Bir də gördün kəndirbazlığı erməni peşəsi olaraq YUNESKO siyahısına saldılar.

Həkimlərimiz Almaniyaya, fəhlə sinfi Rasiyaya, müəllimlər Türkiyəyə alverə gedir, kəndirbazları da Fransa toplayır. İxtisaslı kadr böhranı ilə üzbəüz qalmışıq. Əlaqədar təşkilatlar təcili tədbir görsün.

Bir neqativ hal isə həyatın bütün sferalarında olan virtuallaşmanın, elektronlaşmanın müqəddəs bayramımızı əhatə etməsidir. Bayram günlərində polis idarəsinin vətəndaşlara müraciətini oxuduq. Yazırdılar ki, ay millət, internetdə virtual papaqatma yayılıb, nəbadə ona qoşulasınız, bank kartlarınızın şifrəsini ələ keçirib pulları oğurlayırlar.

Maraqlı haldır. Sən demə adamların telefonuna virtual papaq atırlar, onu açıb içinə beşdən-üçdən qoymaq istəsən hesab əldən gedir. Daha internetə də etibar qalmayıb, kimə inanasan?

İnamsızlıq bütün sahələrdə kadr axınlarına səbəb olur. Tək kəndirbazlıq olsa nə vardı? Bugünlərdə xəbər lentində qüssəli bir informasiya gözümüzü deşdi: “Tanınmış hakimlər yaş həddinə görə pensiya çıxmışdır”. Mənə dərhal maraqlı gəldi ki, görəsən bunlar nə üzrə tanınmışdır. Aradım, məlum oldu biri 3 il qabaq koronavirusa yoluxub, o biri isə müxalifətçiləri dəstə-dəstə türməyə basmağı ilə ad qazanmışdır. Başqa elə bir məşhurluq halına rast gəlinmədi.

Ancaq tanınmış hakimi pensiyaya göndərəndə onun yerinə tanınmamış hakim gəlir. O da özünü tanıdana qədər neçə müxalifətçi basmalıdır. Müxalifətçi isə gündən-günə azalır. Defisit məhsuldur.

Gəldiyim qərar budur ki, biz həmçinin müxalifətçi yetişdirməliyik. İndi söz əlaqədar təşkilatlarındır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR