Onlayn ictimai-siyasi qəzet
Ekspertlər bu istiqamətdə işlərin sürətləndirilməsini vacib sayırlar
Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı iqlim dəyişikliyinin inflyasiyaya təsiri ilə bağlı proqnozunu açıqlayıb. Bildirilib ki, iqlim dəyişikliyi son illərdə təkcə ekoloji deyil, həm də iqtisadi sabitlik baxımından ciddi risklər yaradır. Bu risklər arasında xüsusilə ərzaq inflyasiyası və ümumi qiymət artımları önə çıxır.
Tənzimləyiciyə görə, 2035-ci ilə kimi iqlim dəyişikliyi Azərbaycanda ərzaq inflyasiyasına 1.5 - 2.0 faiz bəndi artırıcı təsir edəcək. AMB hesab edir ki, ümumi inflyasiyaya təsir isə 0.5 - 1.0 faiz bəndi ola bilər. Qeyd olunub ki, artan temperatur və iqlim riskləri, xüsusilə kənd təsərrüfatında məhsuldarlığın azalması qiymət artımını şərtləndirir.
Ümumilikdə iqlim dəyişikliklərinin qlobal təsirləri nəticəsində ərzaq inflyasiyası illik 3.2 faizə qədər, ümumi inflyasiya illik 1.18 faizə qədər arta bilər.
Məlumdur ki, Azərbaycan qlobal iqlim dəyişikliyinin mənfi təsirlərinə ən çox məruz qalan 18 ölkə sırasındadır. Bu təsir həm yağıntıların azalması, həm onların qeyri-bərabər paylanması, həm də torpaqlarda səhralaşma formasında özünü göstərir. Son illərdə ilin müəyyən dövrlərində qəfil və güclü yağıntılar böyük sel-daşqın fəlakətlərinə səbəb olur, digər dövrlərdə quraqlıq kənd təsərrüfatı əkinlərini məhv edir və sair. “4-cü AqroBiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində çıxışı zamanı Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin dediyinə görə, bu ilin 16 aprel tarixində ölkəmizdə, paytaxt Bakı şəhəri də daxil olmaqla, bir gündə üç aylıq yağıntı norması qədər yağış yağıb və 17 dağ çayında sel və daşqınlar baş verib. O qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və FAO-nun məlumatına görə, son 30 ildə baş verən fəlakətlər kənd təsərrüfatında təxminən 3,8 ABŞ trilyon dolları, yəni hər il orta hesabla 123 milyard ABŞ dolları və ya illik qlobal kənd təsərrüfatı ÜDM-nin 5 faizi qədər zərərə səbəb olub:
“İqlim dəyişikliyi şəraitində kənd təsərrüfatının dayanıqlı inkişafı üçün tədqiqat və yeni texnologiyaların tətbiqi böyük əhəmiyyət daşıyır. Fermerlər üçün qənaətli əkinçilik və innovativ suvarma üsulları suya və vaxta ciddi qənaət etməyə imkan verir. İqlim dəyişiklikləri kənd təsərrüfatına mənfi təsir göstərdiyi kimi, kənd təsərrüfatı fəaliyyəti də iqlim dəyişikliklərinə səbəb olan amillərdən biridir. Hazırda qlobal səviyyədə yaranan istixana qazlarının təxminən 20 faizi məhz bu sahə ilə əlaqədardır”.
M.Babayev bildirib ki, Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün əsas addımlar su və torpaq resurslarının səmərəli idarə olunması, suvarma sistemlərinin modernləşdirilməsi, su itkilərinin azaldılması və torpaq münbitliyinin qorunması ilə bağlıdır: “Eyni zamanda məhsuldarlığı artırmaq üçün quraqlığa, şoranlığa və istiliyə davamlı bitki sortlarının yetişdirilməsi və müasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Həmçinin aqroparkların inkişafı ekoloji və iqtisadi cəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə və pestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir.
Bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir. Bu əməkdaşlıq çərçivəsində yeni texnologiyalar və rəqəmsal həllər tətbiq olunmalı və məhsuldarlıq artırılmalıdır.
İqlim dəyişiklikləri ilə mübarizə geniş, əlaqələndirilmiş və uzunmüddətli tədbirlər tələb edir. Kənd təsərrüfatında bu təsirləri azaltmaq üçün fermerləri məlumatlandırmaq və onların istehsal vərdişlərini iqlim şəraitinə uyğunlaşdırmaq vacibdir"(APA).
Qeyd edək ki, son illərdə hökumət rəsmilərinin kənd təsərrüfatında iqlim dəyişikliyinin təsirlərinə adaptasiya ilə bağlı çıxışları müntəzəm olaraq səsləndirilir. Lakin hələ də ölkədəki əkin sahələrinin 10 faizi belə müasir və qənaətli suvarma sistemləri ilə əhatə olunmayıb. Dövlətin bu sahədə qoyduğu tələblər, tətbiq olunan təşviq mexanizmlərinin ciddi bir nəticə verdiyini söyləmək qeyri-mümkündür. Məsələn, müasir suvarma sistemləri ilə təmin olunmuş buğda sahələrindən əldə olunacaq yüksək keyfiyyətli buğdanın hər tonuna görə dövlətin 100 manat ödəməsini nəzərdə tutan mexanizm 2022-ci ildən tətbiq olunsa da, ölkədə bu məhsulun istehsalı ildən-ilə azalır. Eyni zamanda pivot suvarma sistemləri ilə təchiz olunan buğda sahələrində artım çox cüzidir.
Hazırda ölkədə salınan müasir və qənaətli suvarma sistemlərinə malik meyvə bağlarına, əkinlərə ayrılan dövlət subsidiyasının məbləği belə sistemlərin olmadığı sahələrdən daha çoxdur. Eyni zamanda müasir suvarma sistemlərinin idxalı və quraşdırılması üçün də dövlət dəstəyi tətbiq olunur. Lakin bu tədbirlər kiçik fermerləri, kəndli təsərrüfatlarını əhatə etmədiyinə görə proses ləng gedir. Buna görə də ekspertlər aqrar sahəyə, xüsusilə iqlim dəyişikliklərinə adaptasiya məqsədli dövlət dəstəyi mexanizminin bütün istehsalçıları əhatə etməsi üçün addımların atılmasını zəruri hesab edirlər. Bu isə dövlətin daha sürətli və effektiv təsirə malik mexanizmlər tətbiq etməsini son dərəcə vacib hala gətirir.
Digər məsələ ölkədə mövcud olan torpaq su kanallarının örtülü və dəmir-beton kanallarla əvəzlənməsidir. Kifayət qədər vəsait tutumlu bir proses olan bu işin də sürətini qaneedici saymaq mümkün deyil. Ekspertlər bu istiqamətdə də işlərin sürətləndirilməsini vacib sayırlar.
Yazını hazırladı: Dünya SAKİT
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ