Onlayn ictimai-siyasi qəzet
Qobustan şəhərində yerləşən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində yaşayan 1970-ci il təvəllüdlü Tahir Həsənov mərkəzdəki şəraitdən narazıdır.
Musavat.com-a müraciət edən Tahir Həsənov deyib ki, Adaptasiya Mərkəzinə bu ilin fevralında köçürülüb:
“2024-cü ilin iyununda həbsdən azad olundum. Bundan sonra ev kirayələdim, işləyib həyatımı yaşamağa başladım. Lakin beynimdə və bağırsaqlarımda quruma getdiyindən işləyə bilmədim. Kirayə pulunu da ödəyə bilmədim deyə evdən çıxmalı oldum.
Bundan sonra Zabrat qəsəbəsində yerləşən sosial mərkəzə müraciət etdim. Orada sığınacağa yerləşdirildim. Orada şəraitə söz yoxdur. 2 ay qalandan sonra dedilər ki, həbsdə olduğuma görə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinə köçürülürəm. Bu ilin fevralında bura köçürdülər”.
Tahir Həsənov bildirib ki, hazırda məskunlaşdığı Sosial Adaptasiya Mərkəzində şərait cəzaçəkmə müəssisəsindən çox da fərqlənmir:
“Adında Sosial Adaptasiya Mərkəzi sözləri olsa da, faktiki olaraq türmə şəraitidir. Burada 5 nəfər məskunlaşmışıq. Biri gözdən, digəri ayaqdan əlildir. Mərkəzin əməkdaşları bizə ərazini tərk etməyə icazə vermirlər. Sanki cəzaçəkmə müəssisəsindəyik. Şikayət edirəm, deyirlər ki, səni Maştağadakı dəlixanaya saldıracağıq.
Bu adamlara izah edə bilmirəm ki, bura Sosial Adaptasiya Mərkəzidir, türmə deyil. Bizi buradan çıxmağa, Qobustan şəhərini gəzməyə qoymurlar. Siqaret almağa belə küçəyə çıxa bilmirəm. Deyirlər ki, pulunu ver, özümüz alıb gətirək”.
T. Həsənov deyib ki, israrla Ombudsman Səbinə Əliyeva ilə əlaqə saxlama çalışsa da, buna nail ola bilmir:
“Ombudsman Səbinə Əliyevanın nömrəsini bilən yoxdur. Ona görə də məcbur olub onun deputat həyat yoldaşı Siyavuş Novruzovun nömrəsini axtardım, Milli Məclisə zəng vurdum. Oradan da ombudsmanlığa yönləndirirlər. Ombudsmanlıqdan da deyirlər ki, ərizənə baxılacaq. Halbuki, mən ərizəyə baxılmasını istəmirəm. Bura, Qobustan şəhərində yerləşən Sosial Adaptasiya Mərkəzinə Ombudsman Səbinə Əliyevanın və ya bir nümayəndəsinin gəlməsini israrla tələb edirəm”.
Tahir Həsənov bildirib ki, Sosial Adaptasiya Mərkəzində gündə 3 dəfə ortabab qidalanma var:
“Səhər yeməyi normaldır. Günorta borş, sup verilir. Kartofu da əzib verirlər. Hamam yoxdur. Məcbur olub qəhvədanda su qaynadıb yuyunuruq. 2 aydır ki, çimə bilmirəm. Həkim problemi var. Faktiki olaraq müalicə olunmuram. Ombudsman Səbinə Əliyevadan xahiş edərm ki, Sosial Adaptasiya Mərkəzinə gəlsin, məni dinləsin”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ