İnsanlara hürriyət, millətlərə istiqlal!

Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə

Gürcüstan Azərbaycanla Ermənistanı barışdırmaq üçün iş aparır

“Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatı birmənalı olaraq alqışlayır. Hesab edirik ki, bu, təhlükəsiz və sabit Cənubi Qafqaz regionunun birgə yaradılması üçün gələcək birgə səyləri tələb edən mühüm prosesin başlanğıcıdır”.

Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarı Vaaqn Xaçaturyanla görüşdən sonra deyib.

“Gürcüstan neytral ölkə kimi regionda təhlükəsizliyi təmin etmək potensialına malikdir və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlıdır”.

Bunu isə Gürcüstan parlamentinin sədr müavini Giya Volski deyib. O, prezident Mixail Kavelaşvilinin Azərbaycana səfərindən bir neçə gün sonra Ermənistana səfərini şərh edərkən deyib: “Hesab edirəm ki, hər iki ölkənin münasibəti oxşardır. Onların xarici işlər nazirləri bu yaxınlarda Tiflisə səfəri zamanı bizim xarici işlər nazirimizlə görüşdə də eyni münasibəti ifadə ediblər. Gürcüstan Prezidentinin gəlişi bizim tərəfimizdən belə münasibətin simvoludur. Qonşularla, xüsusən də strateji tərəfdaşlarla münasibətlərin inkişafı bizim üçün xüsusi maraq kəsb edir”.

Vitse-spikerin bu bəyanatından da məlum olur ki, gürcü prezidentin Bakı və İrəvan səfərində əsas məramlardan biri də Tiflisin vasitəçilik, yaxud görüşlər üçün ev sahibliyi istəkləri olub. Əslində “Qafqaz evi” ideyasından çıxış etsək, Gürcüstanın sülh prosesinə töhfə verməkdə daha səmimi olduğunu söyləyə bilərik. Rusiya, ABŞ və Avropa Birliyindən fərqli olaraq, Tiflisin bu məsələdə xüsusi ambisiyası yoxdur.

Gürcüstan Prezidentinin Azərbaycanda və Ermənistanda keçirdiyi görüşlərin sülh danışıqlarına hansı təsirləri ola bilər? Bakının son iki şərti məlumdur, onları yerinə yetirmədən Cənubi Qafqaz məkanında danışıqlardan nə kimi nəticələr gözləmək lazımdır?

Aydın Quliyev: Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan həqiqətən Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında maksimal dərəcədə maraqlıdır. Çünki hər iki ölkə ilə əməkdaşlıqdan, hər iki ölkənin arasında əlaqələrin yaranmasından Gürcüstanın götürəcəyi faydalar var: “Ayrılıqda bu gün Gürcüstan həm Azərbaycanla, həm də Ermənistanla yaxşı, hərtərəfli əməkdaşlıq münasibətlərindədir. Amma Gürcüstanda strateqlər yaxşı anlayırlar ki, onun iki düşmənçilik münasibətində olan qonşusunun öz aralarında barışması Azərbaycanın və Ermənistanın iqtisadi-ticari potensiallarının birləşdirilməsi və bunların Gürcüstanın üzərindən reallaşdırılması Gürcüstana əlavə dividentlər gətirə bilər. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması bölgədə təhlükəsizliyə və sabitliyə növbəti bir qarant yaratmaqla Gürcüstanın mənafelərinə tam şəkildə cavab verir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Gürcüstan maraqlı olduğunu indiyə qədər dəfələrlə müxtəlif jestlərlə ifadə eləyib. Eyni zamanda Azərbaycanın bu ölkədə Ermənistanla danışıqlar üçün platforma verməsi ilə bağlı mesajlarına biz Gürcüstandan anlayışlı müsbət reaksiya görmüşük. Hətta Gürcüstan açıq şəkildə dəvət edib ki, Azərbaycan və Ermənistan rəhbərləri Tiflisdə sülh danışıqları apara və hətta sülh sazişini burada imzalaya bilərlər. Həmçinin bu gün Cənubi Qafqazda problemlərin həlli və potensiallardan istifadənin ən gözəl formatlarından biri olan 3+3 formatının Gürcüstanın maraqları çərçivəsində olduğunu da anlayır. Sadəcə, Rusiya ilə bağlı bəlli problemlər üzündən hələlik müsbət qərar verməkdən çəkinir”.

Siyasi analitik qeyd etdi ki, Gürcüstanın Ermənistana təsir imkanları mövcuddur, amma həlledici deyil. Bu imkanlardan istifadə edib İrəvanı Bakı ilə sülh sazişi imzalamağa razı salmağa, həmçinin Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması şərtinin yerinə yetirilməsinin zəruriliyinə inandırmağa çalışa bilər: “Çünki Bakının və İrəvanın sülh sazişini imzalaması bu iki ölkə qədər Gürcüstanın da mənafelərinə uyğundur. Bu mənada Tiflisin bu gün Azərbaycan-Ermənistan sülh prosesində apardığı siyasətin səmimi olduğuna şübhə yoxdur.  Gürcüstanın səylərinin istənilən real nəticəyə gətirib çıxarması isə təkcə Gürcüstandan asılı deyil. Ona görə də Ermənistana daha ciddi təsir edən böyük qüvvələr, dövlətlər də var ki, həmin qüvvələr İrəvana sülh sazişini imzalamağa imkan vermək istəmirlər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR