Onlayn ictimai-siyasi qəzet
Adamın adının üç variantı var: Jozef, Cozef, Xosep. Ruslar və fransızlar ona Jozef deyirlər, bizdə Cozef kimi gedir, amma ana vətənində onun adı Xosepdir, Xosep Borrel Fontelyes.
O, 1 dekabr 2019-cu ildən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsidir. İndiyədək ad-soyadına, bir də davranışlarına görə onu gendən-genə tanıyanlar hesab edərdi ki, Borrel fransızdır. Ancaq o, fransız deyil, sadəcə, birinci arvadı fransız qızı Karolin Mayer olub. Bir də Xosep gəncliyində Fransa universiteti bitirib.
Xosep Borrel ispandır, 1947-ci ildə Kataloniya əyalətinin Pobla de Segur kəndində anadan olub. Onun atası çörəkçi olub və Xosep 10 yaşında məktəbi tərk edərək onun yanında işləyib, təhsilini qiyabi olaraq davam etdirib. Sonra orta məktəbi Lleydada (Kataloniya) başa vuran Xosep mühasibat uçotu üzrə təhsil almaq üçün Barselonaya gedib, orada təhsilini yarımçıq qoyaraq Madrid Politexnik Universitetində aerokosmik mühəndislik ixtisası üzrə təhsil alıb. Madriddə oxuyarkən o, Komplutense Universitetində iqtisadiyyat üzrə də təhsil alıb. Borrel ABŞ və Fransada təhsilni davam etdirib, doktorluq dissertasiyası müdafiə edib. Onu “ən savadlı ispan sosialisti” adlandırırlar.
Borrel 1972-1981-ci illərdə İspaniyanın CEPSA milli neft şirkətində mühəndis işləyib. 1982-ci ildə yeni İspaniya Sosialis Fəhlə Partiyasının qurduğu hökumətin baş naziri Felipe Qonsales onu maliyyə naziri vəzifəsinə təyin edib. 1986-cı ildə o, Barselona əyalətindən İspaniya parlamentinə seçilib və 2004-cü ilə qədər parlamentin üzvü olaraq qalıb.
1998-ci ildə partiyanın 2000-ci il ümumi seçkilərində hansı namizədi irəli sürəcəyini müəyyən etmək üçün ilkin seçkilərdə İSFP baş katibi Xoakin Almuniya ilə yarışıb, 1999-cu ildə İSFP-nin təzyiqi ilə istefaya getməyə məcbur olub.
2004-cü ildə baş nazir və İSFP-nin yeni baş katibi Xose Luis Rodriges Zapatero Borreli Avropa parlamentinə seçkilərdə sosialist namizədlərin siyahısına rəhbərlik etməyə dəvət edib. Nəticədə Borrel seçkidə cüzi üstünlüklə qalib gələ bilib.
2014-cü ildə Borrel Avropa Parlamentinin sədri postuna seçkidə səsvermənin birinci turunda mütləq səs çoxluğunu (700 səsdən 388) toplayıb, 2017-ci ilə qədər bu vəzifəni daşıyıb.
2018-ci ilin iyun ayının 7-dən 2019-cu il noyabrın 1-dək o, Pedro Sançes hökumətində xarici işlər naziri postunu tutub.
2019-cu il iyulun 2-də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları fövqəladə sammitində xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə vəzifəsinə Xosep Borrelin namizədliyini irəli sürüblər. O, 2019-cu il dekabrın 1-də vəzifəsinin icrasına başlayıb.
Beləliklə, uşaqlığı maddi məhrumiyyətlər içində keçən, bu üzdən orta məktəbdə qiyabi oxuyan Xosep Borrel hazırda Avropanın ən məşhur siyasi xadimlərindən biridir. 1998-ci ildən o, İspaniyanın keçmiş ətraf mühit naziri Kristina Narbona ilə birlikdə yaşayır.
İndi bu şəxs Azərbaycana düşmən kəsilən siyasilərdən birinə çevrilib. Artıq neçənci dəfədir ki, o, Azərbaycan dövlətinə qarşı əsassız, qərəzli ittihamlar irəli sürür.
Yazının əvvəlində Borrelin İspaniya siyasətçisi olduğunu, Kataloniyada doğulduğunu əbəs yerə xatırlamadıq. Əgər bu şəxs səmimi və gerçək demokrat olsaydı, öz ölkəsindəki separatizm hərəkatına münasibətdə də müdafiəçi rolunda çıxış edərdi.
Bütün dünyaya əyandır ki, Kataloniya xalqı illərdir İspaniyadan ayrılmaq, öz dövlətini qurmaq istəyir və inkişaf etmiş yeni bir Avropa dövləti olmaq üçün katalonların hər cür resursları var. Üstəlik, bu xalq Avropada öz müqəddəratnın təyin etməmiş ən çoxsaylı (10 milyon civarında) xalqdır. Həm də kataloniyalı liderlər müstəqillik yolunda heç bir ekstremist hərəkətə yol vermir, ispanlarla düşmənçilik aparmır, nə hərbçilərə, nə mülki şəxslərə ziyan vermirlər, sadəcə, referendum və seçkilər keçirir, xalqın iradə və arzularına uyğun olaraq dinc mübarizə aparırlar.
Ancaq ön sırasında kataloniyalı Xosep Borrel də olmaqla İspaniya rəhbərləri Kataloniyanın dinc mübarizəsinə qarşı sərt tədbirlər görürlər. Bir neçə il öncə katalonların lideri Karles Puçdemondan başqa əyalətin bütün rəhbərləri həbs edilərək türməyə salınıb, uzunmüddətli cəzalara məhkum ediliblər. Hazırda Kataloniya hökuməti sədrinin müavini olmuş Oriol Junqueras, Kataloniya hökumətində xarici işlər üzrə müşavir işləmiş Raul Romevu, “Milli Kataloniya Assambleyası” ictimai təşkilatının rəhbəri Jordi Sançes, Omnium Cultural təşkilatının sədri Jordi Laborçarta, dövlət müşaviri Dolores Bassu və Kataloniya parlamentinin keçmiş sədri Karme Forkadell Madriddə həbsxanada, qatillərlə birlikdə cəza çəkirlər.
Xosep Borrel isə Avropanın mərkəzindəki, öz ölkəsindəki açıq haqsızlığı görməzliyə vuraraq, gəlib Avropanın ucqarındakı Qafqazda erməni separatçıları müdafiə edir.
Hələ ötən ilin sentyabr ayının 19-da Azərbaycan ordusu Xankəndi ətrafında lokal antiterror əməliyyatı keçirəndə ilk etiraz bəyanatı Borreldən gəlib. Baxaq, görək, İspaniya ordusu Kataloniyaya hücum edərək əliyalın separatçıları həbs edəndə Borrel cınqırını çıxarıbmı? Xeyr. Əksinə, separatizmin boğulmasını, separatçıların həbsini alqışlayıb.
Bizə gələndə isə adam “alovlu demokrat”a, “haqq-ədalət çarçısı”na dönür. Onun müdafiə etdiyi erməni separatçılar isə 35 il boyunca Azərbaycana qarşı əsl müharibə aparıb, minlərlə mülki insanı qətlə yetirib, girov götürüblər. Borrelə görə onlar günahsızdır.
O və digərləri tez-tez Bakıda həbsdə olan separatçı erməni liderlərə azadlıq tələb edirlər, eyni şeyi qətl və girovgötürmə kimi ağır cinayətlər törətməmiş katalon liderlər üçün tələb etmək heç birinin ağlına gəlmir.
Borrelin səsləndirdiyi fikirlər getdikcə absurd səciyyə alır. Ermənilərin özləri Qarabağdan köçən ermənilərin sayını 120 min göstərdiyi halda, Borrel artıq bu sayı 150 minə çatdırıb. Yəqin ki, ermənilər və Borrel kimilər bir-birinə ötürmə edə-edə qarabağlı erməni qaçqınların sayını 1-2 ilə yarım milyona çatdıracaqlar.
Yaşı 77-ni haqlamış bu şəxsin ermənilər tərəfindən ələ alınıb-alınmamasından asılı olmayaraq, birmənalı şəkildə onu demək olar ki, o, qərəzli mövqedədir və belə bir mövqe tutaraq həm də arbitrlik etməkdən utanmır.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ