Onlayn ictimai-siyasi qəzet
Avqustun 15-dən etibarən ölkədə internet bahalaşıb. Dünya ölkələri ilə müqayisədə son bahalaşmadan öncə belə Azərbaycanda internet tarifləri yüksək, xidmət səviyyəsi isə qaneedici deyildi.
Srağagündən isə Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğində dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s-yə üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.
Belə ki, abunəçilərə 100 Mbit/s-yə internet üçün 25 AZN, 150 Mbit/s-yə internet üçün 30 AZN, 250 Mbit/s-yə internet üçün isə 36 AZN təklif edilir.
Maraqlıdır, provayderlər niyə hamısı standart qiymətə keçir və insanlara seçim buraxmırlar? Rəqabət niyə yoxdur? İnterneti ucuzlaşdırmaq mümkündürmü?
Məsələ ondadır ki, rayonlarda əhalinin minimum 25 manata internet alması onların büdcəsinə daha pis təsir edəcək. Xeyli adamın internetdən istifadəsi məhdudlaşacaq.
Belə bir fikir səsləndirilir ki, 3-4 qonşu yığışıb bir internet alacaq. Bu, bina evlərində mümkündür, ancaq rayonlarda, kəndlərdə həyət evlərində mümkünsüzdür. Çünki əhatə dairəsinin uzaqlığı qoşulmaya imkan verməyəcək. Belə olan halda hökumət məsələyə müdaxilə etməlidirmi?
Elvin Abbasov
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, internetin qiymətində qalxmaların olması zərurətdən irəli gəlir: “Ötən gündən etibarən Azərbaycanda kiçik həcmli internet paketləri ləğv olundu və yerinə 100 Mbit-lik internet paketləri təyin olundu. Ümumiyyətlə, bir neçə ildir ki, Azərbaycanda yüksək sürətli internet məsələsi gündəmdədir. İnsanlar internetin donmasından və yaxşı işləməməsindən şikayətçi idilər. Bir neçə ildir ki, bu proses davam edir. Simli, yəni ADSL dövründən başlayaraq simli xətlər üzərində internet yarandığı vaxtdan etibarən bu problemlər var. Daha sonra GPON infrastrukturu Azərbaycanda qurulmağa başladı. Bu ilin sonuna kimi proses tamamlanmalıdır.
Hazırda bu proses davam edir. Ümumiyyətlə, genişzolaqlı internet infrastrukturunun qurulması ölkədə internet problemini həll edəcəkmi? Bu, dövrə görə dəyişir. Məsələn, Avropa artıq 1 Gbit-dən və ya 500 Mbit-dən danışır. Ancaq Azərbaycanda genişzolaqlı internet infrastrukturu olduğu halda kiçik limitli paketlərdən danışırıq. Burada texniki tələblər bizə nəyi göstərir? Ümumiyyətlə, internet infrastrukturunun inkişafı zərurəti haradan yaranır?
İnkişaf edən internet resursları, yəni onlayn oyunlar, konfranslar, məsafəli iş rejimləri və baxdığımız sosial şəbəkələr, digər videokontentlər - bunların hər birində daim yeniliklər gedir. YouTube-a 4ka, 8ka və daha yüksək keyfiyyətli videolar yerləşdirilə bilər. Konfrans proqramları daha kefiyyətli görüntü əldə etmək üçün öz həlləri üzərində işləyirlər. Bütün internet resursları, xidmətləri daha yaxşı keyfiyyət vermək üçün öz imkanlarını genişləndirirlər. Daha yaxşı keyfiyyəti əldə etmək üçün bizə sürətli internet lazımdır. Rəqəmsallaşmanın hər bir çalarında sürətli internetə ehtiyac var. Azərbaycanda əksər aztəminatlı insanlar ən kiçik sürətli paketə yönəlirlər. Təbii ki, büdcə baxımından aşağı limitli paketlər insanlar üçün daha sərfəlidir. Amma bu, öz-özlüyündə keyfiyyəti verəcəkmi? Genişzolaqlı internet infrastrukturunun olduğu halda kiçik limitli paketlər bizim üçün nə dərəcədə faydalı olacaq?
Doğrudur, büdcə faktoru çox önəmlidir. Provayderlər qiymətləri hansı meyarlar əsasında təyin ediblər? Əsas meyarlar budur ki, Azərbaycanda genişzolaqlı internet infrastrukturunu özəl və dövlət provayder şirkətlərinin özləri öz büdcələri hesabına investisiya ediblər. Ona görə də qiymətlər bu provayderlərin iqtisadi göstəriciləri hesabına təyin olunub. Bu yanaşmadan baxanda təbii ki, onlar korporativ, qazanc məqsədli cəmiyyət və bizneslərdir. Qoyduqları investisiyaları nə vaxt çıxaracaqları barədə proqnozlar, hesabatlar hazırlayırlar. Bunun əsasında internet qiymətləri tənzimlənir. Hər iki göstərici - vətəndaşa xidmət göstəricilərinin yüksəldilməsi, qoyulan investisiyanın çıxarılması barədə qayğılar və digər hesabat yönümlü statistikalar qiymət və kefiyyətin artmasına dəlalət edir".
Osman Gündüz
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, dövlət provayderləri, regionlarda üstünlük təşkil edən "Aztelekom" qiymət artımında israrlıdır: “Belə olan halda özəl provayderlərdən hər hansı yumşalma gözləntisi doğru olmaz. "Antiinhisar Dövlət Xidməti baş verənləri “kartel sövdələşməsi”, “seçim imkanlarının məhdudlaşdırılması” kimi dəyərləndirib, araşdırma gedir. Qurum açıqlayıb ki, provayderlərin bu tip qərarlarının hüquqi qüvvəsi yoxdur. Güman ki, Antiinhisar bununla bağlı yenidən rəsmi açıqlama verəcək. Sektorun tənzimləyici qurumu İKTA hələlik baş verənlərə münasibət sərgiləməyib.
AİF hökumətə təklif edib ki, regionlarda əvvəlki tarif 18 manat (40 Mbit/s) saxlanılsın, yaxud da 100 Mbit/s sürət üçün də regionlarda bəlli bir dövr üçün 18 manat təklif edilsin.
Regionlardan daxil olan məlumatlar isə onu göstərir ki, istifadəçilərin bəziləri xidmətdən imtina, yaxud da “şərikli internet” üzərində düşünür.
“Şərikli internet” yaxın qonşuların ortaq internet bağlantısından (kabel və ya WiFi texnologiya ilə) istifadəni nəzərdə tutur. İndi məlum olur ki, nəinki kəndlərdə, elə şəhərdə də bu metoddan istifadə edənlər varmış.
Burada qanunvericiliyə zidd nəsə olmasa da informasiya təhlükəsizliyi ilə bağlı risklər ola bilər".
Şahanə RƏHİMLİ,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ