Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan hökuməti uzun illər apardığı ziqzaqvari xarici siyasətin faktiki girovuna çevrilib. Erməni rəsmiləri Donald Trampın Ağ Evə qayıdışı ilə özü ilə gətirdiyi yeni geosiyasi trendlərdən yana əməllicə təşviş içindədirlər. O dərəcədə ki, Avropa İttifaqına üzvlüklə bağlı referendum məsələsinin parlamentin müzakirəsinə çıxarmaqdan dünən vaz keçiblər.
“Ermənistan unikal yol ayrıcındadır: zaman və məkan, ideoloji və dəyər mənalarında. Dövlətimizin ətrafında dinc, təhlükəsiz və sabit mühit yaratmaq, həmin mühitdə iqtisadi inkişaf imkanlarını təmin etmək və beynəlxalq əməkdaşlığın müsbət gündəmini səmərəli şəkildə irəli sürmək günün vacib şərtidir”.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzəyan deyib.
“Unikal yol ayrıcı”, “Ermənistan ətrafında dinc, təhlükəsiz və sabit mühit yaratmaq” problemi... Görəsən İrəvanı belə qəliz duruma salan beynəlxalq situasiyadır, yoxsa İrəvanın hələ də işğalçı niyyətindən əl çəkə bilməməsi, revanşist planları?
Mirzəyan və komandasına gerçəkdənmi hələ də çatmayıb ki, bir dövlətin təhlükəsiz şəkildə mövcudluğu ən əvvəl qonşularla dinc-yanaşı yaşamaqdan, onlara qarşı əsassız torpaq iddialarından imtinadan keçir? Bunu da anlamaq çoxmu çətin ki, Ermənistan öz konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaları çıxarmayınca, bütün dünya da yığışsa, ona təhlükəsizlik zəmanəti verə bilməyəcək?..
Məsələ də ondadır ki, Ermənistan rəhbərliyi neçə ildir öz aləmlərində Azərbaycanın və Türkiyənin, dünyanın başını qataraq, sülh göyərçini obrazında özünü konstruktiv, Bakını isə destruktiv tərəf qismində göstərməyə çalışır. “S” deyir, “sülh” demir, “D” deyir, “dəhliz” demir. Daha bir isti fakt.
Ötən həftəsonu İrəvanda Ermənistan-Avropa Parlamenti formatında keçirilmiş tədbirin yekun bəyanatında ölkəmizə qarşı bir sıra absurd ittihamlar yer alıb. Hətta üzdəniraq Minsk Qrupunun (MQ) bərpası vacibliyi vurğulanıb, “Madrid prinsipləri” xatırlanıb. Hansı “prinsiplər” ki, rəsmi sənəd şəklini almamışdı, çünki Bakı onları təsdiqləməmişdi.
Maraqlıdır ki, Avroparlamentlə birgə qəbul olunan bəyanata hakim partiyadan olan deputatlar da səs verib. Halbuki Nikol Paşinyan guya Bakının məlum təklifini qəbul edərək, MQ-nin de-yure ləğvini mümkün saydığını söyləmişdi. Yada salaq, bu, həm də sülh müqaviləsi layihəsində razılaşdırılmayan iki bənddən biridir.
İndi bu riyakarlığı necə anlayaq?..
Və yaxud rəsmi İrəvanın Zəngəzur dəhlizi məsələsində illərdir nala-mıxa vurması. Qiymətli zaman isə gedir. Bir azdan Naxçıvana Araz boyu İran (Güney) yolu açılandan sonra bu dəhliz xüsusi önəm qaşımaya bilər. Uduzan isə yenə də kapitulyant ölkə olacaq. Blokada rejimi davam edəcək.
Söz düşmüşkən, az öncə Paşinyan tam qüsurlu bir müqayisə apararaq demişdi ki, Ermənistan İran kimi öz ərazindən eyni rejimdə, eyni şərtlərlə Naxçıvana yol verməyə hazırdır. Beləcə, növbəti dəfə maneəsiz keçidi istisna eləmişdi. Bu gün o, dəhlizlə bağlı yenə eyni siyasi şounu göstərib, hamını bezdirmiş “havanı” çalıb.
Hərçənd yaxşı bilir ki, Zəngəzur dəhlizi - Azərbaycandan Azərbaycana maneəsiz əlaqə hər şeydən öncə bizim xalqın mənəvi haqqıdır. Ona görə ki, Naxçıvanı materik hissəyə birləşdirən Qərbi Zəngəzur 1920-ci ilin noyabrında bolşevik Rusiyası tərəfindən zorla, Azərbaycan xalqının iradəsi əleyhinə qoparılaraq Ermənistan adlı saxta dövlətə birləşdirilib...
Doğrudur, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Bu, Bakının 5 məlum prinsip əsasında sülh təklifində də əksini tapıb. Amma beynəlxalq hüquq anklavla maneəsiz əlaqəni də tam mümkün sayır. Məsələn, Kalininqrad təcrübəsi var. Litva ərazisindən keçən bu dəhliz hətta Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra da qapadılmayıb.
Qısası, Paşinyan hökuməti Bakı ilə böyük sülhə maneə olan 4 şərt-tələbdən (konstitusiya dəyişikliyi, MQ-nin de-yure ləğvi, sərhəddən üçüncü qüvvənin çıxarılması və beynəlxalq səviyyədə qarşılıqlı iddialardan imtina) heç birini reallaşdırmağa həvəsli görünmür. Üstəgəl də Zəngəzur dəhlizinə qarşı davam edən mənasız dirəniş.
Bunlar əlbəttə, boşuna cəhdlərdir. Nədən ki, bütün yollar Bakıya aparır. Haylar istəsələr də, istəməsələr də...
Analitik xidmət,
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ