İnsanlara hürriyət, millətlərə istiqlal!

Karter Moskva olimpiadasını niyə boykot etmişdi? – 45 ildir unudulmayan qərar

Bir neçə gün əvvəl 100 yaşında vəfat edən Ceyms Karterin (ABŞ-nin 39-cu prezidenti) fəaliyyəti barədə bir neçə fakt açıqlanıb.

Onlardan biri də Karterin 1980-ci ildə Moskvada keçirilən olimpiadanın ABŞ və müttəfiqləri tərəfindən boykot edilməsi və guya ki, Karterin sonradan buna görə peşman olması barədədir.

Bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Moskva olimpiadasının boykot edilməsi təşəbbüsü 45 il əvvəl bu günlərdə, daha dəqiqi, 4 yanvar 1979-cu ildə ABŞ prezidenti Ceyms Karter tərəfindən irəli sürülüb. Böyük Britaniya və Kanada ləngitmədən bu təşəbbüsü dəstəkləyib. Hazırda olduğu kimi, o zaman da Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya Vaşinqtonu qlobal siyasətdə sözsüz dəstəkləyirdilər.

464306550_27262543643391851_5188487534838628147_n.jpg (34 KB)

Karterin belə bir təşəbbüslə çıxış etməsinin səbəbi SSRİ-nin 1979-cu ilin dekabr ayının 29-da Əfqanıstana qoşun yeritməsi, ölkəni idarə edən Hafizulla Əmini prezident sarayındaca öldürməsi olub.

Belə anlaşılır ki, SSRİ rəhbərliyinin, kriminal jarqonla desək, “hədsiz”liyinə Ağ Evin ilk və impulsiv reaksiyası belə olub və Karter yeni ilin ilk günlərində Moskvanı zəif yerindən vurmaq istəyib.

Bundan 40 gün sonra, 1980-ci il fevralın 13-də isə ABŞ-nin Leyk Plasid şəhərində qış olimpiadasının açılışı olub və SSRİ öz idmançılarını bu olimpiadaya göndərib. Görünür, Moskvada ümid edirmişlər ki, ABŞ-nin Moskva olimpiadasını boykot etmə ehtimalı ilə bağlı səs-küylü bəyanatları fonunda SSRİ-nin öz idmançılarını Leyk Plasid olimpiadasına göndərməsi Ağ Evi yumşaldacaq və Karter administrasiyası bu xoşməramlı jesti qiymətləndirərək yay olimpiya oyunlarının boykotundan vaz keçəcək.

Ancaq bu gözləntilər doğrulmayıb, 1980-ci ilin 12 aprelində ABŞ-nin Milli Olimpiya Komitəsinin Kolorado ştatının Sprinqs şəhərindəki qərargahında Amerika komandasının Moskva olimpiadasında iştirak etməməsi ilə bağlı yekun qərar qəbul edilib. Olimpiyaçıların liderləri istər-istəməz siyasətçilərin tələblərinə tabe olublar.

Əslində bu, yüzlərlə idmançının ömürlərində bir dəfə olimpiada yarışmaçısı olmaq şansını əllərindən alıb. Çünki onların bir çoxu 4 il sonra keçirilən olimpiadaya ya lisenziya qazana bilməyiblər, ya da idman karyeralarını başa vurmuş olublar.

edvin.jpg (57 KB)

1977-1987-ci illər arasında olimpiya qızıl medalı da daxil olmaqla 122 yarış qazanan yüngül atlet Edvin Moses Moskva olimpiadasında iştirakdan məhrum edilməsi barədə belə deyib: "Bizə çox aydın olmayan səbəbdən Moskvaya getməyimizə icazə verilmədi".

Halbuki səbəb ortada və hər kəsə aydın idi: Moskva başqa bir suveren dövlətə hərbi müdaxilə edərək, prezident səlahiyyətlərini icra edən şəxsi öldürmüş, bir ölkəni işğal etmiş, müqavimətlə qarşılaşdığı üçün ölkədə qırğınlar törətmişdi və belə etməkdə davam edirdi.

Ancaq görünür, amerikalı idmançıları beynəlxalq vəziyyətin gərginləşməsi yox, gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilən olimpiada maraqlandırırmış.

Sonralar digər amerikalı idmançılar da Moskvaya baş tutmayan səfərə görə əldən verilmiş imkanlardan danışıblar. 1980-ci ilin yayında bu idmançılar ABŞ Konqresininin qızıl medalı ilə təltif olunublar. Ancaq mükafatçıların dediyinə görə, medalların metalı xalis qızıldan deyil, zərli bürüncdən olub.

ceyms.jpg (90 KB)

“Karter əlini sıxmaq üçün mənə uzatdı və soruşdu ki, Moskvada nə qazana bilərdin. Dedim ki, iki qızıl və bir gümüş medal qazanardım. O, sadəcə mənə məzəmmətlə baxdı və başqa heç kimə bu sualı vermədi”, - üzgüçü Cessi Vassallo xatırlayıb.

Onu da qeyd edək ki, Karter və komandasının SSRİ-yə qarşı tətbiq etdiyi olimpiada boykotu kapitalist düşərgəsi ölkələri tərəfindən lazımi şəkildə dəstəklənib. Dünyanın 65 ölkəsi Moskvaya idmançı göndərməkdən imtina ediblər və bu özlüyündə rekord olub. Bəzi idmançılar isə Moskvaya gələrək olimpiya bayrağı altında çıxış ediblər.

Buna cavab olaraq 1984-cü ildə Los-Ancelesdə keçirilən yay olimpiadası da SSRİ və onun vassalları (sosialist düşərgəsi ölkələri) tərəfindən boykot olunub. Üstündən 45 il keçməsinə baxmayaraq, ruslar hələ də Karterin bu “pisliyi”ni unutmayıblar.

Ceyms Karter 1980-ci ilin payızında keçirilən prezident seçkisində Ronald Reyqana uduzub. Onun məğlubiyyətinin səbəbi İrana və SSRİ-yə qarşı yumşaq mövqe tutmasıyla yanaşı, ölkənin iqtisadi tənəzzülü olub.

Bu il yanvarın 9-u Karterin ölümü ilə bağlı ABŞ-də matəm günü elan edilib.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR