İnsanlara hürriyət, millətlərə istiqlal!

Karqo şirkətləri üçün lisenziya tələbləri sərtləşdirilə bilər - bu sahə də inhisara alınır?

Azərbaycanda karqo (poçtdaşıma) fəaliyyətinə lisenziya almaqla bağlı tələblər sərtləşdirilməlidir. Bunu “Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Şaiq Qəribzadə bildirib.

O deyib ki, tələblərin yumşaq olması bazarı qeyri-peşəkar şirkətlərlə doldurub: “Son illər Türkiyədən, hətta ABŞ-dan mal sifariş verib ölkəyə gətirənlərin sayı kəskin artdığı üçün bazardakı karqo şirkətlərinin də sayı sürətlə artıb, 200-ə yaxınlaşıb. Təəssüf ki, şirkətlərin hamısına eyni cür lisenziya verilir. Türkiyədən məhsul çatdıran da, dünyanın tanınmış daşıma şirkətini təmsil edən də, hətta Azərbaycan daxilində məktub daşıyan şirkət də eyni cür lisenziya alır. Çünki bunun üçün qeyri-yaşayış təyinatlı kiçik bir ofisin, bir əməkdaşın olması, 1 600 manat rüsum ödənilməsi kifayət edir. Halbuki bir çox ölkələrdə lisenziya almaq üçün bank zəmanəti, müəyyən qədər işçi və avtomobillər olmalıdır. Lisenziyaya tələblər sərtləşdirilməlidir ki, hər yoldan keçən poçtdaşıma ilə məşğul olmasın. Hər adam bu işlə məşğul olanda problemlər yaranır, sifarişlər vaxtında çatdırılmır, şirkətlər öhdəliklərini yerinə yetirmir. Dediyim 200 şirkətin yarısı natamam fəaliyyət göstərir. Lisenziyaya tələblər sərtləşdirilsə, əminəm ki, bazarda şirkətlərin sayı azalar, xidmətin keyfiyyəti artar. Bazar elə də böyük deyil ki, 200-ə yaxın poçtdaşıma şirkəti olsun”, - deyə o qeyd edib.

Bundan başqa, Ş.Qəribzadənin sözlərinə görə, hazırda bazarda haqsız rəqabət halları da müşahidə edilir: “Məsələn, yeni bir karqo şirkəti yaranır, müştəri cəlb etmək üçün aşağı qiymət təklif edir və bir neçə ay ziyanla işləyir, müştəri toplayandan sonra qiyməti artırır. Az sonra başqa bir şirkət bu üsulla bazara daxil olur. Bu həm xarici, həm də daxili poçt daşımaları ilə bağlı baş verir. Bundan başqa, qeyri-peşəkar şirkətlər tenderlərdə aşağı qiymət təklif etməklə bazarda qiymətləri aşağı salır və buna görə peşəkar şirkətlərin bu sahəyə investisiya etmək imkanları olmur. Azərbaycanda mobil əlavə üzərindən sifariş qəbul edən cəmi iki şirkət var. Məktubların və yaxud bağlamaların statuslarını izləmək imkanını da iki şirkət verir. Amma həmin şirkətlər digərləri ilə eyni şərtlərlə işləyir. Bir sözlə, bazarda sağlam rəqabət yoxdur”.

Şaiq Qəribzadənin bu fikirləri isə ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Qaydaların sərtləşdirilməsi məsələsi narazılıqla qarşılanıb. İqtisadçı ekspert Natıq Cəfərli də öz sosial media hesabından buna sərt təpki verib: “Azərbaycan hökuməti, idarəetmə sistemi rəqabətin düşmənidir, rəqabət olan yerdə inkişaf, fərqli maraq qrupları, siyasi sistemdən asılı olmayan iş adamlarının yaranması ehtimalı nəzərə alaraq hər sahədə rəqabəti boğmağa, hətta cücərtilərini belə məhv etməyə çalışırlar.

Oxu.az - Şaiq Qəribzadə: “TNT Azərbaycan” bazarda TOP üçlükdədir

İqtisadçı: “Sərtləşdirici addımlarla inhisarlaşdırıb bahalaşdırmaq istəyirlər ki, məmur biznesinə aid mağazaların alveri artsın”

Son 10 ildə Azərbaycanda ən rəqabətli sahə taksi xidmətidir, məhz rəqabət nəticəsində son 10 ildə taksi xidmətinin qiyməti kəskin ucuzlaşıb, 2012-ci il ilə 2022-ci il taksi xidməti qiymətləri arasında 50-60% arası ucuzlaşma var - bəlkə də, yeganə sahədir ki, qiymətlər ucuzlaşıb. Amma həmin müxtəlif məmurlar, biznes maraqları olan qruplar taksi xidmətini hədəfə gətirdilər, ictimai rəydə taksilərə qarşı neqativ fikir formalaşdırmağa başladılar, hətta tıxacların səbəbini belə taksi xidmətinə yükləməyə çalışdılar - məqsəd də aydındır, bu sahədə rəqabətə son qoymaq, inhisarçılıq yaratmaq. İndi də karqo şirkətlərinə girişiblər, “Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Şaiq Qəribzadə adlı şəxs müsahibə verib, bütün media bunu tirajlayır, məğzi də budur ki, bu xidmətdə lisenziya almaqla bağlı tələblər sərtləşdirilməlidir. Açıqlamasında bircə normal arqument də yoxdur, bütün hekayəni guya vətəndaşlara daha yaxşı xidmət göstərmək üzərinə inşa edib - amma elə məntiqsizlik də budur! Vətəndaş özü karqo şirkətini seçə bilirsə, hansı şirkət normal fəaliyyət göstərəcəksə, ondan da sifariş edəcək, dövlət bu işə niyə qarışsın axı?! Sadəcə, dərdləri başqadır - son illər onlarla yeni karqo şirkəti yaranıb, onlayn sifarişlər artıb, əsasən məmurlara bağlı iri şəbəkə mağazaların alverləri azalıb, bu yolla, sərtləşdirici addımlarla karqo xidmətini inhisarlaşdırıb bahalaşdırmaq istəyirlər ki, sifarişlər azalsın, sərfəli olmasın, məmur biznesinə aid mağazaların alveri artsın - vəssalam, bu mənasız yanaşmanın başqa izahı ola bilməz!  Bizim toplum idarə etmək üçün ideal camaatdır, bəlkə də dünyada nadir xalqlardanıq ki, hökumətdən çox şey istəmirik, ən böyük istəyimiz odur ki, mane olmasınlar, özümüz-özümüzü dolandıraq - ağıllı və ədalətli sistem üçün bundan yaxşı nə ola bilər ki, amma qədrini bilmirlər, hər işıq gələn yerə öz korrupsioner və inhisarçı barmaqlarını soxurlar".

Trendyolun hədəfi Azərbaycan deyil” -

Onlayn ticarət üzrə ekspert: “Karqo şirkəti açmaq bu qədər asan olmamalıdır”

Məsələ ilə bağlı “Carry” yükdaşıma şirkətinin nümayəndəsi, onlayn ticarət və logistika üzrə mütəxəssis Nurlan Əhmədli “Yeni Müsavat”a dedi ki, bu gün bazarda olan nəhəng karqo şirkətləri xırda kaqro şirkətləri açırlar və problem bundan sonra yaranır: “Həmin nəhəng şirkətlər yeni bir imiclə, yeni bir adla, minimal qiyməti qoyurlar və bu xidməti istifadəyə verirlər. Yeni açılmış karqonun yükü az olduğuna görə avtomatik xərcləri də çox olur. Bunun ayaqda qalması çətin olur. Böyük karqo öz yükündən ötürür kiçik karqoya, onun xərclərini azaldır. Burada avtomatik sağlam rəqabət ölür. Bir tərəfdən, razıyam ki, lisenziya almaq bu qədər asan olmalı deyil. Çox rahatdır, bir ofis götürürlər, Türkiyədən anbar xidməti alır, minimal qiymətlə başlayır. Rəqabəti ancaq tarifdə görür ki, qiyməti ucuz edim, müştəri toplayım. Müəyyən bir vaxtdan sonra bazarda əzəli olan karqo şirkəti bazarda  rəqabətə uyğunlaşsın deyə tariflərini aşağı salır, zərərə gedir. Yeni yaranmış şirkət sıradan çıxır. Ancaq həmin əzəli şirkət qiyməti salıb deyə yenidən qaldıra bilmir. Çünki əhali minimal tarifə fokuslanıb, minimal tarif nədirsə ona yönləndirilib. Bazarda ən ucuz karqo şirkəti 4.20, 4.30 idisə, indi 2.30, 2.20-dir. Bunun da səbəbi çoxluqdur. Kimə lazımdır bu? Balaca bir ölkəyik biz, 200-ə yaxın karqo şirkəti var. Bu gün 20-30 karqo şirkəti tam zərərlə artıq qapısını bağlayır, fəaliyyətini dayandırır. 50-yə yaxın sahibkar karqo şirkətini satışa qoyub, çəkdiyi xərcin deyil, dəyərsizinə satırlar.

Amma Natiq Cəfərlinin də dediklərində bir həqiqət var, bəziləri bunu monopoliyaya almaq istəyirlər. Qardaş ölkə Türkiyəyə nəzər salsaq görərik ki, orada karqo şirkəti açmaq, bunun üçün lisenziya almaq üçün neçə mərhələdən keçirlər. Bizdə isə heç nə tələb olunmur, müəyyən qədər pul ver, lisenziyanı al, ofis götür işlət".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR