İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistika üzrə magistr təhsili - Jurnalistikamıza nə verəcək?

“Azərbaycanda jurnalistika ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq”.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd olunub ki, hazırda ölkədə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində jurnalistika ixtisaslaşmasının açılmasına ehtiyac duyulur. Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə edilib.

Beləliklə, magistraturada jurnalistika üzrə ixtisasların sayı 9-a çatıb. Bura Radiotelejurnalistika, Beynəlxalq jurnalistika, Mətbuat tarixi, Jurnalistika nəzəriyyəsi, Publisistik jurnalistika, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, İdman jurnalistikası və yeni yaradılan Jurnalistika ixtisasları daxildir.

Magistraturada “Jurnalistika” üzrə ixtisasların sayının artması, ümumiyyətlə, jurnalistika üzrə magistr təhsili milli mətbuatımıza nə verəcək? Gözlənti nədir? Qardaş Türkiyənin, dünyanın təcrübəsi nə deyir?

Onun Ustad dərsləri - Qulu Məhərrəmli yazır

Qulu Məhərrəmli: “Jurnalistika təhsilinin səviyyəsini yüksəltməyə ehtiyac var”

Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı qəzetimizə açıqlamasında magistrtura üzrə jurnalist ixtisasının açılmasını müsbət hadisə hesab etdiyini söylədi: “Çünki buna qədər də jurnalistikanın müxtəlif sahələrini əhatə edən ixtisaslar vardı. Magistrlər bu ixtisas üzrə təhsil alırlar, dissertasiya müdafiə edirlər və mütəxəssisə çevrilirlər. İndi jurnalist ixtisası da bunlara əlavə olunur. Bu müsbət addımdır. Amma bununla bağlı demək ki, ölkədə jurnalistlərə olan ehtiyacı ödəyəcəyik, məncə bu şişirdilmiş, mübaliğəli yanaşmadır. Niyə? Çünki ölkədə jurnalist ixtisasına olan tələbatı ödəmək üçün vaxtilə çox yanlış atılmış bir addım var, onu aradan qaldırmaq lazımdır. Təqribən  2012-ci ildən bütün özəl ali məktəblərdə jurnalistika fakültələri bağlandı. Hesab edirəm ki, o çox zərərli, mətbuata ziyan vuran, onun kadr bazasını zəiflədən çox yanlış addım idi. İndi magistraturada yaxşıdır, 5-10 nəfər təhsil ala bilir. Amma bakalavr üzrə ”Jurnalist" ixtisasının açılmağı çox böyük addımdır.

Bütün hallarda media sahəsində mütəxəssislərə olan tələbatı artırmaq, bu sahədə pedaqoji kadrlar yetişdirmək, elmi-tədqiqat işlərinin səviyyəsini qaldırmaq, dünya standartları səviyyəsinə çatdırmaq üçün bu addımların çox önəmi var. Dünya təcrübəsinə nəzər salsaq, misal üçün, Türkiyə ilə müqayisə etsək, orada magistr təhsilinin səviyyəsi çox yüksəkdir. Bizim bir çox tələbələrimiz orada bakalavr təhsilini bitirəndən sonra həmin ali məktəblərdə təhsil alır və çox yaxşıdır ki, onların bir çoxu bizimlə çiyin-çiyinə Jurnalistika fakültəsində çalışırlar, müəllimlik edirlər. Amma ümumiyyətlə, jurnalistika təhsilinin səviyyəsini yüksəltməyə, onun maddi texniki bazasını daha da yaxşılaşdırmağa ehtiyac var. Bununla bağlı bir çox ali məktəblərdə, o cümlədən Bakı Dövlət Universitetində ciddi addımlar atılıb. Burada studiya, qəzet laboratoriyası, elmi-tədqiqat laboratoriyalarının işini səmərəli qurmaq üçün müəyyən addımlar atılır. Hesab edirik ki, bunların hamısı müsbət nəticə verəcək". 

Vüqar Zifəroğlu: "Yazı yazmağı bacarmaq hələ jurnalist olmaq deyil" -  MÜSAHİBƏ

Vüqar Zifəroğlu: “Fərqli ixtisas sahibləri olan həmkarlarımız üçün gözəl imkandır”

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Yeni yaradılmış ”Jurnalistika" ixtisası üzrə magistr ixtisaslaşması bu sahəyə marağı olan, bu sahədə çalışmaq istəyən müxtəlif ixtisas sahiblərinə jurnalistika ilə bağlı nəzəri biliklər əldə etmək və bu sahə üzrə magistr dərəcəsi almaq imkanı yaratmış olacaq. Bu əslində jurnalistika sahəsində çalışan, lakin müəyyən səbəblərdən bu ixtisası bitirməyən, lakin bu ixtisas üzrə təhsil almağı arzulayan fərqli ixtisas sahibləri olan həmkarlarımız üçün də gözəl imkandır. Şübhəsiz ki, belə bir ixtisaslaşmanın yaranması olduqca önəmli hadisədir. Qeyd etmək lazımdır ki, bu tip təhsil proqramları istər qardaş Türkiyədə, istərsə də Qərb ölkələrində tətbiq edilir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR