Onlayn ictimai-siyasi qəzet
2022-ci ilin noyabrında-ilk dəfə qışda keçirilən futbol üzrə dünya çempionatı da belə başlamışdı. Qətər mundialının açılışı və ilk oyundan sonra İTV digər kabel televiziyalarında yayımlanan reportajları kəsmiş, öz yayımlarını vermişdilər. Bu dəfə bir az fərqli oldu- Almaniya-Şotlandiya oyunun birinci hissəsinin sonuna yaxına futbolu verən MATÇ TV və digər yayımlar heç bir xəbərdarlıq olmadan dayandırıldı.
Gec saatları idi, o səbəbdən abunəçisi olduğum “ATV plyus”a zəng etmədim, amma dostlardan öyrəndim ki, texniki problem yoxdur, əvvəlki problemdir. Gizlətməyin mənası yox, kanalları axtarışa verib, İTV-ni yenidən efirimə qaytarmağa məcbur qaldım. İki il əvvəl “ATV plyus”yə bu mövzuda narazılığımı bildirəndə operator xanım demişdi ki, çempionatın yayım hüququnu Azərbaycandan İTV alıb və mundialı ancaq bu kanaldan izləməli olacaqsınız. Bəs, abunəçi hüququ, bəs abunə haqqı, bəs Azərbaycandakı rusdilli qonaqlar ? Cavab eyni. Bilmirəm, məsələn, Almaniyada da yayım hüquqları belədirmi? Bizim şərhçilərə iradım-filanım yoxdur, olsa da indi yazsam, doğru anlaşılmaz, amma hər dəfə “çempionatın yayım hüquq məndədir deyib”, yüz minlər abunəçinin seçim haqqını belə heçə saymaq da olmaz...
Bu çempionatda Azərbaycanda əksəriyyətin favoriti bəllidir: Türkiyə millisi. Türkiyə belə miqyaslı çempionatlarda oynayanda futbol daha həyəcanlı olur. Amma əslində, çempionatlarda öz ölkənin milli komandası yoxdursa, oturub yaxşı futbolu izləmək, təkcə bir komandanın deyil, bir neçə komandanın oyunundan həzz olmaq yaxşıdır. Biz hələ o xoşbəxt saatlar üçün gözləməli olacağıq. Milli komandanın yeni baş məşqçisi haqda bu dəfə hamı yazdı, mən yazmadım.Susqunluq razılıq deyil, amma heç etiraz da deyil. “Qarabağ” bizə beynəlxalq arenalarda bol həyacan yaşatdığındandılr bəlkə də, milli komandanın bu cür turnirlərdə iştirak etməməsinə çox da üzülmürsən. Üzülmək o vaxt olardı ki, Ermənistan şansını qaçırmaya, bu dəfə Avropa çempionatına vəsiqə qazanardı. O zaman gərək, heç çempionata baxmazdıq.
Türkiyədən sonra uğuruna sevinəcəyim ikinci komanda Gürcüstan millisi olacaq. Gürcülər bəlli, bir az özünü çox bəyənən millətdir, amma olsun, erməni deyillər, bizim yüz minlərlə soydaşımız da orada yaşayır. Gürcüstanın niyə Avropa çempionatına vəsiqə qazandığı haqda çox danışılır. Bizim gənc nəsil bilmir, Gürcüstan futbolu Qafqazda həmişə fərqlənib, bunu Tiflis “Dinamo”sunun SSRİ çempionatında iki çempionluğu, 1981-ci ildə isə UEFA-nın ən titullu Kuboklar Kubokunu qazanması da təsdiqləyir. Gürcüstan SSRİ-nin əsas futbol komandasına Anzor Kavazaşvili, Otar Qabeliya (qapıçılar), Murtaz Xurçilava, Aleksandr Çivadze (mərkəz müdafiəçiləri), Mixail Mesxi, David Kipiani (hücuma meylli yarımmüdafiəçilər), Ramaz Şenqeliya (hücumçu) kimi futbolçular verib.
Ümumilikdə, Gürcüstanın 21 futbolçusu SSRİ yığmasının tərkibində dünya və Avropa çempionatının finalında iştirak edib. Gürcülər SSRİ yığmasına ruslardan və ukraynalılardan sonra ən çox futbolçu verən üçüncü etnik qrup kimi tarixə düşüb. Tengiz Sulakvelidze, Vitali Daraselia, Vladimir Qutsayev - bizim uşaqlığımızda əzbərlədiyimiz adlar idi... Sonrakı illərdə Şota Arviladze, Kaxa Kaladze və başqaları Avropada gürcü futbolunun ulduzları sırasına adlarını yazdırdılar. Gürcüstanın bu millisi demək olar ki, bütünlüklə Avropa liqalarında çıxış edən futbolçulardan ibarətdir. Xviça Kvaraçxeliya (“Napoli”) ilə bərabər daha kimlər var? Qapıçı Georgi Mamardaşvili 2021-ci ildən “Valensiya”da çıxış edir, indi “Bavariya” və “Nyukasl” ona göz dikib. Millinin daha bir üzvü Georgi Koçoraşvili özünü İspaniyada - “Levante”nin tərkibində sübut etməyi bacardı. Daha bir Georgi (Çakvetadze) İngiltərənin ikinci güclü divizionundan “Uotford” üçün vacib oyunçudur.
Püşkatmaya görə Portuqaliya, Türkiyə, Gürcüstan və Çexiya bir qrupa düşüb. Dördlüyün favoriti Kriştiano Ronaldonun komandasıdır, Türkiyənin qrup mərhələsini adlayacağına inanaq.
Nəhayət, tərəf olacağım Almaniya milisi açılış oyununda yaxşı başladı. Amma bu, hələ heç nə demək deyil. İllərin təcrübəsinə güvənərək deyirəm: Almaniya millisi “Mercedes” kimidir, sürət yığdısa, qarşısında duruş gətirmək olmur, amma vay o gündən ki, çempionatın ən həlledici məqamında “xoddan” düşə. O zaman bütün Almaniya yığışsa, “itələyib” irəli aparmaq da mümkün olmur.
Hər şey hələ indi başlayır...
Nazim SABİROGLU
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ