İnsanlara hürriyət, millətlərə istiqlal!

İtalyanlar az uşaq doğur, mühacirlər axın edir - nazirin əndişəsi

 


İtaliya hökuməti əhalinin etnik tərkibinin dəyişmə ehtimalından ehtiyatlanır. Novator.az saytı Böyük Britaniyanın “The Telegraph” qəzetinə istinadla bildirir ki, narahatlığı kənd təsərrüfatı naziri Françesko Lollobricida dilə gətirib. O deyib ki, İtaliyada doğum səviyyəsi aşağı düşür, bir yandan da minlərlə mühacir ölkəyə axın edir.

Nazir doğum səviyyəsini miqrantların hesabına artırmaq ideyasını bəyənmədiyini vurğulayıb və bunu ölkə əhalisinin etnik tərkibinin dəyişmə riski ilə izah etməyə çalışıb, qeyd edib ki, italyanlar az uşaq doğur deyə əhali sayını başqa etnik qrupları təmsil edən mühacirlər hesabına artırmağı düşünmək yanlışdır.

Françesko Lollobricida deyib ki, ölkədə işçi qüvvəsinin çatışmadığı bəzi sahələrdə boşluqları miqrasiya hesabına doldurmağın əleyhinə deyil: “Əgər müəyyən fəaliyyət növləri üçün kifayət qədər italyan yoxdursa və mühacir axını ölkənin inkişafından ötrü zəruridirsə, onda mən qanuni miqrasiyanın əleyhinə çıxmıram. Amma əhali sayını ölkəyə çoxlu miqrant qəbul etməklə artırmaq ideyasını bəyənmirəm. Əhali sayını artırmağın yolu heç də miqrant qəbulundan keçmir. Ölkədə qadınları işlə təmin etməklə, onların uşaqlara indikindən yaxşı baxa bilməsinə şərait yaratmaqla italyan ailələrində daha çox körpənin dünyaya gəlməsinə nail olmaq mümkündür”.

“The Telegraph” yazır ki, italiyalı nazirin məsələyə yanaşması ciddi mübahisələrə, tənqidlərə yol açıb.

Müxalif Demokrat Partiyasının lideri Elli Şleyn deyib ki, nazirin yanaşması ağdərililərə üstünlük verilməsi kimi başa düşülür, bu isə 1922-1943-cü illərdə İtaliyada faşist rejiminə başçılıq etmiş Benito Mussolininin dövrünü xatırladır: “Nazir postunu tutan adamın bu cür mövqe sərgiləməsi qəbuledilməzdir, ikrah doğurur. Onun sözlərindən ağdərili irqçilik qoxusu gəlir. Deyəsən, bizi 1930-cu illərə qaytarmaq istəyirlər”.

Senator Filippo Sensi də Françesko Lollobricidanı etnik təmizləmə ideyası irəli sürməkdə günahlandırıb, onun sözlərinin tutduğu vəzifəyə uyğun gəlmədiyini vurğulayıb.

Françesko Lollobricidanın təhlükəli ritorikaya yuvarlandığını söyləyən sabiq iqtisadi inkişaf naziri Karlo Kalenda xəbərdarlıq edib ki, hökumət üzvünün bu mövqeyi İtaliyanı Avropada nüfuzdan sala bilər.

“The Telegraph” yazır ki, nazir Françesko Lollobricidanın bəyanatı İtaliyanın demoqrafik vəziyyəti ilə bağlı proqnoz açıqlanandan dərhal sonraya təsadüf edir. Proqnoza görə, ölkədə doğum səviyyəsi o qədər aşağıdır ki, əsrin sonunadək İtaliya əhalisinin sayı 9 milyon nəfər azala bilər. Hazırda əhalinin sayı 60,6 milyon nəfərdən çoxdur.

Qəzet Françesko Lollobricidanın bəyanatını iqtisadçıların xəbərdarlığına cavab kimi də dəyərləndirir. Bəzi iqtisadçıların qənaətinə görə, İtaliya öz əhalisini miqrantlar hesabına artırmalıdır, əks halda ölkədə sosial müavinətləri, pensiyaları ödəmək mümkün olmaya bilər.

Parlament respublikası olan İtaliyada əsas siyasi fiqur baş nazirdir. Hökumət qanunverici orqanın palatalarında təmsilçilik əsasında formalaşır. 2022-ci ildə keçirilmiş parlament seçkisində sağlar həm 400 nəfərlik Deputatlar Palatasında, həm yuxarı palatada (Senat) çoxluğa sahib çıxıb. Sağ cinahda əsas qüvvə İtaliya Qardaşları Partiyasıdır. Qurumun lideri Corca Meloni baş nazirdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR