İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə göllərini andıran Qaranohur - Cüyür vuraraq ekoloqa sürpriz etmək istəyən hərbçi

12 il əvvəl Vaşinqton şəhərindən bir az aralıda yerləşən aeroportdan avtobuslarla paytaxtın mərkəzinə gələrkən fikir verdik ki, magistral yolun sağı-solu teyxa meşəlikdir. Hündür ağaclar, keçilməz kollar, hər yan göz oxşayan çəmənzar. Səfər yoldaşlarımızdan biri zarafat elədi: “Necə də bizimkilərin yeridir, buranı sot-sot satalar, camaat da alıb kafe-restoran, çayxana-filan tikə”. Ölkəmizin acı reallığını yaxşı bilən jurnalistlər və QHT təmsilçiləri xorla gülüşdülər.

Amma biz uzanıb gedən yolların kənarında nə bir restoran gördük, nə də “ailəvi istirahət mərkəzləri”. Eləcə hər tərəf uzandıqca uzanan bakir meşələr idi. Bələdçimiz deyirdi ki, bu yollarda tez-tez sürücülrin önünə ceyran, maral, koyot və digər heyvanlar çıxır.

2184bbaa9512342c-1024x576.jpg (146 KB)

İki gün sonra Vaşinqtondan yalnız Çarlston şəhərini tanıdığımız (o da məşhur rəqsə görə) Cənubi Karolina ştatına uçarkən, təyyarə, türkün sözü, “alçalmağa” başlayanda illüminatordan gördük ki, yenə hər tərəf meşəlik və yaşıllıqdır. Elə bir yaşıllıq ki, onların arasında kvadrat görünüşlü tarlalar və yaşayış məntəqələsi güclə sezilirdi və ümumi yaşıl fonu pozmurdu. Bu detalı sonradan, ştatın ictimai-siyasi fəalları və mediası üçün keçirdiyimiz brifinqdə qeyd etdik, Cənubi Karolinanı “yaşıl ştat” adlandırdıq. Bu ifadə oralı jurnalistlərin və dövlət adamlarının xoşuna gəldi, bizdən sonra çıxış edəndə bir neçə dəfə yaşadıqları ştatın “yaşıl ölkə” olduğunu fəxrlə vurğuladılar.

Yaşıllıq belə şeydir, abadlıq, rahatlıq, zövq-səfa rəmzidir. Harada yaşıllıq varsa, orada həyat, təbiət, istirahət var. Və bunlar əməklə, diqqətlə, qayğıyla başa gəlir.

Boz çöllərlə “yaşıl ölkə”yə doğru

44.jpg (58 KB)

Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin dəvəti ilə bir qrup jurnalist ölkəmizin “yaşıl rayon”larından birinə - İsmayıllıya gedərkən Müşviqabad qəsəbəsini keçəndən sonra yolun sağında və solunda əl əməyi ilə salınmış enli meşə zolağı gördük. Bu uzanıb gedən zolaq yadıma Cənubi Karolina yollarını saldı. Fərq ondaydı ki, ştatın paytaxtı Kolombiadan Çarlstona uzanan yolun kənarlarındakı meşə zolaqları təbiətin neməti idisə, Müşviqabad-Qobustan yolunun kənarındakı meşə zolağı sırf insan əməyinin əsəridir. Yüzminlərlə ağac fidanını o qədər də bərəkətli olmayan torpağa basdırmaq, tutması üçün zəhmət çəkmək, hər birinin dibinə damcı üsulu ilə su vermək, nəhayət ,3-4 ildən sonra göz oxşayan meşə zolağına çevirmək böyük zəhmət və vəsait tələb edib. Daha 3-4 il keçəcək, o ağaclar boy atacaq və oralar əsl meşəyə çevriləcək.

Uğurlu presedentin davamı

Bizdə qaydadır, vəzifədən çıxanın qarasınca danışar, eyzən pis əməllərini xatırlayarlar, ancaq gərək ETSN-in sabiq rəhbəri Hüseyn Bağırov üçün bu məsələdə istisna edək. Onun dönəmində başlanmış uğurlu yaşıllaşdırma siyasəti bu gün öz bəhrəsini verməkdədir. Nazirliyin indiki rəhbəri Muxtar Babayev sələfinin yaşıllaşdırma işini layiqincə davam etdirir və ortada parlaq nəticələr var. Ən əsası, istiqamət düzgündür, ölkə ardıcıl xətlə yaşıllaşdırılır.

Ancaq bu, ölkənin susuz, boz çöllüyünə, keçəl dərə-təpələrinə aid söhbətdir, gözəl ölkəmizin onsuz da yaşıl, sıx meşəli, gözəl məkanları var və bunları qorumaq, mühafizə etmək yetərlidir ki, o dilbər guşələrə ziyan dəyməsin.

Yaşıl Qaranohurun asudə balıqları

İsmayıllı rayonunun Talıstan kəndindən üzü dağlara tərəf uzanan təbii milli park var. Oralara yalnız “Niva” markalı yüngül avtomobillərlə qalxmaq olar, başqa maşınların keçə biləcəyi yerlər deyil. Dar-düdük, əyri-üyrü, sərt eniş-yoxuşlu yollarla 8 kilometrlik məsafəni zor-güc qət edəndə özünü ekstrim turizmin iştirakçısı sayırsan. Bir az qorxusu, həssaslığı olan adam oraları yalnız gözünü yumub keçə bilər.

3.jpg (237 KB)

Belə bir yolla, daha dəqiqi, istiqamətlə irəliləyəndən sonra Həsəndağ silsiləsindəki Qaranohur gölünə çatırsan. Uca zirvələrin dibində gözə yaşıl rəngdə görünən bu dəyirmi gölün əsrarərngiz gözəlliyi var. Adam özünü İsveçrə, Avstriya, Kanada kimi ölkələrin təbiətlərindən bəhs edən sənədli filmlərə baxırmış kimi hiss edir. Göl yağış-qar sularından, bir də kiçik çay irmaqlarından qidalanır və heç vaxt qurumur, suyu azalmır. Gölün sahilinə yaxın yerdə suda gözümüzə çoxlu xırda balıqlar dəyir. Bu əraziyə baxan meşəbəyi deyir ki, göldə iri balıqlar da var, amma onlar dərindədir və bu balıqları ovlamaq yasaqdır. Piraniya, köpək balığı kimi su yırtıcılarından, qarabatdağ durnaların iti dimdiyindən uzaqda bu balıqlar asudə yaşayır. Piyada 5 kilometrlik dağ yolunu ölçə-ölçə buralara balıq tutmağa gələn də yoxdur.

5.jpg (408 KB)

Cəngəllik qanunlarına nəzarət edilməsi

Bu keçilməz cəngəlliklərə malik meşə bu halıyla özünü yaxşı qoruyur, üstəlik, iki yerdə şlaqbaum da var və nəzarətçilər meşəyə təsadüfi, pis niyyətli adamların keçməsinin qarşısını alırlar.

Meşəbəyi deyir ki, bu arealda dağ keçisi, cüyür, eləcə də ayı, canavar, çaqqal, tülkü və sair yırtıcı heyvanlar yaşayır. Bu heyvanlar da yaxşı qorunur.

4.jpg (379 KB)

Uzun illər öncə meşələrin amansızcasına doğranmasının qarşısı, demək olar ki, tamamilə alınıb. Bu sahədə ciddi nizam-intizam, qayda-qanun bərqərar edilib. Bunu yol boyunca da görmək olar.

Təbillə “nahara dəvət edilən” zebular

Ekoloqlar İsmayıllının flora və faunasının qorunması üçün bir sıra effektiv addımlar atıblar. Milli park ərazisində heyvanların ovlanması yasaqlanıb. Son illərdə mili parkın Buynuz kəndinin həndəvərindəki hissəsinə 12 zebu gətirilib və təbiətə buraxılıb. Zebular yerli iqlimə tez adaptasiya olunublar və bala verməyə başlayıblar. İndi onlar artaraq 26 baş olublar. Biz hasar arxasından, talvardan onları izlədik. Milli markın işçisi hər gün onları təbil döyərək nahara çağırır və zebular gəlib azuqələrini yeyirlər. Bu heyvanlar öz iti buynuzları və cantaraq cüssələri ilə özlərini, ayı xaric, digər yırtıcılardan qorumaq iqtidarındadırlar. İki ayaqlı “canavar”lardan isə onları meşəbəyilər qoruyur. Ona görə də ehtimal var ki, zebular artdıqca artacaqlar.

2.jpg (272 KB)

Ekoloqa sürpriz etmək istəyən hərbçi

Səfr zamanı bir maraqlı söhbətə qulaq asdıq. ETSN-nin bizi müşayiət edən əməkdaşlarından biri danışdı ki, nazirliyin məsul şəxslərindən biri bu yaxınlarda hərbçilərin müşayiəti ilə Kəlbəcər ərazisində hərəkət edərkən qəfildən ön oturacaqda oturan silahlı hərbçi sürücüdən maşını saxlamağı xahiş edib və barmağını dodağının üstünə qoyaraq hamıya susmaq işarəsi verərək maşından düşüb və meşəyə dalıb. Sərnişinlər düşmən təxribatından şübhələniblər. Amma 3-4 dəqiqə sonra həmin hərbçi maşına qayıdaraq bildirib ki, yol kənarında cüyür görüb və onu vuraraq ETSN-in məsul şəxsinə sürpriz etmək istəyib. Bu məlumatı gerçək bir sürpriz kimi qarşılayan məsul şəxs paytaxta qayıdandan sonra ordu rəhbərliyinə məlumat verərək, xahiç edib ki, komandirlər nəzarət etsinlər, hərbçilər yerlərdə təbiətə qarşı sürprizlərə yol verməsinlər. (Bu abzasda adları ona görə çəkmədim ki, həmin şəxslərin reklamı kimi yozulmasın).

Minnətdarlıq

Bu cür səfərlər ona görə əhəmiyyətlidir ki, yazı-pozu adamları bir neçə saatlıq da olsa, rutin həyatın gərginliyindən xilas olur, vətənin təbii gözəlliklərini görür, sevir və onu başqalarına tanıdır, sevdirir. Buna görə ETSN rəhbərliyinə xüsusi təşəkkür düşür. Onların missiyası bu gözəlliyi qorumaqdır, bizim missiyamız isə xalqımızı bu gözəlliklərlə tanış etmək.

0979a964-044f-45c0-9150-ab7a41b44516.jpg (416 KB)

Xalid Kazımlı, Musavat.com

İsmayıllı-Bakı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR