İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdəki seçkinin ilkin nəticələri siyasi bloklar arasında gərgin rəqabəti nümayiş etdirir

Sentyabrın 11-də İsveç Krallığında növbəti seçkilər baş tutub. Səsvermədə 349 üzvü olan ölkə parlamenti (Riqsdaqa) deputatların seçilməsi ilə yanaşı, 20 əyalət şurasına və 290 yerli bələdiyyə məclislərindəki yerlərə də namizədlərə səs verilib. Seçkinin ilkin nəticələri siyasi bloklar arasında gərgin rəqabəti nümayiş etdirir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, exit-polların hesablanmalarına görə, əvvəlcə hazırkı solçu sosial-demokratlar partiyasının rəhbərlik etdiyi koalisiyanın qələbəsi proqnozlaşdırılırdı, lakin, sonradan yayılan nəticələr sağçı blokun cüzi fərqlə qalib gələ biləcəyini nümayiş etdirib. Daha sonra qismən hesablanan nəticələr sağçı qrupun parlamentdəki 349 yerdən 175-nə sahib olacağını deməyə əsas verir. Solçu blokdan olan koalisiyada isə hələlik yalnız 174 yerin təmin olunduğu bilinir.

Buna baxmayaraq, yekun nəticələr iki blok arasında yerlərin dəqiq bölgüsünü xaricdəki səsvermə məntəqələrində, poçt və ilkin səsvermə haqqından istifadə edənlərin səslərinin hesablanması ilə bağlı bir qədər vaxt tələb edir.

Yekun nəticədən asılı olmayaraq, aşırı sağçı antiimmiqrant ritorikası ilə tanınan İsveç Demokratları Partiyası bu seçkilərdə əhəmiyyətli və tarixi nailiyyətlər əldə edib. Belə ki, miqrantlara qarşı siyasi qətiyyəti ilə tanınan bu partiya tarixində ilk dəfə ölkənin Sosial Demokratlardan sonra ikinci ən populyar partiyası statusunu qazanmağa yaxındır.

Bununla belə, partiya lideri Cimmi Akessonun sağçı blokun qalib gəldiyi təqdirdə də, koalisiya formalaşdıraraq Baş nazir seçilməsi ehtimalı çox aşağıdır. Əvəzində, digər sağçı partiya olan və seçkilərdə üçüncü ən çox səs toplayan Mötədillər Partiyasının lideri Ulf Kristerssonun rəhbərliyi ilə İsveç Demokratlarının da daxil olacağı sağçı koalisiya hökumətinin qurulması mümkündür.

Öz növbəsində, Ulf Kristersson artıq yeni hökuməti qurmaq ilə bağlı istəklərini ifadə edib. Cimmi Akessonun isə yeni hökumət formalaşdığı halda, partiyasının hökumətə daxil olmaq istədiyini bildirib.

Yeni sağçı hökumətin olub-olmamasından asılı olmayaraq, 20 faizdən çox səs qazanan İsveç Demokratlarının parlamentdə gedən proseslərə və hökumətə böyük təsir göstərəcəyi artıq şübhə doğurmur.

Lakin, hər bir halda yeni hökumətin hansı koalisiya tərəfindən qurulacağı seçkilərin tam nəticələrinin hesablanması və sonrakı koalisiyadaxili danışıqların gedişi ilə daha aydın olacaqdır. Öz növbəsində son 8 ildə hakimiyyətdə olan solçu koalisiyanın yenidən hakimiyyətə gəlməsi də mümkündür.

Qeyd edək ki, konstitusiyalı monarxiya siyasi sistemi olan İsveç Krallığında parlamentdə siyasi baxışları ilə fərqlənən partiyalar koalisiya yaradaraq hökumət qurur. Builki seçkidən əvvəl debatlarda əsasən immiqrasiya, inflyasiya, enerji qiymətləri və ölkədə əsas problemə çevrilən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR