İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç NATO-ya girdi, Türkiyə 10 milyard aldı – Uzun çəkən intriqaya dair iddia

Türkiyənin uzun çəkən süründürməçilikdən sonra İsveçin NATO-ya üzvlüyünə razılıq verməsinin səbəbi barədə başqa ölkələrdə, demək olar ki, birmənlı rəylər var. Hesab olunur ki, Türkiyə dövlətini idarə edənlər başdan sona qədər öz milli mənafelərini güdüblər.

Bu, əlbəttə, normaldır, burada qınanılacaq bir şey yoxdur. Rəsmi Ankara, konkret olaraq prezident Rəcəb Tayyib Ərdoğan əlinə düşmüş bu fürsətdən 84 milyonluq Türkiyənin yox, 9,5 milyonluq İsveçin mənafeyini güdəsi deyildi.

Ancaq öncə Türkiyənin İsveçin NATO-ya üzvlük məsələsini yubatmasının səbəblərinə baxaq.

Birincisi, NATO-ya üzvlük üçün təxminən eyni vaxtda iki dövlət - Finlandiya və İsveç müraciət etmişdi və Türkiyə birinciylə arasında olan problemi (finlərin PKK terrorçularına sığınacaq verməsi) qısa müddətdə həll edən kimi Helsinkiyə yaşıl işıq yandırdı. İsveç isə özünü konstruktiv aparmadı, saymazlıq nümayiş etdirdi və elə bir rəftarla qarşılaşdı ki, sonradan minnətçi düşəsi oldu.

İkincisi, İsveçin NATO-ya yolunu kəsən təkcə Türkiyə deyildi, Macarıstan rəhbərliyi də bu dövlətin davranışından narazı qalmışdı və baş nazir Viktor Orbanın, eləcə də onun partiyasından olan deputatların yola gəlməsi uzun çəkdi.

Üçüncüsü, Türkiyə bu hərəkəti ilə uzun zamandan bəridir onu xor görən amerikalılara və avropalılara dərs verdi, onların sözəbaxan uşağı olmadığını göstərdi.

Türkiyə ABŞ və Avropa ilə son 75 ildə heç vaxt olmadığı qədər ötkəm davranır. Ərdoğandan əvvəlki prezident və baş nazirlər Vaşinqtonun və Brüsselin qarşısında o boyda dövlətin şəninə kəsir gətirəcək şəkildə itaətkar davranış sərgiləyirdilər. ABŞ-da belə bir qənaət hasil olmuşdu ki, istədiyi vaxt Türkiyədə dikbaşlıq edən hakimiyyəti dəyişə bilər – istər hərbi çevriliş yoluyla, istər hərbçilərin ultimatumu ilə, istərsə də hökumət koalisiyasını içəridən dağıtmaqla. Ərdoğan bu üç rıçağın üçünü də tədricən yad güclərin əlindən aldıqdan sonra Türkiyə öz müstəqil xarici siyasət xəttini yeritməyə başladı. ABŞ və Avropanın indiki Türkiyə iqtidarını sevməməsinin başlıca səbəbi budur.

İndi İsveçin NATO üzvlüyünə ilyarıma yaxın müddətdə əngəl törədilməsinin İsveçin özüylə əlaqəli olmadığı, Türkiyənin ABŞ-dan bir sıra üstünlüklər, o cümlədən 10 milyard dollarlıq tranş qoparmaq istəməsi ilə bağlı iddialar var.

Bildirilir ki, Ankara ölkəyə lazım olan hər şeyi aldıqdan sonra İsveçin Şimali Atlantika blokuna qoşulmasına icazə verib.

Əslində 1949-cu ildə təsis edilmiş NATO-dan 75 il boyunca kənarda qalan İsveçin və Finlandiyanın birdən-birə bu hərbi bloka üz tutması sırf qorxudan, Rusiya qarşısında panik ovqata qapılmaqdan irəli gəlirdi. 2 il öncə Rusiya Ukraynaya hərbi təcavüz edəndən sonra, 2022-ci ilin mayında bu dövlətlər NATO-ya rəsmi müraciət etmişdilər. Görünür, bu dövlətlətin rəhbərləri düşünürdülər ki, hərəkətə gəlmiş rus hərbi maşınını durdurmaq üçün başqa yol yoxdur, onun qarşısını yalnız NATO kəsə bilər.

NATO-nun üzvü olan digər ölkələr İsveç və Finlandiyanın üzvlüklərini hələ 2022-ci ildə (iyul, avqust və sentyabr aylarında) təsdiqləmişdilər, kənarda bircə Türkiyə və Macarıstan qalmışdı. Onlar da razılıq verdikdən sonra NATO-nun 32 üzvü oldu. Bu dövlətlərdən cəmi ikisi – ABŞ və Kanada okean ötəsində yerləşir, Böyük Britaniyanı da nəzərə alsaq, hamısı Avropa dövlətləridir.

Hazırda Rusiya belə bir böyük hərbi gücün qarşısındadır. Əlbəttə, bu, o demək deyildi ki, Finlandiya və İsveç bir az ləngisələr, tez-tələsik NATO-ya daxil olmasalar, Rusiya onlara hücum edəcəkdi. Kremlin belə bir niyyəti olsa, iki ildir “müdafiəsiz” qalan İsveçə qarşı bunu edərdi.

Sadəcə, şimal qonşumuz ən azı çar I Pyotrun vaxtından bəri aqressiv xarici siyasət yeridir, bütün Avropanı, eləcə də Asiya və Yaxın Şərq ölkələrinı təhdid altında saxlayır. Bu dövlətlə bir dəfə müharibə etmiş, onun işğalına məruz qalmış bütün ölkələr ondan qorxurlar və haqsız da sayılmazlar.

Türkiyə isə NATO-da oynadığı həlledici rolla həm öz müttəfiqlərinə (bu sözü dırnaq arasına da almaq olar), həm də Rusiyaya göstərdi ki, onunla hesablaşmaq lazımdır. Rusiyanın NATO ölkələri arasında güvənəcəyi və müttəfiq saya biləcəyi yeganə ölkə də Türkiyədir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR