Onlayn ictimai-siyasi qəzet
“İstiqraz vətəndaşlardan borc alınması prosesidir. Hökumət müəyyən xərcləri ödəmək üçün həm hüquqi, həm fiziki şəxslərdən, həm də sıravi vətəndaşlardan borc alır. Bunun əvəzində də həmin borc müddətində istiqrazlara faiz hesablanır. Bizdə kupon formasındadır, bonuslar ora yığılır. Ümumiyyətlə, istiqrazlar üç növə bölünür. Qısa müddətli – 5 ilə qədər, orta müddətli- 10 ilə qədər, uzun müddətli - 10 ildən çox olan istiqrazlardır. Ötən il Maliyyə Nazirliyi 180 milyon manat dəyərində borclanmaya getdi. Bu borclanma çox güman ki hökumətin müəyyən ehtiyaclarının ödənilməsi üçün lazım idi. Amma bu barədə açıq mənbələrdə izahat yoxdur”.
Bu fikirləri Musavat.com-a iqtisadçı Akif Nəsirli bildirib. O əlavə edib ki, bu istiqrazlar 2027-ci ilə qədər, yəni 1092 gün müddəti üçün nəzərdə tutulmuşdu. Qısa müddətli istiqrazlardır. İndi hökumət bunu müxtəlif səbəblərdən geri qaytara bilər. Hökumət izah edir ki, artıq bu vəsait ona lazım deyil. Bu vəsaiti geri qaytarmaq daha səmərəlidir. Ona görə də ötən müddətə uyğun olaraq bonuslar ödənilməklə istiqrazları geri çağırır. Göründüyü kimi, istiqrazların geri çağırılmasından hökumət daha çox uduş əldə edir, nəinki indiyədək ödəniləcək bonuslardan. Bu hökumətin qərarıdır. Geri qaytarılma ilə bağlı müxtəlif səbəblər ola bilər. Dəqiq informasiyanı hökumət bilir. Amma hökumət hesab edir ki, 6 ay əvvəlki ehtiyacları yoxdur və hökumətin bu vəsaitləri geri qaytarmaq imkanları var və belə qərara alıblar”.
Akif Nəsirli
Qeyd edək ki, Azərbaycanda hazırda dövriyyədə olan bəzi dövlət istiqrazları vaxtından əvvəl geri alınacaq. Bu barədə Maliyyə Nazirliyi açıqlama yayıb. Açıqlamaya əsasən istiqrazların geri alınması üzrə hərrac keçiriləcək. Nazirliyin bəyanatında deyilir ki, Maliyyə Nazirliyi (emitent) tərəfindən daxili maliyyə bazarında bir sıra dövlət istiqrazlarının 2025-ci il 25 fevral tarixində vaxtından əvvəl geri alınması üzrə Bakı Fond Birjasında hərracın keçirilməsi nəzərdə tutulur.
Afaq Mirayiq,
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ