İnsanlara hürriyət, millətlərə istiqlal!

İstintaqa cəlb edilən abituriyentlər - onları bu cəza gözləyir

Hüquqşünas: “Əgər imtahan qaydaları texniki vasitələrlə kütləvi şəkildə pozulubsa və şəbəkə təşkil edilibsə...”

KİV-də imtahan prosesi qaydalarının pozulması ilə məşğul olan müəyyən şəbəkələrin ifşa olunduğuna, kimlərinsə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmalarına dair məlumatlar yayılır. Dövlət İmtahan Mərkəzi bütün imtahanlarda qaydaların pozulmasının qarşısının alınması, şəffaflıq üçün tədbirlər görür.

Bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib. Aparat rəhbəri bildirib ki, hər imtahandan sonra qayda pozuntuları barədə ictimaiyyətə məlumatlar təqdim olunur: “Birinci növbədə bunu abituriyentlər, valideynləri maarifləndirmək, xəbərdarlıq üçün edirik. İmtahan qaydalarını pozanlar vaxtından, yerindən asılı olmayaraq aşkar olunduğu zaman həmin pozuntunun səviyyəsinə uyğun olaraq imtahan nəticələrnin ləğv olunmasınadək tədbirlər görülür. Müəyyən qayda pozuntuları var ki, hüquqi məsuliyyət yaradır və ona adekvat tədbirlərin görülməsi bizdən tələb edilir”.

Vəfadar Misirov vurğulayıb ki, mobil “Wi-Fi” sistemi olan qurğular, mikro-qulaqlıqlar, kameralar, mikrofonlardan istifadə edən şəxslər düşünürlər ki, bu sui-istifadə yolu ilə müəyyən bal toplaya bilərlər. O bildirib ki, bu hallar aşkarlanıb və hüquq-mühafizə orqanlarına müraciət edilib: “Artıq bir neçə  abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər. Bizə vacib olan məsələ bu işin təşkilatçılarıdır. Həmin şəbəkə ifşa olunub. Onlar istintaqa cəlb ediliblər. Prosesin nəticələri barədə istintaq başa çatdıqdan sonra DİM tərəfindən ətraflı məlumat veriləcək”. 

Bəs bu işlə məşğul olanları hansı cəzalar gözləyir?

İcazəsiz video və səs yayanlara sərt cəza gəlir - hüquqşünas rəyi »  www.Bia.Az

 Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu məsələ sırf inzibati qayda pozuntusu ilə kifayətlənmir: “Əgər söhbət imtahan qaydalarının texniki vasitələrlə kütləvi pozulmasından və şəbəkə təşkil edilməsindən gedirsə, bu artıq cinayət məsuliyyəti doğura bilər. Adi qaydada, yəni imtahanda gizli köməkçi vasitədən istifadə olunsaydı, bu halda  Dövlət İmtahan Mərkəzi (DİM) imtahan nəticələrini ləğv edə bilərdi. Bundan başqa, əlavə inzibati tədbirlər  tətbiq oluna bilərdi”.

Natiq Ələsgərov deyib ki, imtahanda texniki vasitələrlə saxtakarlıq etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsi - kompüter texnikası vasitəsilə məlumatlara qanunsuz müdaxilə predmeti hesab olunur: “Bu əmələ görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə və ya məhdudlaşdırma cəzası nəzərdə tutulur. Bundan başqa, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi - rəsmi sənədlərin saxtalaşdırılması kimi də tövsif oluna bilər. Bu halda 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. İstintaq təsdiqləsə ki, bu əməllər törədilərkən qanunsuz xüsusi texniki vasitələrin hazırlanıb və istifadə olunub, bu halda Cinayət Məcəlləsinin 299-cu və 302-ci maddələri ilə də ittiham oluna bilər. Bu maddələrin sanksiyasında 2 ildən 5 ilə qədər cəza nəzərdə tutulur”.

Naqiq Ələsgərov əlavə edib ki, imtahan zamanı mikroqulaqcıq, kamera, gizli Wi-Fi cihazı kimi qurğularla kütləvi şəkildə kömək göstərilməsi artıq qrup halında cinayət kimi qiymətləndirilə bilər. Bu halda məsuliyyət daha ağır olur və təşkilatçılar 3 ildən yuxarı həbs riski ilə üzləşə bilərlər.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR