İnsanlara hürriyət, millətlərə istiqlal!

İstefa verən Dmitro Kuleba kimdir... - DOSYE

Xəbər verdiyimiz kimi, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba istefa verib.

Musavat.com Dmitro Kulebanın dosyesini oxucularına təqdim edir:

Dmitro (Dmytro) Kuleba 1981-ci ilin 19  aprelində Ukraynanın Sumı şəhərində anadan olub. Diplomat İvan Kulebanın ailəsində dünyaya göz açan Dmitro 90-cı illərin sonunda Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun(KİMO) beynəlxalq hüquq fakültəsini bitirib və beynəlxalq hüquq üzrə magistr dərəcəsi alıb.

Aspirantura ilə paralel olaraq Kuleba atasının əlaqələri nəticəsində Xarici İşlər Nazirliyinin hüquqi dəstək xidmətində işə düzəlib. Yuşşenkonun qələbəsindən az sonra rəsmi Kiyev Avropa İttifaqı ilə münasibətləri fəal şəkildə yaxşılaşdırmaq qərarı vermişdi. Bu səbəbdən Kuleba Ukraynanın beynəlxalq təşkilatlar yanında xüsusi missiyasında işləmək üçün dörd il müddətinə Vyanaya göndərildi.

O, 2012-ci ildən humanitar və mədəni məsələlərlə məşğul olur. Baş nazirin müavini Konstantin Qrişenkonun humanitar məsələlər üzrə müşaviri işləyib. Sonradan Ukraynada baş vermiş Maydan hərəkatı və hakimiyyətə qərbpərəst siyasətçilərin gəlməsi onun karyerasında növbəti mərhələ açıb. 

Kuleba yenidən dövlət qulluğuna qayıtmağa ehtiyac duyub.  

Sabiq xarici işlər naziri Andrey Deşçitsu onunla ciddi maraqlanmasa da, köhnə diplomat dostu Pavel Klimkin onu Xarici İşlər Nazirliyində yenidən işə düzəldib.

Ukraynada növbəti hakimiyyət dəyişikliyi və Poroşenkonun prezident kürsüsünə oturması Kuleba üçün düşərli oldu. Təsadüfi deyil ki, siyasi dairələrdə onu hələ də “Poroşenkonun kadrı” hesab edirlər.  

2019-cu ilin yayında diplomat sosial şəbəkələrdə yeni prezident Zelenski haqqında bir neçə tərifli yazılarla gündəm oldu. Bu, yeni hakimiyyətin də diqqətindən kənarda qalmadı. Ona baş nazirin Avropaya inteqrasiyası üzrə müavini postu həvalə olundu. 

2020-ci ildə baş nazir Qonçarukun kreslosu laxladı, elə həmin ilin  martın 4-də Ali Rada cəmi altı ay işləmiş Nazirlər Kabinetini istefaya göndərdi. Yeni hökumətdə isə Kuleba xarici işlər naziri oldu. 

Kuleba “Garden City” ictimai təşkilatının yaradıcısı və rəhbəri, həmyaşıdı Yevgeniya Kuleba ilə evlidir. Xanımı 2020-ci ildə iqtidarda olan “Xalqın qulluqçusu” partiyasından  Kiyev Şəhər Şurasına deputat seçilib. Cütlüyün iki övladı var. 2006-cı ildə oğlu Yeqor, beş il sonra qızı Lyubov dünyaya gəlib. Atası İvan Kuleba Ukraynanın Misirdə, Çexiyadakı səfiri olub. Atası son olaraq 2019-2021-ci illərdə Ukraynanın Ermənistandakı səfiri olub.

Hüquq üzrə fəlsəfə doktoru olan Kuleba İngilis və İtalyan dillərini bilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR