İnsanlara hürriyət, millətlərə istiqlal!

İşsiz qalan müəllimlərin taleyi NECƏ OLACAQ? - Ekspert açıqladı

Ekspert: “İki nazirlik onları dövlət, ya da özəl sektorda işlə təmin edə bilər”

“Müəllimlərin sertifikasiya imtahanında nəticəsi uğursuz olan 4300-dən çox müəllimin işinə xitam verilib”. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası üçün 10 500-dən artıq vakansiya təqdim olunub, 22 mindən artıq müəllim müsabiqədə iştirak edib: “Müsabiqədə iştirak edə bilmədiyi üçün işdən çıxarılan müəllimlərin dərs saatları həmin məktəblərdə fəaliyyət göstərən digər müəllimlərə paylanılacaq”.

N.İsmayılbəyli bildirib ki, 712 məktəbdə vakansiya yaradılıbsa, bunlardan 563-ü Azərbaycan dili və ədəbiyyat müəllimliyini əhatə edir. O bildirib ki, sertifikasiya nəticəsində işdən çıxarıldıqdan sonra 90-a yaxın şəhid ailə üzvü olan müəllim sosial həssas kateqoriyadan olduğu üçün alternativ işlə təmin olunub. Bəs digərlərinin taleyi necə olacaq, çünki onların arasında ailə başçısı olmayan və ya həyat yoldaşı da işləməyənlər var. Yəni dövlət xüsusi bir proqram hazırlamalıdır, yoxsa onlar gedib digər sahələrdə iş tapmalıdırlar ki, bu da o qədər asan deyil.

Xatırladaq ki, ötən il Milli Məclisin "Təhsil haqqında" Qanuna etdiyi əlavə və dəyişikliklərin məcmusunda qeyd edilib ki, məktəblərdə 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq? Əgər müəllim yüksək əmək haqqı arzu edirsə və 65 yaşdan sonra müqaviləsinin mövcud qaydalara uyğun artırılmasını istəyirsə, sertifikasiyada iştirak edib müsbət nəticə əldə etməlidir. Sınaq məqsədilə iştirak etmək mümkün deyil. Əgər iştirak edib keçməyən müəllimlərə bir il sonra təkrar şans veriləcək. Əgər bir sonra da minimum keçid balını toplamasa, onunla bağlanmış müqaviləyə xitam verilir və o, işdən azad edilir. Məktəblərdə ilk dəfə işə qəbul olunan müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər? Bu müddət əvvəl 5 il idi, indi azaldıldı. Bağça müəllimləri sertifikatlaşdırmadan keçməlidir. Təhsilin olub-olmadığından asılı olmayaraq, bağçada çalışan müəllim-tərbiyəçilərin hər biri sertifikasiyada iştirak etməlidir. 

Onların sertifikasiyada iştirak etməsi məcburidir. Onlar əgər ilk sertifikasiyadan keçməsə, növbəti il bir də şans veriləcəkdir. Amma bu dəfə də keçməsələr, onlarla bağlanmış müqaviləyə xitam verilir və onlar işdən azad edilir.

Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə  yazığınız gəlsin..."

Elçin Əfəndi 

Təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Elm və Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilən 4300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi. Təbii ki, keçmədikləri halda onları təhsil istiqamətində saxlamaq, birbaşa auditoriyaya girib təhsil alanlara müəyyən tədris proqramını vermələri düzgün olmazdı. Nazirlik də bu amili əsas gətirərək müəllimlərin müqaviləsinə xitam verdi. Fikrimcə, bu təkcə nazirliyin deyil, ümumiyyətlə, cəmiyyətin hər bir üzvünün mövqeyidir. Yəqin ki, hər birimiz istəmərik ki, övladımıza öz ixtisası ilə bağlı mövcud fənn kurrikulumunu bilməyən, o cümlədən təhsil standartını bilməyən hər hansı bir şəxs təhsil versin. O ki qaldı əmək müqaviləsinə xitam verilən şəxslərin gələcək fəaliyyətlərinə, növbəti il üçün hazırlaşıb müəllimlərin işə qəbulunda iştirak edə bilərlər. Bundan əlavə, nazirlik tərəfindən sertifikasiyadan keçməyən 400-ə yaxın müəllim-sosial qrupa daxil olan şəxsin işlə təminatına baxılacaq. Onlardan 90 nəfərinə artıq iş imkanları yaradılıb. Qarşıdakı dövr ərzində də belə bir imkan digərləri üçün də yaradılacaq. Amma düşünürəm ki, bununla paralel belə humanist davranış sərgilənirsə, nazirlik və Dövlət Məşğulluq Agentliyi bu istiqamətdə birgə fəaliyyət göstərə bilərlər. Məşğulluq Agentliyi hansısa istiqamətlər üzrə maddi gəlirə ehtiyacı olanları müəyyənləşdirib  onların dövlət qurumunda, özəl sektorda iş imkanlarına baxmaları daha yaxşı olar. Hər iki nazirlik bu istiqamətdə ölçü götürə bilər”. 

Müəllim İbrahim Həsənzadə də hesab edir ki, müəllimlərin sertifikasiyadan keçməsi təhsil sisteminin keyfiyyətini artırmaq və müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədi daşıyır: “Hər bir müəllimin vəzifə borcudur keyfiyyətli təhsil versin. Sertifikasiyadan keçməyən müəllimlərin gələcəyi ilə bağlı bir neçə təklif irəli sürmək mümkündür. İlk olaraq deyim ki, müəllimlər əlavə təlimlərə cəlb edilərək, növbəti sertifikasiya imtahanlarında iştirak etmə şansı qazanırlar.

Burada dəstək proqramları olmalıdır, bəzi hallarda, sertifikasiyadan keçməyən müəllimlər üçün xüsusi dəstək proqramları təşkil edilə bilər. Bu proqramlar müəllimlərə zəif tərəflərini inkişaf etdirməyə kömək edə bilər. Müəllimlər digər vəzifələrə keçirilməklə təhsil sistemində fəaliyyətlərini davam etdirə bilərlər. Məsələn, inzibati vəzifələr və ya təlimçi vəzifələri.

Eyni zamanda əgər müəllim təkrar sertifikasiyadan da keçə bilmirsə, müqaviləsinin yenilənməməsi mümkündür. Bu təkliflər ölkənin təhsil siyasətindən və yerli qanunvericilikdən asılı olaraq dəyişə bilər. Sertifikasiyadan keçməyən müəllimlər üçün ən yaxşı yol əlavə təlimlərə qatılmaq və zəif cəhətlərini inkişaf etdirməkdir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR