İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrarlı zənglərin, qərəzli sualların tutarlı cavabı – 3 il öncə zəfər həm də bu sayədə qazanıldı

Zaman keçdikcə insanlar 3 il öncənin bu günlərinə bir qədər fərqli münasibət bəsləyəcəklər.

Müzəffər zabit və əsgərlərin, qəhrəmanların qədir-qiyməti daha çox bilinəcək.

Şəhidlər daha çox əzizlənəcək, qazilərə daha böyük dəyərlər veriləcək.

Məmləkət əhli bu zəfəri daha coşqulu, daha təntənəli qeyd edəcəklər.

Çox adam 3 il öncə sentyabr ayının son 4 günündə, oktyabr ayında və noyabr ayının ilk ongünlüyündə keçirdiyi hiss-həyəcanı, intizar və iztirabı bir xeyli unudacaq, ya da yadırğayacaq.

Cəbhədə döyüşən əsgərlərin valideynlərinin o günlərdə hər dəfə telefona zəng gələndə necə ölüb-dirildikləri, necə sarsıntı keçirmələri xatirəyə çevriləcək, şəhid xəbəri alaraq yıxılanların yarası qaysaqlayacaq, övladı cəbhədən yaralı da olsa sağ qayıtmış valideynlər o məşəqqətli günləri əsasən təbəssümlə xatırlayacaqlar.

Bir sözlə, 44 günlük müharibənin söhbəti heç 44 il sonra da bitməyəcək.

Ancaq müharibənin od-alovunun içində olanların, bir də savaşın pərdə arxasının, diplomatik cəbhəsinin döyüşçülərinin 2020-ci ilin payızında necə böyük ağırlıq altında olduqlarını çox adam bilməyəcək.

3 il öncə müharibə təkcə Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Xocavənddə, Şuşada, Ağdərədə getmirdi, savaş həm də beynəlxalq arenada, qüdrətli dövlətlərin paytaxtlarının ali kabinetləri ilə Bakını birləşdirən telefon xətlərində gedirdi.

Sentyabr ayının 27-də başlayaraq, ta noyabrın 10-na qədər elə bir gün olmadı ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevə, dövlətinin digər ali hakimiyyət orqanlarının rəhbərlərinə savaşı dayandırmaqla bağlı təzyiq dolu zənglər gəlməsin.

image_750x_64eec847ce704.jpg (104 KB)

Bunların qarşısında dözüb-dayanmaq çətin idi. Fransanın prezidenti Emmanuel Makron kiriyirdi, Almaniyanın kansleri Angela Merkel zəng edirdi, ondan sonra Brüsseldən. ATƏT-dən, Avropa İttifaqından, Avropa Şurasından zəng gəlirdi, daha sonra Amtsterdam, Ottava başını başlara qoşurdu. Vaşinqtonun başı öz daxili işlərinə, seçkilərə qarışsa da, ən azı Senatın nümayəndələr palatasının spikeri Nensi Pelosi, senatorlar Frenk Pallone, Robert Menendes və başqaları ABŞ dövlətinin adından danışırdılar. Onların hamısı 28 ildən çox işğal altında qalan torpağını azad etmək istəyən Azərbaycan dövlətinə hərbi əməliyyatların dayandırılmasını “əmr edirdi”.

merkkkk.jpg (88 KB)

Deyəsən, onların ağılları köhnə vaxtlara getmişdi, elə bilirdilər ki, bir neçə nazir, səfir, diplomat çıxıb “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” deyəcək, “qoşunların təmas xəttində hərbi eskalasyinanın şiddətlənməsini sərt şəkildə qınayırıq” məzmunlu bəyanatlar yayacaqlar, siyasi-hərbi rəhbərlik kazarmalarından çıxıb səngərlərə yerləşmiş Azərbaycan əsgərlərini geri qaytaracaq.

Elə olmadı. Qəti qərar verilmiş, ordu hərəkətə gəlmişdi və geriyə yol yox idi. Prezident İlham Əliyev ordu birləşmələrinə rəhbərliyi tam olaraq öz üzərinə götürmüşdü və əslində həm Ali Baş Komandan, həm də ordunun baş qərargah rəisi kimi fəaliyyət göstərirdi.

44 günlük savaşın ortalarında aydın oldu ki, əslində ermənilərin əsas gücü heç də qurduqları keçilməz istehkamlarda, polad qapılı bunkerlərdə, minalı sədlərdə deyilmiş, onların əsas gücü xarici ölkələrdə siyasi havadarlara malik olmalarında imiş. Tərəfkeşlərin Azərbaycan ünvanladıqları “dayanın” tələbi işə yaramayanda, erməni ordusunun müqaviməti corab söküyünün çözülməsinə döndü.

bunkk4ton.jpg (104 KB)

Bir çox nahiyələrdə erməni döyüşçülər topdağıtmaz bunkerlərdə qalır, özlərindən 15-20 kilometr gerilər işğaldan azad olunması ilə tam mühasirə vəziyyətinə düşsələr də, ona görə müqaviməti davam etdirirdilər ki, Avropa və Rusiyadakı arxa-dayaqlarının sayəsində hərbi əməliyyatların dayandırılacağını gözləyirdilər.

Nəhayət, onlar 20-25 gündən sonra anladılar ki, müqavimətin faydası olmayacaq, bu savaş Azərbaycan əsgəri nəzərdə tutduğu yerləri azad edənə qədər davam edəcək.

Çox qəribəydi ki, Avropanın bir çox dövlətləri öz bəyanatları ilə açıq şəkildə Azərbaycanın öz torpağını azad etmək hüququnun olmadığını, bunun yolverilməz olduğunu bildirirdilər. Sanki Azərbaycan bu hüququ 1994-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanan atəşkəs sazişi ilə itirmişdi.

Avropalılar öz aləmlərində bu sazişə kapitulyasiya aktı səciyyəsi vermişdilər və düşünürdülər ki, Ermənistan müharibədə qalib gəlib, Azərbaycan məğlub olub, məsələ bitib. Amma o sazişin adı üstündəydi – “Atəşkəs sazişi”. Zatən, o saziş imzalandığı gündən ta sentyabrın 27-sinə qədər demək olar ki, hər gün, toplamda isə, şişirtməsiz, milyon dəfə pozulmuşdu. Hələ “snayper savaşı”nda həlak olanları da nəzərə alsaq, müharibə heç vaxt dayanmamışdı, sadəcə, hərbi texnika hərəkətə gəlmir, manevr etmirdi. Qalan hər şey məhz qanlı müharibənin özündəki kimiydi.

Avropa isə özünü boynumuza öhdəlik qoymuş kimi aparırdı.

3ui7zbrsuo_001.jpg (225 KB)

Xarici təzyiq heç də böyük ölkələrin prezidentləri, baş nazirləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri səviyyəsində edilən telefon zəngləri ilə məhdudlaşmırdı, dünyanın ən qüdrətliı ölkələrinin ən nüfuzlu media qurumların ən səriştəli əməkdaşları Bakıya ezam olunmuşdular. Onlar müharibə aparan ölkənin prezidentiylə, Ali Baş Komandan İlham Əliyevlə görüşür, geniş müsahibə götürür, qərəzli suallar verir, bir növ Azərbaycan haqsız mövqedə olduğu barədə sərt ifadələr işlədir, ölkəmiz barədə beynəlxalq miqyasda mənfi rəy yaratmaq istəyirdilər.

president_musahibe_281114.jpg (43 KB)

O zaman Azərbaycan xalqı da, bölgədə gedən müharibə ilə maraqlanan dünya ictimaiyyəti də İlham Əliyevin təkcə döyüşən ordunun komandanı yox, həm də mahir diplomat, istənilən köntöy suala layiqli cavab verən hazırlıqlı siyasətçi olduğunu kəşf etdi. Həmin günlərə qədər İ.Əliyevin bu məziyyətlərindən xəbəri olan az idi, 2020-ci ilin oktyabr-noyabr aylarında isə 25-dən artıq əcnəbi jurnalistə parlaq müsahibələr verən, qərəzli sual qoyanları susduran, pərt edən dövlət başçısı nəyə qabil olduğunu dünyaya göstərdi.

amerrrr.jpg (16 KB)

Təkcə ABŞ-ı təmsil edən jurnalistin pərt-pərt “siz ABŞ siyasətini yaxşı bilirmişsiniz” deməsi Qərblə Azərbaycan arasında gedən “informasiya müharibəsi”nin kimin xeyrinə başa çatmasının bariz göstəricisi oldu.

Uzun sözü kəsəsi, 8 noyabr zəfəri təkcə hərbi poliqonda qazanılmadı, eyni zamanda diplomatik cəbhədə, informasiya məkanında qazanıldı. Uğurlu həmlələr bir-birini tamamladı və onun sayəsində sabah Azərbaycan xalqı bu möhtəşəm zəfər gününü təntənə ilə qeyd edəcək.

Bizə isə bu gözəl günü xalqa bəxş edənlərə minnətdarlıq etmək düşür – Prezident İlham Əliyev başda olmaqla, döyüşən generallara, polkovniklərə, digər zabitlərə və naməlum əsgərə qədər qələbədə əməyi keçən hamıya. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR