Onlayn ictimai-siyasi qəzet
İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev Azərbaycana səfəri çərçivəsində Şəhidlər Xiyabanını ziyarət edib.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi rəsmi sosial media hesabında məlumat yayıb.
Nazir və nümayəndə heyəti “Əbədi Məşəl” abidəsi önünə əklil qoyaraq şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət ediblər.
Musavat.com xatırladır ki, Albert Aqarunov 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olaraq, Qarabağ müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Tank komandiri kimi düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv edərək mühüm uğurlara imza atıb. 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.
Aqarunovun xatirəsi Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilir. O, Azərbaycanın müxtəlif millətləri bir araya gətirən birlik və qardaşlıq rəmzidir. İsrailin yüksək səviyyəli nümayəndə heyətinin onun məzarını ziyarət etməsi bu rəmzə münasibətin göstəricisidir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ