Onlayn ictimai-siyasi qəzet
İsrailin İranın nüvə infrastrukturlarına endirdiyi zərbələr dünya ictimaiyyətini silkələdi. Xüsusilə Natanz və Fordo kimi strateji zənginləşdirmə mərkəzlərinə yönəlmiş hücumlar böyük risklərin xəbərçisidir. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu hücumları “dərin narahatlıq doğuran hadisələr” kimi dəyərləndirib.
İranın Natanz obyektinə ciddi ziyan dəyib. Fordo isə yerin dərin qatlarında yerləşdiyindən onun tam məhv edilməsi üçün ABŞ-ın belə malik olmadığı, xüsusi “bunker-buster” tipli super bombaların istifadəsi tələb olunur.
İranın nüvə obyektlərində zənginləşdirilmiş uran birbaşa partlayıcı deyil və bomba düşməsi ilə Fukusima və ya Çernobıl miqyasında bir fəlakət gözlənilmir. Amma problem odur ki, bombanın yaratdığı partlayış nəticəsində bu materiallar ətrafa yayıla, torpağa, havaya, suya qarışa bilər.
Bristol Universitetinin alimi professor Claire Corkill xəbərdarlıq edir ki, uran hissəciklərinin inhalasiyası və ya qida vasitəsilə orqanizmə düşməsi xərçəng riskini artırır. Digər təhlükə isə uran heksafloridinin sızmasıdır. Bangor Universitetinin professoru Saymon Middleberg bildirir ki, bu maddə havadakı nəmlə reaksiya verərək güclü turşu əmələ gətirir və böyük kimyəvi yanğına səbəb ola bilər. BAEA-nın rəhbəri Rafael Qrossi də etiraf edir ki, hərbi eskalasiyanın davamı radioaktiv materialların yayılma ehtimalını artırır, bu isə Yaxın Şərqdə yeni nüvə böhranına yol aça bilər.
Bu gün bir çox ekspertlər İranın nüvə obyektlərində Çernobıl və Fukusima ssenarisi az ehtimal etsələr də, lokal ərazilərdə ciddi radiasiya və kimyəvi çirklənmə riski oilduğunu da gizlətmirlər. Hətta Natanz ətrafında bu artıq qeydə alınıb. İstənilən halda, hücumlar təkcə hərbi yox, ekoloji təhlükəyə çevrilməkdədir. BAEA isə təcili olaraq İran obyektlərində vəziyyəti izləyir və regionda radioaktiv fonun dəyişmədiyini bəyan edib. Amma eskalasiya davam edərsə, bu “sükut” da sonsuz olmayacaq.
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, İsrailin İrana hücumlarının arxasında iki məqsəd dayanır: “İsrailin bu əməliyyatları təsadüfi deyil. Birincisi, məqsəd İranın nüvə potensialını real şəkildə ləngitməkdir. Natanz və Fordo İranın uran zənginləşdirmə mərkəzləridir və bu obyektlər vurulsa, Tehran nüvə bombasını əldə etməyə yaxınlaşmaq imkanını itirəcək. İkincisi, bu zərbələr ABŞ-a açıq siqnaldır. Yəni İsrail İranı ABŞ-sız dayandırmaq qərarı verib”.
Kamran Məmmədli əlavə edib ki, İsrailin belə riskli addımlar atması regionda yeni genişmiqyaslı müharibə təhlükəsini artırır: "Hazırda qarşılıqlı zərbələrdən təkcə hərbi obyektlər yox, neft infrastrukturları, dinc şəhərlər də zərər görür. Yəni söhbət artıq təkcə nüvə proqramından yox, bütün regionun sabitliyindən gedir. Üstəlik, belə hücumlar Tehranın Rusiya və Çinlə daha sıx hərbi ittifaq qurmasına təkan verir”.
Kamran Məmmədli deyib ki, İsrailin İranın nüvə obyektlərinə endirdiyi son zərbələr təkcə hərbi nəticələr doğurmur, həm də Yaxın Şərq və Avrasiya regionunda yeni siyasi- hərbi konfiqurasiyanın yaranmasına səbəb olur:
"Tehran artıq anlayır ki, ABŞ və İsrail tandeminə qarşı təkbaşına müqavimət göstərmək imkansızdır. Ona görə də İran son aylarda açıq şəkildə Rusiya və Çinlə təhlükəsizlik sahəsində daha dərin əməkdaşlığa can atır. Rusiya ilə dron, raket texnologiyaları üzrə əməkdaşlıq, Çinlə isə “Kəmər və Yol” təşəbbüsü çərçivəsində enerji və müdafiə müqavilələri bu siyasətin parlaq nümunəsidir".
Kamran Məmmədli əlavə edib ki, İsrailin bu hücumları Tehranın Moskva və Pekinlə formal deyil, real hərbi blok yaratmasına təkan verə bilər:
“İran başa düşür ki, artıq “bitərəf mövqe” dövrü bitib. Xüsusilə İsrailin son zərbələri göstərdi ki, Tehranın nüvə proqramını qorumaq üçün Çin və Rusiyadan real müdafiə zəmanəti almaq lazımdır. Mən hesab edirəm ki, bu hücumların əsas geopolitik nəticəsi – İran-Rusiya-Çin təhlükəsizlik üçbucağının daha da rəsmi formalaşması olacaq. Bu isə ABŞ-İsrail cütlüyü üçün regionda balansın pozulması deməkdir".
Onun fikrincə, bu proses Azərbaycanın da təhlükəsizlik gündəliyinə təsir edə bilər: "Əgər İran Çin və Rusiyaya daha çox bağlanarsa, Cənubi Qafqazda – xüsusən Azərbaycan sərhədlərində – yeni hərbi risklər meydana çıxa bilər. Bu səbəbdən Bakı da bölgədəki bu hərbi-siyasi dəyişiklikləri diqqətlə izləməlidir".
Kamran Məmmədli hesab edir ki, İsrailin İranın nüvə infrastrukturlarına hücumları fonunda Tehranın Moskva və Pekinlə hərbi yaxınlaşması Cənubi Qafqazda yeni risklər yaradır. Bu dəyişikliklərdən ən çox təsirlənə biləcək ölkələrdən biri isə Azərbaycandır:
“İranın Rusiya və Çinlə hərbi blok qurması Azərbaycanın regional təhlükəsizlik balansını birbaşa təsir altına salacaq. Çünki bu halda İranın cənub sərhədimizdə yerləşən hərbi kontingenti güclənəcək, ehtimal ki, Rusiyanın texniki dəstəyi ilə yeni raket və hava hücumundan müdafiə sistemləri Tehrana veriləcək. Bu isə Azərbaycanın cənub sərhədində qeyri-sabitlik riskini artırır”.
Kamran Məmmədli vurğulayıb ki, İranın Qafqazda son illərdə artan aktivliyi, xüsusilə də Zəngəzur dəhlizi ətrafında sərt mövqeyi bu prosesin fonunda daha təhlükəli forma ala bilər: “İran artıq Zəngəzur dəhlizi məsələsində açıq təhdid dili ilə danışırdı. İndi isə onun arxasında Rusiya və Çin kimi iki nüvə dövləti dayanacaqsa, Tehran Cənubi Qafqazda daha sərt və arxayın siyasət yürüdə bilər. Bu isə Azərbaycanın milli maraqları üçün əlavə təzyiq deməkdir”.
O əlavə edib ki, bu vəziyyət Azərbaycanın xarici siyasətində balanslaşdırmanı çətinləşdirəcək: “Bakı bir tərəfdən Qərb və İsraillə strateji tərəfdaşlığını davam etdirir, digər tərəfdən Rusiya və İranın Cənubi Qafqaz planlarına qarşı həssas qalmalıdır. Əgər İran tam şəkildə Rusiya və Çin orbitinə girərsə, Azərbaycana qarşı daha çox diplomatik, informasiya və hətta asimmetrik təzyiqlər arta bilər. Xüsusilə cənub sərhədimizdə yeni təhlükələr ortaya çıxacaq”.
Kamran Məmmədlinin fikrincə, Azərbaycan bu vəziyyətdə öz müdafiə qabiliyyətini gücləndirməli və Türkiyə ilə hərbi-strateji ittifaqını daha da dərinləşdirməlidir: “İran-Rusiya-Çin bloku qarşısında yeganə balanslayıcı faktor Türkiyədir. Azərbaycan Ankarayla Şuşa Bəyannaməsi əsasında müdafiə və texnoloji əməkdaşlığı genişləndirməli, NATO və Avropa ilə münasibətləri də gücləndirməlidir. Əks halda, regiondakı yeni güc düzəni bizim maraqlarımıza ciddi təhdid yarada bilər”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ