İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə səfirlik açmaq zamanı - Təl-Əvivdən Prezidentə gələn məktubdakı o cümlə...

Yəhudi prezident azərbaycanlı həmkarına məktubunda Azərbaycanın İsraildə səfirliyinin açılmasına ümid bəslədiyini yazıb, bu baş versə, Türkiyə-İsrail-Azərbaycan əməkdaşlığı daha da inkişaf edə bilər; deputat: “Gələn ilə nəzərdə tutulub, səfirliyin açılması digər ölkələrlə münasibətlərə mənfi təsir etməyəcək”

Son günlər Azərbaycanla İsrail arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində ciddi hərəkətlilik nəzərə çarpır. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, qarşılıqlı səfərlər nəticəsində imzalanmış sənədlər Azərbaycan-İsrail münasibətlərində yeni və daha möhkəm təməllərə söykənən mərhələnin başlandığını göstərir. Bunu həftəsonu İsrail prezidenti İshaq Hersoqun azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktub təsdiqləyir.

Məktubda Azərbaycanın İsraildə səfirlik açmasının zamanının yetişdiyinə də işarə edilir. Sitat: “...İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir. Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”.

İsrail Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. İki ölkənin diplomatik münasibətləri 1992-ci il aprelin 6-da qurulub. Bakıda İsrail səfirliyi olsa da, hələ də İsraildə Azərbaycan səfirliyi yoxdur. Digər önəmli məqam Azərbaycanın İsraillə strateji tərəfdaş olmasıdır. Azərbaycan İsrailə böyük həcmdə neft satır. Bakı Qərbdən ala bilmədiyi müasir silahları məhz İsraildən alır. Ümumiyyətlə, beynəlxalq məsələlərdə zaman-zaman İsrailin dəstəyini görürük. İllərdir belə bir iddia var ki, Azərbaycan İsraildə səfirlik açsa, İran və ərəb ölkələri ilə münasibətlər mənfiyə doğru gedər, hətta Türkiyənin də xoşuna gəlməz.

Amma bəzi ərəb ölkələrinin özlərinin İsraildə səfirlikləri var, BƏƏ-ni, Misiri, İordaniyanı misal göstərə bilərik, İsrail prezidenti Ankaraya səfər edib, Tehrana gəldikdə isə Ermənistanın İsraildə səfirliyinin olmasına heç bir etirazı olmayıbsa, Bakının bu addımına niyə qıcıqlanmalıdır? İran Ermənistanla strateji tərəfdaşdır. Ekspertlərə görə, strateji əməkdaşlıq baxımından İsraildə Azərbaycan səfirliyinin açılması zəruridir. Bu, iki ölkə arasında tərəfdaşlığı daha da yüksək səviyyəyə qaldıra bilər. Bəs bizim ekspertlər nə düşünür: Azərbaycanın İsraildə səfirlik açmasının zamanı yetişibmi?

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, İsraildə səfirliyimizin açılması istiqamətində işlər aparılacaq və gələn il üçün bu planın reallaşması nəzərdə tutulub. A.Mollazadənin sözlərinə görə, Azərbaycanın İsraillə münasibətləri çoxşaxəlidir və daha da genişləndirilməsinə ehtiyac var: “Səfirliyin açılması iki ölkə arasında əlaqələrin inkişafına, imkanların genişlənməsinə dəstək ola bilər. Ona görə indiyə qədər səfirliyin niyə açılmaması səbəblərini bir kənaraq qoyaraq bu addımı atmaq lazımdır. Azərbaycanın bir ölkə ilə əlaqələri heç zaman digər ölkə ilə münasibətlərə təsir etmir. Azərbaycan qarşılıqlı maraqlar və əməkdaşlıq əsasında iş aparır. Ona görə əminəm ki, İsraildə səfirliyin açılması digər ölkələrlə münasibətlərə mənfi təsir etməyəcək”. Deputat vurğuladı ki, bir çox ərəb ölkələrinin İsraildə səfirliyi açılıb və qarşılıqlı olaraq bu proses genişlənməkdədir: “Azərbaycan da bu istiqamətdə işlər aparmalıdır və Tel-Əvivdə səfirliyin olması qarşılıqlı əlaqələr üçün əhəmiyyətlidir”.

Türk Dövlətləri Birliyi hərbi, iqtisadi və siyasi sahələrə daha çox önəm  verəcək" - TURAN RZAYEV

Turan Rzayev

Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, başda ABŞ olmaqla, bir çox ölkələr Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi istiqamətində qərarlar qəbul edib: “Ancaq hesab etmirəm ki, rəsmi Bakı belə bir addım atsın. Məsələ ondadır ki, Azərbaycan da müsəlmanlıq çoxluq təşkil etdiyi bir ölkədir və Qüds məsələsində həssas insanların sayı kifayət qədərdir. Digər tərəfdən, rəsmi Bakı Türkiyə faktoruna görə heç vaxt səfirliyi Qüdsdə açmaz. Bu mənada mümkündür ki, Azərbaycanın İsraildəki səfirliyi məhz Təl-Əvivdə açılsın”.

Təhlilçi hesab edir ki, rəsmi Bakının bu illər ərzində İsraildə səfirlik açmamasının bir sıra səbəbləri var: “Bunlardan biri də İran faktorudur. Rəsmi Tehran Azərbaycan-İsrail münasibətlərini hər zaman özü üçün potensial təhdid görüb. Azərbaycan isə öz növbəsində Qarabağ problemi ilə əlaqədar İsraillə İran arasında hər zaman balans siyasəti yeritməyə məcbur olub”.

Ekspertin fikrincə, Azərbaycanın İsraildə səfirlik açması Ankaranın da maraqlarına uyğundur: “Ümumiyyətlə, Türkiyə ilə İsrail arasında gərginliyin olduğu bir dövrdə belə Azərbaycan iki ölkə arasında uzlaşmanın əldə edilməsinə səy göstərib. Rəsmi Bakı Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşması istiqamətində əlindən gələni edib. Bu gün də davam edir. Hesab edirəm Türkiyə İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafı baxımından Azərbaycanın İsraildə açacağı səfirlik mühüm əhəmiyyət kəsb edir. Türkiyə hazırda regionda enerji daşıyıcısı ölkə olmaq niyyətindir. İsrail də öz növbəsində ”Tamar" və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı var".

T.Rzayev deyir ki, bunu Ankara da yaxşı bilir: “Türkiyə onu da bilir ki, o, enerji ölkəsi deyil. Əksinə, Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Ankara ”EastMed" qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə, onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir. Bütün bunların baş verməsində ən önəmli məqam isə Azərbaycanın İsraildə səfirlik açmasıdır. Bu baş versə, regionda Türkiyə-İsrail-Azərbaycan strateji iqtisadi əməkdaşlığı daha da inkişaf edə bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR