Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu Rusiyanın Suriyadakı hərbi mövcudluğunu müzakirə etmək üçün hərbi katibi Roman Qofmanı Moskvaya göndərib və İsrail rəsmisi Rusiyanın paytaxtında bir sıra görüşlər keçirib.
“Yedioth Ahronoth” qəzeti İsrailin Suriyanın zəif qalmasını istədiyini və Rusiyanı bölgədə dominant güc olan Türkiyədən üstün tutduğunu yazıb. “İsrail faktiki olaraq açıq şəkildə tərəf seçir: rusları türklərdən üstün tutur və mahiyyətcə Ankaranı Suriyadan sıxışdırmağa çalışır”, - İsrail nəşri bildirib.
Məlumatda qeyd edilib ki, İsrail Türkiyənin Suriyada hərbi bazalar qurması, Suriya ordusuna təlim keçməsi və ölkənin hava məkanına nəzarət etməsini istəmir.
Fevralın 28-də “Reuters” İsrailin ABŞ-dan Rusiyanın Suriyadakı hərbi bazalarının saxlanılması üçün addımlar atmasını istədiyini iddia etmişdi. Agentliyin yazdığına görə, İsrail bunu Türkiyənin Suriyada möhkəmlənməsinin qarşısını almaq üçün istəyir.
İsrail bu prosesi Rusiya ilə münasibətləri ilıqlaşmaqda olan ABŞ-ın dəstəyi iləmi irəli aparır? Azərbaycanın iki strateji müttəfiqinin Suriya maraqlarını uzlaşdırmaq üçün Bakı nə edə bilər?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Roman Qofman Netanyahunun etibarlı adamlarından biri hesab olunur. Qofman əvvəllər də dünyanın müxtəlif ölkələrinə həssas missiyalarla səfər edib və onun Moskva təyinatına seçilməsi həm də rus dilini bilməsi ilə əlaqəlidir: “Məlumdur ki, Qofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub və on dörd yaşında, 1990-cı ildə SSRİ-nin dağılması ərəfəsində İsrailə köçüb.
İndi Qofmanın səfərində məqsəd həm HƏMAS-la danışıqların kəsilməsi fonunda Rusiyanın dəstəyini almaq və hələ də HƏMAS-ın əlində olan girovların azad edilməsinə kömək istəmək, həm də Suriyadakı vəziyyət fonunda təhlükəsizlik sahəsində Rusiya ilə əlaqələr qurmaq istəyidir".
Politoloq qeyd etdi ki, Netanyahu Suriyada Rusiyanın hərbi mövcudluğunu saxlamaqda maraqlıdır və Rusiyanı Dəməşqdəki keçid hökumətinə əsas təsir gücünə malik olan Türkiyənin qarşısını ala biləcək güc olaraq görür: “Rusiyanın nəzarətində olan Latakiya və Hmeymimdəki bazalarının Türkiyənin təsir dairəsinə düşməsindən çəkinən İsrail tərəfi bu narahatlığını Vaşinqtona da çatdırıb. Məlumdur ki, bu məsələ İsrail baş nazirinin nümayəndələrinin Vaşinqtonda görüşündə müzakirə olunub. Rusiyanın dəstəyini ala bilmək üçün İsrail müvafiq addımlar da atıb artıq. Bir müddət əvvəl BMT Baş Assambleyasında ABŞ-la birlikdə Ukraynanı dəstəkləyən qətnamənin əleyhinə səs verməsi də bunun əyani sübutudur. İsrail təkcə Rusiya ilə deyil, hətta Bəşər Əsəd tərəfdarları olan druzlarla belə müttəfiqlik əlaqələri qurmaqda maraqlıdır. Bir neçə gün əvvəl Netanyahunun ofisi Suriyada rejimin druzlara hücum etməsinə icazə verməyəcəyini deyib, bildirib ki, rejim druzlara hücum etməyə cəsarət etsə, İsrailin cavabı ilə qarşılaşacaq. Bununla da İsrail mövqeyini ortaya qoyub”.
Y.Bağırzadənin sözlərinə görə, İsrailin bu addımları ABŞ-ın dəstəyi ilə atıb-atmadığını indidən söyləmək çətindir: "Hər şey ABŞ və Rusiya arasında danışıqlarda hansı nəticələrin əldə olunacağına bağlıdır. Əgər ABŞ Ukrayna məsələsində Rusiyaya güzəştə gedərək Yaxın Şərqdən uzaq durmaqla bağlı bazarlıq aparacaqsa, o zaman Rusiyanın Yaxın Şərqdə və xüsusilə də Suriya ərazisində yenidən aktivləşməsi mümkün olmayacaq. Yox, əgər ABŞ və Rusiyanın mövqeyi Ukrayna kimi Suriyanın da bölüşdürülməsi istiqamətində olacaqsa, o zaman İsrailin Rusiya ilə bu istiqamətdəki danışıqlarında hansısa addımlara şahidlik edəcəyik".
Y.Bağırzadə düşünür ki, istənilən halda Suriyadakı mövcud vəziyyət elədir ki, Türkiyəyə qarşı hansısa həmlələrin olması həm də mövcud Suriya hakimiyyətinə qarşı dayanmaq demək olacaq: “Bu isə uzun illərdən sonra əldə edilmiş nailiyyətlərin heçə endirilməsinə və növbəti ağır müharibələrə gətirib çıxara bilər”.
Həmsöhbətimizin fikrincə, Azərbaycan təbii ki, Türkiyə və İsrail arasında münasibətlərin daha da gərginləşməsində maraqlı deyil: “Hər iki ölkə ilə kifayət qədər yaxşı əlaqələrimizin olması bu istiqamətdə vasitəçi qismində çıxış etməyə imkan verir. Düşünürəm ki, belə bir vasitəçiliyə ehtiyac olacaqsa, Azərbaycan bunun öhdəsindən kifayət qədər uğurlu şəkildə gələ bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ