Onlayn ictimai-siyasi qəzet
İsrail Silahlı Qüvvələri bu gecə ( 25 avqusta keçən gecə) Livan Hizbullahına qarşı hərbi əməliyyata başlayıb. İsrail Müdafiə Qüvvələrinin (İMQ) məlumatına görə, hərəkat önləyici xarakter daşıyır. “Əgər biz bu hücuma başlamasaydıq, Livan Hizbullahı yarım saat ərzində İsraili raket yağmuruna tutacaqdı” - İMQ hücumları belə əsaslandırıb.
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus 100-ə yaxın qırıcı təyyarə İsrailin şimal və mərkəzinə zərbə endirməyə hazırlaşarkən Livanın cənubunda 6000-ə qədər raket buraxılış qurğusunu məhv edib”, - İsrail MN bildirib.
İsrailin baş naziri Binyamin Netanyahu da Təl-Əvivdə keçirilən Təhlükəsizlik Şurasının iclasının əvvəlində hərəkatın preventiv xarakter daşıdığını iddia edib:
“Bu səhər Hizbullahın İsrailə qarşı hücum hazırladığını aşkar etdik. Müdafiə naziri və Baş Qərargah rəisi ilə məsləhətləşmələrdən sonra orduya bu təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı zərbə endirilməsi barədə göstəriş verdim”.
Netanyahu sözlərinə belə davam edib: “Ordu təhdidləri aradan qaldırmaq üçün intensiv işləyir. Qüvvələrimiz şimalı hədəf alan minlərlə raketi məhv edib. Biz hər cür təhdidləri aradan qaldırmağa və böyük hücum və müdafiə qüvvəsi ilə işləməyə davam edəcəyik”.
İsrail baş nazirinin sözlərindən də göründüyü kimi, Təl-əviv bu gün başlatdığı əməliyyatları yaxın günlərdə tamamlamaq fikrində deyil. Bəs, bu əməliyyatın bütünlüklə Yaxın Şərqə yayılmaq ehtimalı varmı?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bu gün başlayan hərbi əməliyyatların əslində keçən ilin 6 oktyabrında HƏMAS-ın İsrailə səs-küylü hücumu ilə başlayan “İranı budama əməliyyatı”nın yeni mərhələsi adlandırıb:
“Bilirsiniz ki, İran Yaxın Şərqdə özünə proksi qüvvələri yaradaraq regional hegemoniyasını bərqərar etmək istəyirdi. Bu müəyyən dövrlər üçün İsrailə və ABŞ-a lazım idi, deyə Tehranın xətrinə dəymir, əksinə məzhəb müharibələrini qızışdırması üçün onu həvəsləndirirdilər. Nəticədə ərəb ölkələri üzərində Demokl qılıncı yaradıb özlərinə tabe etdirirdilər. Lakın ABŞ-ın və İsrailin Yaxın Şərqdə apardığı bu siyasət istər-istəməz ərəb ölkələrini narazı salır, onları başqa qütblərə meyllənmək məcburiyyətində qoyurdu. Xüsusilə də Çinin yeni güclü beynəlxalq aktor kimi ortaya çıxması ilə Yaxın Şərq ölkələri Pekinə pənah aparmağa başlamışdılar.
Bunun qarşısını almaq üçün ABŞ yeni strategiya ortaya atdı. Tramp hakimiyyəti dövründə İbrahim sazişi adlanan bu strategiyanın əsas hədəfi İsraillə ərəb ölkələrini İrana qarşı birləşdirmək və yəhudi dövlətinin təhlükəsizlik məsələsini kökündən həll etmək idi. Məhz bu səbəbdən də 2020-ci ilin ilk günlərində Trampın əmri ilə İran SEPAH-nın xarici ölkələrdə xidmət edən Qüds qüvvələrinin komandiri Qasim Süleymani və İraq Həşdi Şabi qüvvələrinin bir neçə hərbi lideri Bağdadda hava hücumu nəticəsində öldürüldü. Qasim Süleymaniyə qarşı keçirilən bu əməliyyat əslində şərti olaraq “İranı budama hərəkatı” adlandırdığımız genişmiqyaslı əməliyyatların ilk addımı idi”.
Heydər Oğuzun fikrincə, hakimiyyətə Co Baydenin gəlməsi ilə bu əməliyyat müvəqqəti olaraq təxirə salındı: “Baxmayaraq ki, zaman-zaman İsrail qüvvələri İranın strateji hərbi obyektlərinə zərbələr endirir, nöqtə atışları ilə bəzi önəmli şəxsləri aradan götürürdü. İsrailin yenidən “İranı budama hərəkatı”na qayıtması isə HƏMAS-ın ötən il 6 oktyabr tarixində həyata keçirdiyi “Qüds Fırtınası” əməliyyatından sonraya təsadüf edir. HƏMAS-ın bu səhvini bəhanə edən İsrail Qüdsü bombardman edərək tamamilə Fələstinsizləşdirmə siyasətinə başladı. Əksər dünya dövlətləri İsrail və Fələstin arasındakı gərginliyi aradan qaldırmağa çalışsa da, Təl-əviv əlinə düşən fürsəti fövtə vermək istəmədi. Nəticədə atəşkəs və sülh danışıqlarında Fələstin tərəfini təmsil edən İsmayıl Haniyəni Tehranda sui-qəsdlə ortadan qaldırdı. Bununla da əslində Qəzzanı Fələstinsizləşdirmə siyasətini davam etdirəcəyinin siqnalını verdi. Haniyənin yerinə 6 oktyabr hadisəsini törədən Yəyha Sinvarın gətirilməsi də İsrailin əlini gücləndirir. Bu o deməkdir ki, İsrail Qəzzanı tamamilə ələ keçirənədək bu cəbhədə müharibədən vaz keçməyəcək”.
Heydər Oğuz xatırlatdı ki, İsmayıl Haniyə ilə eyni gündə Livanın cənubunda Hizbullahın hərbi məsələlər üzrə komandanı Fuad Şükür də öldürülmüşdü: “Fuad Şükürə qarşı sui-qəsdlə Təl-əviv faktiki “İranı budama hərəkatı”nın üçüncü mərhələsinə keçiləcəyini bəyan etmişdi. O sadəcə düşünürdü ki, bu qalmaqallı hücumlarla İranı və Hizbullahı müharibəyə cəlb edə biləcək. Beləcə, ABŞ və Qərb dövlətlərinin dəstəyini alaraq problemi tamamilə ortadan qaldıracaq. İran isə Qumdakı Cəmkəran məscidində qisas bayrağı qaldırsa da strateji səbr xəttini seçdı. Aşdı, coşdu, amma hər hansı konkret addım atmadı. Nəticədə İranın dərin yuxudan oyanmayacağını görən İsrail özü hərəkətə keçdi. Hizbullahın hücuma hazırlaşdığını bəhanə edərək Livana saldırdı. Bu zamanadək İsraildən qisas alacağını dəfələrlə bəyan edən Hizbullah isə hər hansı əməliyyata hazırlaşdığını inkar edə bilmədi. Əksinə, həqiqətən də belə bir planı gözdən keçirdiyini bildirdi. Çünki əksini deyə bilməzdi. Əks halda, bütün tərəfdarlarını itirərdi”.
Hizbullahın HƏMAS olmadığını, 2006-cı ildə İsraillə savaşda ciddi uğurlar əldə etdiyini bildirən Heydər Oğuz savaşın bu mərhələsinin daha çətin olacağına inanır: “Çünki Suriya savaşı Hizbullahı daha da gücləndirib. Həm Suriyada hərbi təcrübə keçib, həm də güclü artilleriya silahları ilə öz arsenalını böyüdüb. HƏMAS-dan fərqli olaraq Livanın cənubunda daha dərin və möhkəm tunellər, istehkamlar inşa edib. Bütün bunlar, təbii ki, onun müdafiə imkanlarını artırır. Amma İsrail də 2006-cı ildəki hazırlıqsız savaşa girən ölkə deyil. O da bu müddət ərzində böyük savaşlara hazırlaşıb. Üstəlik, ABŞ da öz hərbi gəmilərini, ən güclü döyüş təyyarələrini regiona göndərib. Bu isə o deməkdir ki, savaşın miqyası böyüsə, ABŞ hərbi texnikaları da prosesə müdaxilə edəcək.
Digər tərəfdən, İsrailin əlində Livanı vətəndaş müharibəsinə sürükləyən alətlər də var. Livanın etnik və məzhəbi xarakteri onu rahatlıqla bir neçə yerə bölməyə və bir-biri ilə savaşmağa təhrik edə bilər. Livanda 1975-ci ildə başlayıb 1990-cü illərə qədər davam edən və 100 minlərlə insanın ölümünə yol açan vətəndaş müharibəsini meydana gətirən problemlər həllini tapmayıb. 2006-cı ildən fərqli olaraq, ərəb dünyası da artıq Hizbullahı dəstəkləmir. Əksinə, onu İranın proksisi olaraq görür və İsraillə yaxınlaşıb İbrahim sazişini reallaşdırmağa çalışır. 2006-cı ildə Livan ordusu yox səviyyəsində idi. İndi isə ABŞ və Qərb dövlətləri onu da gücləndirib. Ən əsası Livanın xristian əhalisi də ölkədə yaşananlardan xeyli narahatdır. Livan qurulanda əhalinin önəmli kəsimi xristian idi və bu səbəbdən o, xristian dövləti sayılırdı. Ölkə prezidentinin mütləq xristianlardan seçilməsi ənənəsi də məhz o illərdən qalıb. İndi isə fələstinlilərin müharibədən qaçıb bu ölkəyə sığınması Livanın dini xarakterini dəyişdirib, onu müsəlman ölkəyə çevirib. Yeni bir müharibə xristianların daha çox Livanı tərk etməsi ilə nəticələnə və beləcə, onun xristian kimliyi tamamilə məhz ola bilər. Bütün bu amillər sözsüz ki, Livanın dirəniş gücünü zəiflədir və onu vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyur. Zira Livan əhalisi ərəb dünyası tərəfindən dəstəklənməyən müharibənin çıxmasında İrana bağlı Hizbullahın aşırı siyasətinin önəmli rol oynadığına inanırlar. Onların fikrincə, Hizbullahın bu tutumu İsrailə “gəl-gəl” deməkdən başqa bir şey deyil və nəticə etibarilə sionizmin öz sərhədlərini Livan torpaqları hesabına genişləndirməsinə xidmət edir”.
Heydər Oğuz İsrail-Livan müharibəsi genişlənərsə, İranın Hizbullahı yetərli səviyyədə dəstəkləyəcəyinə də inanmır: “İran başa düşür ki, əsl hədəf odur və səbrsizlik edib cızığından çıxarsa, ABŞ və Qərb dövlətləri tərəfindən ağır şəkildə cəzalandırılacaq. Özü də bu cəzalandırma sadəcə konvansional xarakterlə də məhdudlaşmaya bilər. Ötən gün ABŞ Hərbi Hava Qüvvələrinin nüvə silahı daşıyan B-2A Spirit strateji bombardmançı təyyarələri Hind okeanında, İran sahillərindən cəmi 3000 kilometr aralıda yerləşən Dieqo Qarsiya adasına endi. Bu isə o deməkdir ki, ABŞ İrana nüvə zərbəsi endirmək barədə də düşünür. Sözsüz ki, İran bu cür riskləri gözə ala bilməz”.
İranın hər tərəfdən əl-qolunun bağlandığına inanan Heydər Oğuzun fikrincə, hazırda bu vəziyyətdən faydalanıb “onun budanması hərəkatı”na start verilib: “Söhbət “şiə hilalı” adlanan ərazilərdə İrana bağlı proksilərin tamamilə sıradan çıxarılması imkanlarından gedir. Məncə, Livan hərəkatı bu əməliyyatın sadəcə üçüncü mərhələsidir. Dördüncü mərhələdə biz Yəmən husilərinin zərərsizləşdirilməsi ilə tanış ola bilərik. Beşinci mərhələdə sıra İraq Həşdi-Şabilərinə gələcək. Yaxın Şərqdə tamamilə budanan İran sonuncu mərhələdə SEPAH-dan vaz keçməli olacaq. Təsadüfi deyil ki, ABŞ bu ordunu terrorçular siyahısına salıb və zaman-zaman İran yetkililəri qarşısında SEPAH-ın tamamilə buraxılmasını tələb edir. İran bu islahatlara getmək məcburiyyətindədir, əks halda ABŞ-ın birbaşa müdaxilələri ilə üzləşəcək”.
Uzun illər ABŞ-ın sanksiyalarına məruz qalan və xalq arasında öz nüfuzunu itirən İran rejiminin bu təzyiqlərə duruş gətirəcəyinə inanmayan Heydər Oğuz son zamanlar cənub qonşumuzda başlayan prosesləri də “islahata hazıram” siqnalı kimi qavrayır: “Məncə, Azərbaycan əsilli Məsud Pezişkiyan da məhz bu səbəbdən prezident vəzifəsinə gətirilib və İran tədricən dönüşüm prosesinə başlayacaq. Bunun üçün də öz proksilərini ABŞ və İsrailə qırdırmaq onun da işinə gəlir. Bir sözlə, İran yeni mərhələyə, obrazlı desək, sünnətlənərək qədəm qoymaq ərəfəsindədir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ