İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-HƏMAS davası nefti bahalaşdırır - ekspert şərhi 

İlham Şaban: “Belə münaqişələrin bazara təsiri adətən qısamüddətli olur”

Oktyabrın 7-də terrorçu HƏMAS qruplaşmasının İsrail ərazisinə qəfil hücumu ilə tərəflər arasında başlanan hərbi əməliyyatlar davam edir. Tezliklə İsrailin HƏMAS-a qarşı quru əməliyyatlarına başlaması gözlənilir. Hər iki tərəfdən itkilərin sayı 1200-ü keçib.

“The Guardian” yazır ki, münaqişə dünya iqtisadiyyatına təsirlərini göstərməyə başlayıb: neft, qızıl bahalaşıb. Dolların məzənnəsi də möhkəmlənib: geosiyasi gərginlik və vəziyyətin inkişafı üçün etibarlı proqnozların olmaması şəraitində investorlar qiymətli metallar və ABŞ valyutası kimi  “təhlükəsiz” aktivlərə investisiya qoymağa üstünlük verirlər.

Bu arada, İsrailin dövlət bankı şekelə dəstək məqsədilə 30 milyard dollar satış elan edib. Çünki ölkədə hərbi əməliyyatların başlanmasından sonra milli valyutanın məzənnəsi səkkiz ilin ən aşağı səviyyəsinə düşüb.

Müşahidəçilərin yekdil rəyinə görə, 1973-cü ilin oktyabrından bu yana İsraillə Fələstin arasında hələ bu geniş miqyasda hərbi toqquşma baş verməmişdi. Və bir çox ekspertlər münaqişə davam edəcəyi və genişlənəcəyi təqdirdə dünya xammal bazarlarında, xüsusilə neft bazarında qiymətlərin daha kəskin bahalaşacağı qənəatindədir.

Qeyd edək ki, artıq həftənin ilk günü dünya bazarında qızıl və neftin bahalaşması ilə başlayıb. Londonun “ICE Futures” əmtəə birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 5,2 faiz artaraq pik həddində bir barel üçün 88,99 dollara satılıb. Daha sonra qiymətlər korrektə olunaraq 86-87 dollar civarında sabitləşib.

Beləliklə, neft qiymətləri ötən həftənin itkilərinin bir hissəsini bərpa edib: ötən həftə Brent markalı neft 11,3 faiz ucuzlaşmışdı ki, bu da qiymətlərin cari ilin martından bəri ən əhəmiyyətli azalması idi.

Ötən həftə ərzində Azərbaycan nefti - “Azeri Light”ın (CIF) 1 barelinin orta qiyməti 94,616 dollara bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 5,97 dollar və ya 5,94 faiz azdır.

Hazırda bütün bazar iştirakçılarını maraqlandıran əsas sual budur ki, İsrail və HƏMAS arasındakı müharibə neft qiymətlərinə necə təsir edəcək? Tarixi təcrübə göstərir ki, Yaxın Şərqdəki müharibələr neft qiymətlərinə kəskin artırıcı təsir göstərir. 1973-cü ildə Ərəb-İsrail müharibəsi dövründə neft dəfələrlə bahalaşdı, üstəlik, əsas ixracatçılar bazara məhsul çıxışını dayandırdılar. 1990-cı ildə Fars körfəzindəki müharibə neft qiymətlərini 240 faiz, 2003-cü ildə İraqdakı müharibə 45 faiz, 2011-ci ildə Liviyadakı müharibə isə 40 faiz bahalaşdırdı. Lakin az sonra qiymətlər yenidən əvvəlki məcrasına qayıtdı.

"Bloomberg" ekspertlərinə görə, indiki münaqişəni 1973-cü ildəki ilə müqayisə etmək mümkün deyil. Əvvəla, ona görə ki, 1973-cü ildə müharibə Ərəb dövlətləri ilə İsrail arasında idi. Nəticədə bölgənin neft ixracatçıları müharibəyə cəlb olundu və dünya bazarına tədarüklər kəskin azaldı. İndi isə hərbi əməliyyatlar bilavasitə İsraillə HƏMAS arasında gedir, neft ixracatçıları olan bölgə dövlətlərinin heç biri münaqişəyə cəlb olunmayıb. Bu şəraitdə Səudiyyə Ərəbistanı və BƏƏ ehtiyat imkanları ilə qiymətlərin kəskin artımının qarşısının alınmasında iştirak edə bilərlər. Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanı münaqişə başlanan ərəfədə 2024-cü ilin əvvəlində qiymətlər kəskin bahalaşacağı təqdirdə bazara əlavə həcmlər çıxarmaqla bağlı ABŞ-la razılığa gəlmişdi. Bununla bağlı məlumatı “The Wall Street Journal” qəzeti yaymışdı. Həmin yazıda o da qeyd olunurdu ki, Ər-Riyad neft ixracını artırmaqdan əlavə, İsrail dövlətini tanımaq öhdəliyi də götürüb. Bütün bunların müqabilində isə ABŞ-dan təhlükəsizliyin təmini, müdafiə və sülhməramlı nüvə proqramına dəstək, həmçinin silah tədarükü üçün yaşıl işıq alınmalıdır.

“The Wall Street Journal” yazır ki, amerikalı rəsmilər Səudiyyə Ərəbistanına yüksək yanacaq qiymətləri fonunda Ağ Evin onunla əməkdaşlıq üçün Konqresdən razılıq almasının daha çətin olacağını bildiriblər. Buna görə də Vaşinqtonun bazara xammal istehsalı və tədarükünün artırılmasına, qiymətlərin yüksəlməməsinə ehtiyacı var. Səudiyyə rəsmiləri istehsalla bağlı istənilən qərarın bazar şərtlərindən təsirlənəcəyini qeyd ediblər: Ər-Riyad qiymətlər kəskin bahalaşıb dünyada inflyasiyanı yenidən sürətləndirməklə qlobal iqtisadi artıma mənfi təsir edəcək həddə çatarsa, hasilat və ixracı artıracağını bəyan edib.

İsraillə HƏMAS  arasında başlanan müharibə bu planın icrasına çox mənfi təsir göstərəcək. Çünki ərəb dövlətləri hər nə qədər HƏMAS-ın vəhşiliklərinə açıq dəstək verməsələr də, İsraili müdafiə də etmirlər. Müharibə davam edərək genişlənərsə, Ər-Riyadın İsraili dövlət kimi tanıması ən azı yaxın bir neçə il ərzində qeyri-mümkün hala gələcək. Digər tərəfdən, əgər HƏMAS-ın hücumunda İranın iştirakı təsdiqlənərsə, bu amil ABŞ, Avropa və İsrailin Tehrana qarşı bu və ya digər addımlar atmasına səbəb olacaq. Belə şəraitdə Səudiyyə Ərəbistanının İranla münasibətləri normallaşdırmaq üçün başladığı dialoqun davam etdirilməsi də çətinliklərlə üzləşəcək.

İranın HƏMAS-a İsrailə hücum üçün dəstək verdiyi təsdiqlənərsə, bu, neft bazarına da mənfi təsir edəcək. Son vaxtlar ABŞ qiymət artımının qarşısını almaq üçün İranın neft ixracını artırmasına göz yumurdu. Tehran bundan istifadə edərək ixracı iki dəfəyə yaxın artırmışdı. Bu artımdan əldə edilən gəlirlərin HƏMAS-ın təminatı üçün sərf edildiyinin aşkarlanması ABŞ-ın İran neftinin bazara yolunu yenidən kəskin şəkildə məhdudlaşdırması labüd olacaq. Digər tərəfdən, Tehranın terror qruplaşmasına dəstəyinin sübutu İsrailin ona qarşı lokal da olsa hərbi əməliyyatlara başlamasına gətirib çıxara, bu isə Hörmüz boğazından bazara neft daşınmasının dayanması ilə nəticələnə bilər. Üstəlik, İran regionda ABŞ-ın müttəfiqləri olan neft ixracatçılarının hasilat nöqtələrinə zərbə də endirə bilər: vaxtilə Səudiyyə Ərəbistanının neft obyektlərinə təşkil edilən hücumlar kimi.

Yaxın Şərqdən neft ixracının azalması, yaxud dayanması fonunda bazara məhsul tədarükünü artırmaq imkanları Venesuela, Rusiya və ABŞ-dadır. Venesuela artıq gündəlik ixracı 800 min barelə qədər artıra bilib. Yaxın həftələr ərzində ixracın artımının davam edərək, 2024-cü ilin əvvəlinə 1 milyon barelə çatdırılması nəzərdə tutulur.

Qiymətlərin yüksək olması fonunda Ukraynadakı işğalçı müharibənin maliyyələşdirilməsi problemini yaşayan Rusiyanın da hasilat və ixracı artıraraq mümkün qədər çox qazanc əldə etməyə çalışacağı realdır.

ABŞ-ın şist neft hasilatçılarının da qısa müddətdə hasilat və ixracı artırmaq imkanları mövcddur. Bundan əlavə, ekseprtlərə görə, bazarda ciddi çatışmazlıq yaranarsa, ABŞ öz strateji ehtiyatlarından bazara əlavə həcmlər buraxmaq imkanındadır. Ötənilki bahalaşma zamanı ehtiyatlardan istifadə olunan həcmlər böyük ölçüdə artıq bərpa edilib.

Bütün bunları nəzərə alan əksər ekspertlər hesab edirlər Yaxın Şərqdəki indiki münaqişə neftin qiymətini müəyyən qədər bahalaşdırsa da,  1973-cü il səviyyəsinə qədər yüksəltməyi mümkün deyil.

İlham Şaban: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır” - 20.12.2020,  Sputnik Azərbaycan

 İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, son onilliklərin  təcrübəsi göstərir ki, Yaxın Şərqdəki hərbi münaqişələrin neft bazarına təsirləri qısamüddətli olur: “Oktyabrın 7-dən başlanan HƏMAS-İsrail münaqişəsi nəticəsində bu gün (oktyabrın 10-da - red.) səhər hərraclarda neftin dekabr fyuçerslərinin qiyməti qısa müddətə 89 dollara qədər yüksəldi, daha sonra yenidən aşağı düşərək 86 dollar ətrafında hərəkət etməyə başladı. Bu münaqişədə əsas təhlükə kimi İranın HƏMAS-a real dəstək verməsinin isbatlanması, İsrail və ABŞ-ın ona qarşı addımlar kimi Hörmüz boğazından neft tankerlərinin keçidinin qarşısını almaları, yaxud onların sayını məhdudlaşdırmaları qeyd olunurdu. Lakin münaqişənin başlanmasından ötən müddətdə məlum oldu ki, İran hər nə qədər siyasi bəyanatlarla HƏMAS-ı dəstəkləsə də, bu, praktik müstəviyə keçmir. Yəni Tehran İsrailə qarşı açıq hərbi güc tətbiqi niyyətində deyil. Bu amil bazarda qiymətlərin stabilləşməsinə səbəb olur”.

Mütəxəssis deyir ki, hətta Yaxın Şərqdə münaqişə başlanmasaydı belə, 2023-cü ilin dördüncü rübünün sonlarına doğru neft qiymətlərinin bahalaşması baş verəcəkdi: “OPEK+ ölkələri hasilatın əlavə artırılmasına getmək niyyətində deyillər. Bu halda neftə artan tələbat bazarlarda qiymət artımına səbəb olacaq. Çünki qarşıdan enerjiyə, istiliyə tələbatın artdığı qış gəlir. Tələbatın artması fonunda təklifin onu dəstəkləməməsi qiymətləri artırır. Lakin hələlik iqlim şərtləri tələbatın kəskin artmasına səbəb olmur: Avropa da daxil olmaqla, Şimal yarımkürəsində hava mülayim keçir. Bu baxımdan, indilik bazarlarda iqlim şərtlərinə bağlı ciddi volatillik gözlənilən deyil. Növbəti həftələrdə bazara hansı amillərin təsirinin daha güclü olacağını isə indidən proqnozlaşdırmaq doğru olmazdı”.

Onu da bildirək ki, oktyabrın 12-də OPEK+ ölkələri nazirləri videoformatda gələn ilin mart ayı üçün hasilat planlarını müzakirə edəcəklər. Analitik mərkəzlər qərarın əvvəlcədən nəzərdə tutulduğu kimi, marta gündəlik hasilatın 400 min barel artırılması olacağını proqnozlaşdırırlar.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR