İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-Fələstin savaşı dünyanı təhdid edir - vahim proseslər başlayır

İsrail-Fələstin savaşı artıq vahim bir formaya keçib. Artıq Qəzza zolağında ölənlərin sayı 9 minə çatıb, bölgədə dəhşətli bir durum var. Hazırda Qəzza zolağının dərinliklərində HƏMAS-la İsrail ordusu arasında şiddətli döyüşlər gedir. Hərbi əməliyyatlara İsrail ordusunun quru bölmələri rəhbərlik edir.

Bu arada İsrailin baş naziri Benyamin Netanyahu əsas məqsədinin HƏMAS-la müharibə olduğunu deyib. Hökumət başçısı bunu istefasının mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib.

“İsrail Qəzza zolağında atəşkəsi nəzərdən keçirmir və Fələstinin radikal HƏMAS təşkilatına qarşı hərbi əməliyyatını davam etdirmək niyyətindədir” - Netanyahu vurğulayıb.

Bu arada Yəməndə husi üsyançıları İsrailə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiklərini təsdiqləyib. Başqa sözlə, artıq Yəmən də müharibəyə qoşulub. Habelə İran XİN başçısı HƏMAS lideri ilə görüşüb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dohaya səfəri çərçivəsində HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb. Görüşdə Abdullahiana Qəzzadakı son vəziyyət barədə məlumat verilib. Fakt bundan ibarətdir ki, müharibənin miqyası gözlənildiyindən də böyük bir şəkil alır. Əgər dərhal müdaxilələr olmazsa, çox dəhşətli bir qırğınlar, hadisələr yaşanacağı artıq görünməkdədir. Prosesə sonrakı mərhələdə qardaş Türkiyənin də zor-xoş cəlb olunma ehtimalı getdikcə artır və ən ağır bir mərhələ ola bilər. Bu prosesin sonunda nə görünür? Durdurmaq mümkün olmasa, nələr baş verəcək dünyada?

Aydın Mirzəzadə: "Tolstoy Azərbaycandan üzr istəməlidir"

Aydın Mirzəzadə: “Bu faciənin ağrısını təkcə İsrail və Fələstin xalqları deyil, bütün dünya yaşayır”

YAP-çı deputat Aydın Mirzəzadə qardaş Türkiyənin rolu ilə bu müharibədə tezliklə sülh mühitinin yaradılmasının vacibliyini vurğuladı: “İsrail-Fələstin qarşıdurması son dövrlərin ən ağır faciələrindən biri hesab oluna bilər. Bu faciənin ağrısını təkcə İsrail və Fələstin xalqları deyil, demək olar ki, bütün dünya yaşayır. Hesab edirəm ki, beynəlxalq birliyin güc mərkəzləri və nüfuzları müharibənin dayandırılması, onlar arasında olan məsələlərin dinc, sülh yolu həlli üzərində çalışmalıdırlar. Bu müharibəyə tez bir zamanda son qoyulmalıdır. Dinc yaşamaq yolu danışıqlar yolu ilə tapılmalıdır. Problemin həllində Türkiyənin iştirakı da arzuolunandır. Türkiyə hər zaman olduğu kimi, bölgələrə sülh və əmin-amanlıq, beynəlxalq hüququn işləməsi mühitini gətirir. Ümid etmək istərdim ki, qardaş Türkiyənin potensialından bu ağır problemin də həllində maksimum istifadə edilsin”.

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov: “Meydanda İsraili durdura biləcək güc görmürəm”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov müharibəni durdurmağı mümkünsüz hesab etmir: “İsraillə Fələstin arasında baş verən bu müharibə şiddətinə və miqyasının böyüklüyünə görə digərlərindən kəskin fərqlənir. İsrailin mövqeyi əvvəldən məlum idi ki, HƏMAS-ı bitirməyənədək bu müharibəyə son qoymaq mümkün olmayacaq. Təəssüf doğuran odur ki, bu qanlı müharibədə daha çox Fələstin xalqı yeni iztirab və faciələrə, məhrumiyyətlərə məruz qalır. 9 minə yaxın insan həlak olub ki, onun da çox hissəsi qadın və uşaqlardır. Müharibənin şiddəti və müddəti uzandıqca, region dövlətlərinin də bu müharibəyə cəlb edilməsi təhlükəsi hər gün artmaqdadır. Nəzərə almaq lazımdır ki, Fələstin-İsrail münasibətləri, xüsusən də, Yaxın Şərq regionu üçün bir barometrdir. Artıq Livandakı "Hizbullah" və Yəməndəki husilər, İraqdakı şiə melitanlar Fələstin tərəfdən müharibədə demək olar ki, iştirak edir. İran və Türkiyə də bu müharibəyə qoşulmağa sövq edilir. Əgər hər iki dövlət müharibə görərsə, o zaman bu, yeni səlib yürüşü olacaq. Bu da qlobal böhrana və gərginliyə səbəb olacaq. O da diqqətə alınmalıdır ki, İsrail nüvə dövlətidir və Qərbdən, ələlxüsus da ABŞ-dan hər cür dəstək alır. Prezident Bayden Konqresə İsrailə yardım üçün 41 milyard dollarla bağlı sorğu göndərib. Fikrimcə, Qərbin də məkrli planında Türkiyə və İranı münaribəyə cəlb etməklə İslam coğrafiyasını bütünlüklə əzməkdir. Müharibəni çətin də olsa qısa zamanda durdurmaq mümkündür. Bunun üçün ilk növbədə ABŞ İsrailə təzyiq etməlidir. İsrailin beynəlxalq ictimaiyyətin etirazına və BMT qətnamələrinə açıqcasına məhəl qoymamasının kökündə də ABŞ və Qərbə arxayınlıq dayanır. Qərbin bu dəstəyi olmasa, İsrail nəinki dünya ictimaiyyətinə, heç region ölkələrinə belə meydan sulaya bilməz. Digər acınacaqlı faktor da İslam coğrafiyasının pərakəndə və zəif düşürülməsidir. Məzhəb, intriqalar və ambisiyalar vacib birliyə imkan vermir. Ərəb dövlətləri demək olar ki, seyrçi mövqedədir. Diplomatik çabalar müharibəni durdurmaq üçün yetərli deyil. Əgər Çin və Rusiya faktoru dövriyyəyə girsə, çəkindirici rol oynaya bilər. İndiki halda meydanda İsraili durdura biləcək güc görmürəm. Təəssüflər olsun ki, İsrailin başlatdığı quru əməliyyatı zamanı da yeni çoxsaylı itkilər qaçılmaz olacaq”.

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub » Avrasiya.Net

Niyaməddin Orduxanlı: “Ərdoğanın çox ağıllı lider olduğunu bilirik və...”

BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı Azərbaycan tərəfinin Türkiyənin müharibəyə cəlb olunmasından ciddi narahat olduğunu qeyd etdi: “İsrail-Fələstin müharibəsinin üçüncü dünya müharibəsinə gətirib çıxaracağını düşünmürən. Söz savaşı başqadır, real müharibə başqa. İsrailin sahillərində ABŞ-ın iki böyük döyüş təyyarələri daşıyan gəmisi dayanıb. ABŞ İsrailə savaş açmaq istəyən ölkələrə ciddi zərbələr endirə bilər. HƏMAS-ın "müttəfiqləri" müharibəyə qatılmalarından daha çox ölkələrinin Qərb tərəfindən müharibəyə cəlb edilməsi təxribatlarından və buna yol verməməklə Qərbin planlarını pozduqlarından fəxrlə danışırlar. Onlar müharibəyə qatılmaq barədə yox, ondan necə qurtulmaq barədə səy göstərirlər. Bu, ağıllı siyasətdir. Dinc insanların ölümü hər bir normal insanı üzməlidir və hər birimizi üzür. Amma onların ölümündən münaqişənin daha da qızışdırılması üçün istifadə olunmamalıdır. Çünki münaqişə qızışdıqca daha çox dinc insan ölür. Liderlərin daxildə öz seçicilərinə hesablanmış ritorikası ölçülüb-biçilmiş olmalıdır. Dünyanın tarixi sübut edir ki, haqlı olub-olmamağından asılı olmayaraq özündən güclüyə müharibə elan etmək ağıllı və cəsarətli davranış deyil, təxribatdır, ya da sadəcə axmaqlıqdır. Müsəlman ölkələri Qəzzada savaşı İsraili hədələməklə yox, İsrail və ABŞ-la yaxından əməkdaşlıq etməklə dayandıra  bilərlər. Hər kəs çox yaxşı bilir ki, üçüncü dünya müharibəsi baş versə, bu, nüvə müharibəsinə gətirib çıxara bilər. Nəticələr isə bəşəriyyət, hər kəs üçün çox faciəvi olar. Nüvə silahının çox böyük çəkindirici gücü var. Yoxsa çoxdan həmin müharibə başlamışdı, çünki 2-ci Dünya müharibəsinin ağrı-acıları, dağıntıları nəsillərin dəyişməsi ilə çoxdan yaddan çıxıb. Bizi həm də qardaş Türkiyənin bu müharibəyə qoşulmağa cəlb edilməsi narahat edir. Bəzi qüvvələr var ki, çox arzusundadır ki, Türkiyə buna cəlb edilsin və müharibənin miqyası daha da genişlənsin. Ancaq prezident Ərdoğanın çox ağıllı lider olduğunu bilirik və bütün baş verənləri düzgün qiymətləndirməyi bacarır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR