Onlayn ictimai-siyasi qəzet
Adamın adı Karles, soyadı Puçdemondur. O, separatçıdır, vətəni Kataloniyanı İspaniyadan qopararaq müstəqil dövlət etmək uğrunda çalışır.
Puçdemon bildiyimiz separatçılardan deyil, nə erməni terrorçu bölücülərə bənzərliyi var, nə PKK gerillalarına, nə də bildiyimiz, silaha sarılan, terror aktları törədən, günahsız insanların qanını axıdan millətçi-ekstremistlərə.
O, seçicilərinin iradəsi ilə siyasi liderə çevrilən, xalqın müstəqillik arzusunun şiddətini, seçicilərin yekun rəyini öyrənmək üçün referendum təşkil edən, sırf siyasi mübarizə üsulları ilə öz xalqının müqəddəratını təyin etməyə çalışan siyasi xadimdir.
Zatən, Puçdemonunun partiyası Kataloniya muxtariyyatı üzrə təşkil olunmuş parlament seçkilərinə qatılanda bütün katalon xalqı onun müstəqillik uğrunda mübarizə apardığını bilirdi. Onun partiyasının seçkilərdən seçki birincisi olaraq çıxması göstərirdi ki, katalon xalqı təkcə Puçdemonun siyasətçi kimliyinə yox, həm də onun dəstəklədiyi ideyaya səs verir. Daha sonra, 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair keçirilən referendumda xalq öz iradəsini yenidən ortaya qoydu: müstəqilliyə səs verdi.
Ancaq dünyada parçalanmaq, bölünmək istəməyən hər bir dövlət kimi, İspaniya da Kataloniyanın bu məqsədinə qarşı çıxdı və əlindəki rıçaq və resurslardan istifadə edərək Puçdemonun niyyətini puç etdi. İndi onu İspaniyada mübarizəsi puç olmuş demon (iblis), İspaniya xalqının düşməni hesab edirlər.
Hazırda Karles Puçdemonun özü Belçikaya sığınıb, silahdaşları, komandasının üzvləri isə İspaniyada həbsdədirlər. Onların sayı 300-dən çoxdur. İspaniya hökuməti onlara dair amnistiya qanunu hazırlayıb, parlament qəbul edib, amma sənəd hələ qanuni qüvvəyə minməyib. Eyni zamanda İspaniyanın hüquq-mühafizə orqanları Karles Puçemonu terrorizmə dair ifadə vermək üçün ölkəyə çağırır.
Maraqlıdır ki, Belçika Puçdemonu İspaniyaya vermir. Bəlkə də Portuqaliyada, Fransada və ya İtaliyada olsaydı, Puçdemonu saxlayar, öz ölkəsinə ekstradisiya edərdilər. Belçika isə bu işə qol qoymur. Avropada bütün siyasi dairələr bilir ki, dünyada ən bariz siyasi dustaqlar məhz Kataloniya liderləri və fəallarıdır. Ancaq Avropanın üstqurum təşkilatları İspaniyadan siyasi dustaqları azad etmək tələbi irəli sürmürlər. Ola bilər, onlar bunu səsə salmadan, qətnamə-filan qəbul etmədən edirlər.
Puçdemon haqqında son xəbər budur ki, siyasətçi İspaniya siyasətinə qayıtmaq və regional seçkilərdə iştirak etmək niyyətindədir. Lakin onun ölkəyə qayıtması təhlükəlidir: həbsinə dair order hələ də qüvvədədir, amnistiya qanunu isə hələ qüvvəyə minməyib. O, ötən ay açıqlama yayaraq, mayın 12-də keçiriləcək növbədənkənar regional seçkilərdə iştirak edəcəyini bildirib, amma hələ son qərarını verməyib.
Puçdemonun nüfuzu və populyarlığı nəzərə alınsa, onun yenidən Kataloniya rəhbəri seçilmək şansı yüksəkdir. Lakin o, seçkidə uğur qazansa, öz vəzifələrini məsafədən yerinə yetirə bilməyəcək, üstəlik, səlahiyyətlərinin icrasına başlaması üçün o, bölgənin paytaxtında and içməlidir. Puçdemon 2019-cu ilin mayında Klara Ponsati və Toni Kominlə birlikdə Avropa Parlamentinə deputat seçilib. Ancaq tərifli avropalı demokrat deputatlar onları 2021-ci ildə deputat toxunulmazlığından məhrum ediblər.
Əslində hər üç siyasətçini istənilən gün ekstradisiya edə bilərlər və halda onlar məhkəmə qarşısına çıxarılarlar. Buna yalnız İspaniya parlamentinin aşağı palatasının - deputatlar konqresinin qəbul etdiyi amnistiya qanunu mane ola bilər. Xatırladaq ki, Kataloniya separatçıları 2023-cü ilin payızında parlament seçkilərindən az sonra ölkənin baş naziri Pedro Sançeslə sazişə gedərək, amnistiya əldə edə biliblər. Qanunun qəbulunun nəticəsi o olub ki, kataloniyalı deputatlar Sançesin partiyasına dəstək veriblər və o, baş nazir olub.
Amma belə görünür ki, amnistiya qanunu yaxın gələcəkdə də qüvvəyə minməyəcək. Bu qanun Konqresdə çox çətinliklə qəbul edilib. Hələ sonrakı prosedurlar da var: birinci mərhələdə Senat qanunu Konqresə qaytara, sonra onun ləğvi üçün Ali Məhkəməyə, daha sonra isə Konstitusiya Məhkəməsinə şikayət edə bilər. Beləliklə, amnistiya qanununun may ayına kimi qüvvəyə minib-minməyəcəyi sual altındadır.
Müstəqillik istəyən kataloniyalılar üçün Puçdemon əvvəlki kimi avtoritetdir. Ancaq nəyin bahasına olursa-olsun, Madriddən ayrılmağın qızğın tərəfdarları hazırda azalıb. Artıq Kataloniyanın müstəqilliyindən söhbət getmir. Son parlament seçkilərində baş nazirin partiyası olan İspaniya Sosialist İşçi Partiyası bölgədə separatçılardan daha çox yer qazanıb. Bunu onunla izah etmək olar ki, azadlıqda Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan siyasətçi və funksioner qalmayıb, hamısı türmələrdədir.
Karles Puçdemon 1962-ci ildə Amer şəhərində anadan olub. İxtisasca jurnalistdir. 2016-2017-ci illərdə Kataloniya muxtariyyatının prezidenti olub.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ