Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 10-dan Heydər Əliyev Beynəlxalq Hava Limanından paytaxta taksi sifarişlərinə məhdudiyyət qoyulub. Bəziləri bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsində olan iki dövlət şirkətinin – “Azərbaycan Hava Yolları”nın (AZAL) və “Bakı Taksi Xidməti” MMC-nin razılığa gələrək aeroport ərazisində monopoliya yaratması kimi qiymətləndirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələni araşdırırmı? Əgər araşdırma aparılırsa, nəticə nə vaxt elan olunacaq?
Medianews.az saytı bu suallarla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə informasiya sorğusu göndərib.
Agentlikdən saytın sorğusuna cavab olaraq bildirilib ki, rəqabət qanunvericiliyinə əməl edilməsi üzrə dövlət nəzarət tədbirləri, o cümlədən araşdırma və yoxlamaların aparılmasının əsas prosedurları Rəqabət Məcəlləsində təsbit edilib: “Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən məsələ ilə bağlı aidiyyəti bazar subyektləri ilə görüşlər keçirilərək məsələnin hüquqi və iqtisadi tərəfləri müzakirə edilir. Eyni zamanda digər sahəvi qanunvericilik aktlarında təsbit olunan və beynəlxalq təcrübədə mövcud olan normalar təhlil edilir. Bu istiqamətdə rəqabət orqanının apardığı təhlillər bazar subyektlərinin davranışlarının dinamik tənzimləmə çərçivəsində formalaşdırılmasına və istehlakçı hüquqlarının qorunmasına istiqamətlənib”.
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ