İnsanlara hürriyət, millətlərə istiqlal!

“İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonası yaradılacaq”- Təbriz Əmmayev

“İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində hazırda sənaye həcmli-günəş, külək, hidro elektrik stansiyalarının tikintisi üzrə işlər davam etdirilir. Cəbrayıl rayonu ərazisində günəş elektrik stansiyasının tikintisi üzrə “BP” şirkəti ilə imzalanmış icra müqaviləsi çərçivəsində 240 meqavat gücündə GES-nın tikintisi nəzərdə tutulur”. Bunu Musavat.com-a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev deyib.

O qeyd edib ki, külək enerjisindən istifadə istiqamətində “Masdar” şirkəti ilə imzalanmış anlaşma memorandumu çərçivəsində müvafiq təhlillər aparılır: “Eyni zamanda, Kəlbəcərdə 100 meqavat gücündə külək elektrik stansiyasının tikintisi üzrə digər şirkətlərlə danışıqlar aparılır. Bəzi şirkətlər artıq bu layihəyə maraq göstərirlər.

Bundan əlavə, 4 su elektrik stansiyası artıq bərpa olunub, bunlar- 8 MVt gücə malik “Güləbird”, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik su elektrik stansiyalarıdır.

Cari ildə isə 5 kiçik su elektrik stansiyasının bərpası nəzərdə tutulur. Bu su elektrik stansiyasının təqribi gücü 27 meqavat olacaq. Növbəti illərdə digər kiçik su elektrik stansiyalarının bərpası və istismara verilməsi özəl sektorun hesabına həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə olaraq “Yaşıl Enerji Zonası” Konsepsiya sənədi də hazırlanıb. Yaponiyanın TEPSCO şirkəti cəlb olunmaqla bu konsepsiya çərçivəsində elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinə əlavə olaraq istehlakda enerji səmərəliliyi və digər kiçik güclü  yaşıl texnologiyaların tətbiqi də nəzərdə tutulur.

Qeyd edək ki, martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 230 MVT gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin 18 ay ərzində həyata keçirəcəyi layihənin ümumi dəyəri 225 milyon ABŞ dollarıdır. Ümumilikdə 550 hektar ərazidə yerləşəcək və illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək GES sayəsində 110 milyon kubmetr qaza qənaət ediləcək, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq.

Ümumilikdə 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq layihənin inşası dövründə 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR