İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad əraziləri sürətlə necə dirçəltməli?

Ekspert: “Hazırkı vəziyyətdə təcili atacağımız ilk addım sürətlə məskunlaşma aparmaqdır”

Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar tərəfindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb. Bəzi ekspertlər hesab edir ki, Ermənistanla sülh sazişi olmayınca işğaldan azad olunmuş ərazilərə  xarici və yerli investisiyanın cəlb edilməsi imkanları məhdud olacaq. Hazırda bölgədə bu istiqamətdə işlər necə gedir?

İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Dağlıq Qarabağ hələ Sovet İttifaqı dönəmində zəngin yeraltı və yerüstü təbii sərvətləri, coğrafi mövqeyinin əlverişliliyi baxımından Azərbaycan iqtisadiyyatının lokomativi rolunu oynayıb. Ərazi dəmir filizi, qızıl, civə, xrom kimi metallarla zəngindir. Ancaq buna baxmayaraq, bölgənin iqtisadiyyatı əsasən üzümçülük, ipəkçilik və heyvandarlıq olmaqla daha çox kənd təsərrüfatı sektoruna əsaslanırdı. Ümumi ifadə etsək, Azərbaycanda istehsal edilən taxılın 14,3%-i, üzümün 31,5%-i, ətin 14,5%-i, südün 17,1%-i, kərə yağının 25%-i, şərabın 35%-i, xam ipəyin 13,5%-i, yunun 19,3%-i, mineral suların 15%-i işğal altında olan ərazilərdə istehsal edilməkdəydi.

Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”

 Vüsalə Əhmədova

Hazırda kənd yerlərinin rəqəmsal transformasiya yolu ilə davamlı inkişafına nail olmaq bütün dünyada əsas diqqət mərkəzində olan bir məsələdir. Məhz bu səbəbdən də işğaldan azad olunan ərazilərdə kənd yerlərinin rəqəmsal transformasiya yolu ilə davamlı inkişafına nail olmaq prioritet təşkil edir. “Ağıllı kənd” konsepsiyasında əsas məqsəd kənd və qəsəbələri rəqəmsal texnologiyaların yardımı ilə inkişaf etdirmək və yeni nəsil kənd həyatı yaratmaqdır. Pilot layihə ilk öncə Zəngilan və Cəbrayıl rayonlarındakı bir neçə kəndi əhatə etdi. Hazırda da bildiyim qədərilə “Ağıllı kənd” və şəhər layihələri Ağdamda həyata keçirilməsi planlaşdırılır. Bu tip layihələr kifayət qədər maliyyə vəsaiti tələb edir. Kəndlərin sayı bir deyil, iki deyil, yüzlərlədir. Bu layihələrin maliyyələşdirilməsi üçün ən optimal variant start-up-ların elan edilməsi və bu sahəyə yerli və xarici investorların cəlb olunmasıdır. Bunun üçün də böyük investorlarla kənd təsərrüfatında işləyənləri bir araya gətirməklə reallaşdırılması mümkündür. Məlumdur ki, bütün dünya hazırda qida təhlükəsi ilə üz-üzədir. Torpağın ən dəyərli olduğu bir dövrdəyik. Ölkəmizin əhalisinin təxminən 45%-i kəndlərdə məskunlaşıb. Hazırkı vəziyyətdə təcili atacağımız ilk addım işğaldan azad olunan ərazilərdə sürətlə məskunlaşma aparmaqdır. 1 milyondan çox vətəndaşımız məcburi köç etmək zorunda qalıb. Ölkəmiz kənd təsərrüfatı istehsalı potensialını nəzərə alaraq quracağı siyasətlə özünə kifayət edəcək istehsal strategiyası hazırlaya və bunları davamlı dəstək mexanizmləri və stimulları ilə həyata keçirə bilər. Yaxşı olardı ki, kiçik sahibkar ailələrin, xüsusən də gənclərin cəlb olunduğu təsərrüfat sahələrinin qurulmasına da önəm verilərdi".

İqtisadçı yada salıb ki, Dağlıq Qarabağ ərazisində Sovet İttifaqı dönəmində elektronika, maşınqayırma, toxuculuq, ağac emalı və mebel istehsalı kimi sənaye sahələri də mövcud olub: “Sovet İttifaqında toplam istehsal edilən elektrotexniki avadanlıqların 5,7%-i, inşaat materiallarının 11%-i Qarabağda istehsal olunurdu. Xüsusilə Kəlbəcər və Zəngilan əraziləri zəngin təbii ehtiyatlara malikdir. Zəngilan rayonunda hesablanmış ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən "Vejneli" qızıl yatağı, ehtiyatları 6.618 min m3 olan üzlük daşı istehsalına yararlı “Oxçuçay” mərmərləşmiş əhəngdaşı yatağı, bundan əlavə, ehtiyatları 129 min ton olan “Daşbaşı-Esgurum” əhəngdaşı yatağı, ümumi ehtiyatları 28.943 min m3 olan Bartaz-I və Bartaz-II porfirit yataqları, ehtiyatları 1.102 min m3 olan kərpic istehsalına yararlı gil və 17.367 min m3 olan qum-çınqıl yataqları mövcuddur. Ancaq bölgənin 30 il işğal altında olması təbii ehtiyatları davamlı inkişafdan kənarlaşdırdı.

Bilirik ki, Kəlbəcər və Zəngilan ərazilərində yerləşən qızıl yataqları illərlə ermənilər tərəfindən istismar edilib. Bu yataqların xammalı Ermənistandakı Ararat qızıl fabrikinə daşınır və həmin fabrikdə külçə halına salınaraq Rusiya və digər ölkələrə satılırdı. Ermənistan büdcəsinin əhəmiyyətli hissəsini Kəlbəcər və Zəngilan ərazilərində yerləşən qızıl yataqlarından çıxarılan qızılın satışından əldə edilən gəlir təşkil etdirdi. Düşünürəm ki, sonrakı illərdə işğaldan azad olunun ərazilərdə, xarici investorlar cəlb edilərək təbii ehtiyatların çıxarılması və istismari üçün işlərə başlanılacaq. Bölgədə yüngül sənaye sahələrinin qurulması ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təkan verə bilər".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"  mövzusunda hazırlanıb.

Hazırladı: Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR